“Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir" - Məşhur Məmmədov

“Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir" - Məşhur Məmmədov

“Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir. Bəli, həqiqətən də bu, danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub. Prezident İlham Əliyev bildirir: «Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik». Məhz Azərbaycan iqtisadiyyatının güclü olmasıdır ki, Müzəffər Güclü Ordumuzun gücü ilə 30 illik işğal altında olan torpaqlarımızın azad olunmasına nail olduq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Məşhur Məmmədov bildirib ki, həqiqətən də sənayenin inkişafı güclü iqtisadiyyatın davamıdır və dövlət başçımızın dediyi kimi, Sumqayıt bu gün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir: «Sumqayıt bu gün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Cari il yanvarın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında sulfat turşusu, şüşə tara məhsulları və vərəqə şüşə istehsal edəcək yeni zavodların təməlinin qoyulması həmin sənaye məhsulları üzrə xaricdən asılılığın aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu, həm də valyutanın ölkəmizdə qalması, yerli istehsalın canlanması, iş yerlərinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Bütün bu nailiyyətlər cənab Prezidentin vaxtında sənaye məhələllərinin və parklarının yaradılması ilə bağlı atdığı addımlar nəticəsində ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməkdədir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkənin neft yataqları nə vaxtsa tükənəcək: “Düzdür, respublikada yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlanılacaq. Bu zaman hasilat səviyyəsinin sabit qalmasına çalışılacaq. Ancaq əsas gəlir mənbəyi olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Bu boşluq, məhz qeyri-neft sektoru hesabına təmin edilməlidir. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün, əlbəttə ki, ölkəyə keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün Azərbaycanın tədiyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir”.

Millət vəkili onu da vurğulayıb ki, dövlət başçımızın 2014-cü ili “Sənaye ili” elan edərkən başlıca məqsədi ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarət idi. Ölkə Prezidentimiz həmin ildə qarşıda duran vacib vəzifələrdən danışarkən demişdir: “Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”.

“Məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 18 ildə ölkə sənayesinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur»,-deyən millət vəkili bildirib ki, bu illər ərzində milyardlarla manat investisiya yatırılmış, modern və müasir tələblərə uyğun rəqabət qabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. Məhz bu gün Sumqayıtın Cənubi Qafqazın sənaye mərkəzinə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikada yüksək dinamizmə əsaslanan tərəqqi və yüksəlişin əsas ünvanlarından birinə çevrilib. Azərbaycanın mühüm sənaye mərkəzi olan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgləri kimi bu şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Digər tərəfdən, müxtəlif sferalar, o cümlədən regionların inkişafına dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib və verməkdədir. Qeyd edilənlər öz növbəsində növbəti dəfə belə bir mühüm məqamın təsdiqi kimi çıxış edir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam, ilk növbədə xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə nail olmaqdır. Və Sumqayıtın inkişaf prosesi sürətli proqram əsasında aparılır. Ölkə başçısının təşəbbüsü ilə indi burada bəlkə də bütün postsovet məkanında yeganə struktur göstəricilərinə əsaslanan sənaye parkı yaradılmışdır. Bakının müəssisələrinin bir hissəsi Sumqayıta köçürülür. Bu proses kortəbii qaydada deyil, müasir standartlara uyğun aparılır”.

M.Məmmədov onu da bildirib ki, sentyabrın 3-də Prezident İlham Əliyev “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının, Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin, Sumqayıt Məhkəmə Kompleksinin açılışını etdi, Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlini qoydu, Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış oldu: «Bir sözlə, bütün bunlar Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələridir. Sonda dövlət başçımızın cari ilin yanvarın 18-də Sumqayıta səfəri zamanı Aəzərbaycan Televiziyasına verdiyi müsahibəsi zamanı dediyi fikri demək istəyirəm: «Prezident İlham Əliyev vurğulayıb ki, azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin. Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbiidir. Ancaq eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm. Sumqayıta gəlməyim onu bir daha göstərir. Müharibə başa çatdı, müzəffər Ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Ancaq digər ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq, Azərbaycan xalqı əmin ola bilər. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, daha güclü Azərbaycan quracağıq».

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə