Ermənistanın "Minsk qrupu" hiyləsi - ANALİZ

Ermənistanın "Minsk qrupu" hiyləsi - ANALİZ

Erməni politoloqları cavabını bildikləri suallarla yenidən Ermənistan gündəmini işğal ediblər. Mövzu yenə həmsədrlərdir. Məlum olduğu kimi, Rusiyanın ATƏT-in Minsk qrupunda yeni təyin etdiyi həmsədr İqor Xovayev İrəvana səfər edib, baş nazirlə və çox təəccüblü də olsa, separatçıların ələbaşısı Arayik Harutunyanla görüşüb. Əcəba, Rusiyanın bu ikibaşlı oyununun arxasında bizim bilmədiyimiz nə dayana bilər? Bildiyimiz qədər, Rusiya son hadisələrdə mövqeyini bəlli etməklə özünü regional oyunların tərtibatçısı kimi təqdim edən Fransa və ABŞ-ı oyundankənar vəziyyətə salmadımı? Məgər Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun fransalı və amerikalı həmsədrlərini keçən il dekabrın 12-də qəbul edərkən bu qurumun artıq missiyasını başa vurduğunu bəyan etmədimi? Xatırlayırsınızsa, Azərbaycan Prezidenti həmsədrlərlə görüşündə bildirdi ki, “Minsk qrupunu ziyarətə dəvət etməmişəm. Amma Minsk qrupunun gəlmək istədiyini mənə xəbər verəndə dedim ki, gəlsinlər, mən də etiraz etmirəm. Ola bilsin ki, mənə deyəcəkləri bir şey var”.

Bəs bu, həmsədr məsələsi nədir? Rusiyalı həmsədrin Ermənistan rəsmiləri ilə görüşünü başa düşmək olar. Çünki Paşinyanın və ümumiyyətlə, Ermənistan rəhbərlərinin "sonuncu güllədən istifadə"yə həvəsli görünməsi, yəni Minsk qrupunun fəaliyyətini genişləndirmək barədə həmsədr ölkələrə etdiyi müraciətlər bu görüşü reallaşdırmaq üçün bir bəhanə ola bilər. Amma 30 il əlini-əlinin üstünə qoyan, prosesi bir qarış yerindən tərpətməyi bacarmayan dölsüz bir qurumun bundan sonra nə isə etməsi heç inandırıcı görünmür. Bu, həmsədr ölkələrin regionda mövcudluğunu büruzə vermək istəyi də ola bilər. Hərçənd, bu, çox yersiz görünər. Artıq regional tərəfdaşlar dəyişib, Azərbaycanın maraqlarına cavab verən yeni kartlar masaya düzülüb. Beynəlxalq güclərin ənənəvi siyasi gedişləri təsir gücünü itirib.

Azərbaycanın ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinə qapını göstərməsi təsadüfi deyil. Rəsmi Bakı nə etdiyini, kimə haranı göstərdiyinin fərqindədir. Amma belə görünür ki, Vaşinqtin və Paris hələ də hansı işin altına girdiklərinin məsuliyyətini dərk etməyiblər, daha doğrusu dərk etmək istəməyiblər. Düşünüblər ki, yenicə müstəqilliyini qazanmış müsəlman ölkəsindən pay qoparmaq o qədər də çətin olmaz. Bunun üçün 2-3 gediş etmək lazımdır ki, Azərbaycan Qarabağın itirilməsi ilə barışmalı olsun. Bəli bu, mümkün idi, əgər hakimiyyətə Heydər Əliyev kimi dünya miqyaslı siyasətçi gəlməsəydi. Və ən əsası amerikalı və fransalı siyasət klanları Azərbaycan xalqının müdrikliyini hesaba almaq düşüncəsinə sahib deyildilər. Çünki, xalqımız öz xilaskarına nə vaxt müraciət edəcəyini çox yaxşı hesablamışdı və bunu etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı Qarabağı Azərbaycandan qoparmaq istəyənlərin planlarını alt-üst etdi. Ermənistana ərazi qazandırmaq vədini verən dövlət və təşkilatlar taktikanı dəyişməli oldular. Konqresin "907-ci düzəliş"i də, müxtəlif çaplı embarqolar da, investisiyaların qoyuluşunda yaradılmış süni əngəllər də, insan haqları ilə bağlı basqılar da, Ermənistana para yardımları da, pulsuz verilən silahlar da Azərbaycanı təslimçilik masasına oturtmaq üçün edilən cəhdlər idi. Bəli, bunu Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişədə kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarmaq üçün "ağsaqqal", beynlxalq arbitr kimi seçilmiş həmsədr ölkələr - ABŞ, Rusiya və Fransa edirdi. Onların sayəsində Ermənistanın işğalçılıq siyasəti 30 il sürdü.

İndi vəziyyət 180 dərəcə həmsədrlərin əlehinə yönəlib, yaxud yönləndirilib. Artıq Ermənistanda da ATƏT-in təsis etdiyi Minsk qrupuna qarşı kampaniya aparılır. Ermənilər həmsədrləri 30 il bundan əvvəl verdikləri vədi yerinə yetirməməkdə suçlayır, beynəlxalq təşkilatları isə Qarabağın müstəqilliyinin tanınması üçün başlatdıqları təbliğata hüquqi qiymət verməməkdə ittiham edirlər. Ona görə də rusiyalı həmsədrin İrəvana səfərini müzakirəyə çıxaran erməni politoloqlar Baş nazir Paşinyana həmsədrlərdən imtina etməyi məsləhət görürlər. Necə ki, bunu Azərbaycan Prezidenti etdi.

Rusiya prezidenti Putini də suçlayan erməni politoloqlar: "Biz uşaq deyilik və başa düşürük ki, Putin başqa cür qərar versəydi, 44 günlük müharibənin nəticələri başqa cür olardı. Paşinyan və Qərbdəki erməni diasporu Moskva, Paris və Vaşinqtonun iştirakı ilə aparılan danışıqlara əsaslanaraq qaydalarla oynamağa çalışarkən, Azərbaycan və Rusiya rəhbərləri Ermənistanı cəzalandırmaq və parçalamaq barədə razılığa gəldilər. Rusiya Paşinyanı itaətsizliyinə, Kremlin əlaltılarını və kuklalarını siyasi arenadan uzaqlaşdırdığına, ümumiyyətlə, Putinin istəklərinə zidd olaraq inqilab etdiyinə görə cəzalandırdı", deyə Kremlə qarşı çıxmalarının səbəbini izah ediblər.

Erməni analitik Tevos Arşakyan yazır: "Erməni cəmiyyəti dəqiq bilir ki, son müharibə Paşinyanın və komandasının gözünü açmayıb. O müharibədə drijor çubuğunun kimdə olduğunu hələ də anlamayıb. Bəli, Paşinyan Əliyev deyil. Əliyevə heç yaxın da deyil. Paşinyanın Əliyevlə fransız və amerikalı həmsədrlər kimi ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovaevə qapını göstərməyə belə cəsarəti çatmır. Əksinə, bazar ertəsi onunla Qarabağ probleminin həll yollarını müzakirə etdi. Görüşdə Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin əhəmiyyəti vurğulandı. Rusiya nümayəndəsi ilə Qarabağ münaqişəsinin hansı həlli yolundan danışa bilərsiniz? "Artsax"ın böyük hissəsini verən Rusiya iləmi? Axı, nəzarətimizdəki ərazilərin Azərbaycana verildiyi üçtərəfli bəyanatın mətnini tərtib edən Putin idi. Öz əliylə Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması lazım olduğunu yazan Putin idi. Bəs indi rusiyalı həmsədrlə hansı razılaşmadan danışa bilərik? Düşünürəm ki, Paşinyan Rusiyadan asılı olmaqdan qurtulub özünü daha müstəqil aparsaydı müharibədən sonra düşdüyümüz rüsvayçı vəziyyətdən çıxa bilərdik.

Bakı hər dəfə Rusiya əleyhinə demarşlar edir və bundan sonra Moskvadan müəyyən güzəştlər qoparır. Bəlkə Paşinyan da ən azı bir dəfə açıq şəkildə Rusiyaya qarşı hiyləgər davranış göstərsin. Məsələn, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayevi qəbul etməkdən qətiyyətlə imtina etsin. Rusiya buna görə çətin ki, İrəvana not göndərsin. Lakin Xovayevi qəbul etməyən Paşinyan həm Rusiyaya, həm də bütün dünyaya, ən əsası isə öz xalqına göstərəcəkdi ki, hələ də qürur və ləyaqətimiz var, Moskvanın əlində itaətkar alət deyilik. Ancaq təəssüf ki, həm Xovaevin, həm də Nikol Vovayeviçin üzündəki gülüş bizi günahkar ölkə olduğumuz düşüncəsinə qaytardı".

Bəli, ATƏT-in Minsk qrupundan hər kəs narazıdır, keçmiş qalib də, məğlub da, indiki qalib də, məğlub da. Çünki Minsk qrupuna həmsədrlik edənlərin ədalətdən xəbərləri yoxdur. Onları dünyanın düzəni yox, yalnız düzənsizliyi daha çox maraqlandırır. Yalnız xaosda onların ovu məhsuldar olur.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə