“Ədalət Vəliyevin bu davranışı iştirakçıların bəzilərinə siyasi mədəniyyət “dərsi” oldu” ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda təşkil etdiyi konfransı mühüm hadisə hesab edirəm”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun szölərinə görə tədbirdə ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri iştirak etdilər: “Müxtəlif mövzularda 17 çıxış oldu. Partiya sədrləri çox müxtəlif məsələlər barədə, əksər hallarda reqlamentə məhəl qoymadan öz mülahizələrini söylədilər. Bu cür tədbirlərin tez-tez, ən azı 3 ayda bir dəfə keçirilməsini təklif edənlər də oldu, tədbirin formatına etiraz edənlər də. Bəzi liderlər hakimiyyətin göstərdiyi diqqətdən o qədər “ərköyünləşdi” ki, “mənim tanımadığım adamlar nədən burada iştirak edir”, “bu cür tədbirlərdə eyni mövqedə duran partiyalar iştirak etməlidir”-kimi əsassız iddialar səsləndirməkdən, siyasi mədəniyyətə uyğun gəlməyən ifadələr söyləməkdən özlərini saxlaya bilmədilər. Konfransda 44 günlük qələbəmizdə igid əsgərimizin və müdrik Ali Baş Komandanımızın rolu xüsusilə qeyd olundu, siyasi partiyaların bundan sonra da dövlət maraqlarını hər şeydən üstün tutacaqlarına olan dərin inam dəfələrlə ifadə edildi. Parlamentdə boş olan yerlərə seçkilərin keçirilməsinin vacibliyini vurğulayan partiya sədrləri bunu Konstitusiyanın tələblərinin pozulması kimi dəyərləndirdilər”.

A.Səmədov onu da bildirdi ki, əhalinin maarifləndirilməsi istiqamətində siyasi partiya liderlərinin xüsusi rolunun olması, indiki mürəkkəb dövrdə məsuliyyətli davranmaları, kütlənin xoşuna gələn zərərli bəyanatlar verməkdən çəkinmələri zərurəti iştirakçılar tərəfindən dəfələrlə dilə gətirildi: “Müxalifət partiyalarının sədrləri hakimiyyətə yönəlmiş tənqidlərini yenə də söylədilər və bu fikirlərə Prezident Administrasiyasının rəsmi nümayəndəsi Ə.Vəliyev xüsusi diqqət və maraqla yanaşdı. Son sözü söylərkən həmin fikirlərin üzərində dayanmağı vacib saydı. Bütövlükdə hakimiyyət təmsilçisinin bəzən tədbirin mötəbərliyinə xələl gətirən çıxışlara belə böyük səbrlə yanaşması konfrans iştirakçılarının diqqətindən yayınmadı. Güman edirəm ki, hörmətli Ədalət Vəliyevin bu davranışı iştirakçıların bəzilərinə siyasi mədəniyyət “dərsi” oldu”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə