Prezident İlham Əliyev: “Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq” TƏHLİL

“Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beş mərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar”. Bu barədə Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı deyib: “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.

Prezident çıxışında təxminən 40 il bundan əvvəl baş verənləri xatırladıb. “Bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“Bu gün bu əraziləri bərpa etməklə biz tarixi ədaləti bərpa edirik”

“Biz azad edilmiş torpaqlara müntəzəm olaraq xarici qonaqları gətiririk. Jurnalistləri, siyasətçiləri, ictimai xadimləri ki, görsünlər və bilsinlər ki, biz təkcə özümüzü işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik. Bu gün bu əraziləri bərpa edərək biz tarixi ədaləti bərpa edirik”. Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində, görüşlərində dəfələrlə vurğulayıb ki, biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik. Və tarixi ədaləti bərpa etməklə Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və işğaldan azad olunan torpaqlarımız yenidən nəfəs almağa başlayıb.

Bəli, tarixi ədaləti Qalib Liderimizin uğurlu «Dəmir yumruq» siyasəti ilə biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Dövlət başçımızın dediyi kimi: «Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq».

Bəli, bu Qalib Liderimizin “dəmir yumruq” siyasəti ilə ədaləti bərpa etməsi nəticəsində işğal altında olan torpaqlarımızı azad edərək həmin torpaqlarda bərpa-quruculuq işləri aparılır, həmin torpaqlarımız yeni nəfəs almağa başlayıb.

Prezident İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib: “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”

Bəli, dövlət başçımızın dediyi kimi tarix təkrarlanır: “Mənfur düşmən həmin yerdə dırnaqarası "Dağlıq Qarabağ respublikası"nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. "Dağlıq Qarabağ respublikası" anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi. Beşulduzlu otel gözəl yerdə inşa ediləcək”.

Bəli, bu gün fəxrlə deyə bilərik ki, illər ərzində görülmüş işlər öz müsbət nəticəsini göstərir. Böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 8-9 ay keçməsinə baxmayaraq, böyük işlər görülüb. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.

Bir sözlə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz rəhbərinin və ordusunun yanında olması, bir yumruq kimi birləşməsi bunu bir daha sübut etdi.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə