Prezidenti İlham Əliyev: “Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”
Ötən il torpaqlarımızın müharibə yolu ilə 44 gün ərzində işğaldan azad edilməsi xalqımızın müasir və müstəqillik tarixinin böyük hərbi-siyasi uğuru oldu. Əgər 1993-cü ildə Heydər Əliyev müstəqilliyimizin əbədi olmasını təmin etmişdisə, vətəndaş qarşıdurmasının, dövlətimizin parçalanmasının qarşısını almışdısa, Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev də Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, işğal siyasəti yürüdən Ermənistanı güc yolu ilə cəzalandırmışdı. 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən Ali Baş Komandan çıxışında demişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” Bəli, artıq bu gün nəinki Şuşa, işğaldan azad olunmuş bütün torpaqlarımızda dirçəliş, yeni həyat başlayıb.
"Böyük qayıdış başlayır, bütün işlərə start verildi"
Prezident, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev 44 günlük müharibənin zəfərlə bitən və işğaldan azad edilən bölgələrə dərhal tarixi səfərləri hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb. Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Qeyd edək ki, səfər zamanı dövlətimizin başçısının avtomobili özünün idarə etməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, "Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm!". Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!
Bəli, dövlət başçısı səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu: "Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir". Bu gün isə Şuşaya ilk səfəri zamanı verdiyi vədlərin nəticəsini növbəti səfər zamanı görürük.
Prezident İlham Əliyev Füzuli aeroportunu Qarabağın hava qapısı adlandırıb
Bunu Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən bildirib. Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanına gedərkən çəkdiyi videogörüntüdə dövlətimizin başçısı deyib: “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanının videogörüntüsünü paylaşıb. Paylaşımda bu sözlər qeyd olunur: “İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən”.
Prezident İlham Əliyev Zəfər yolunda son tamamlama işləri ilə tanış olub
Səfər zamanı Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Qeyd edək ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən Zəfər yolu adlandırılıb.
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər
Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.
Məlumat verilib ki, heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.
Həmin gün Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub. Eyni zamanda, Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı da olub. Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.
Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılıb. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırılıb.
Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.
Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan bərpa işləri ilə tanış olublar. Həmçinin, “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində də iştirak edib. Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qədim dövrdə Şuşa Böyük İpək Yolunun əsas qovşaqlarından biri idi. Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib–gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq ediləcək. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaq. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.Həmçinin, səfər zamanı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub. Eyni zamanda, Şuşada yeni yaşayış massivinin təməli də qoyulub.
Vaqif Poeziya Günləri yenidən təşkil olunub
Növbəti səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər.
Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.
Bəli, artıq Qalib ölkənin Qalib Lideri, bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi! Dövlət başçımızın dediyi kimi: "Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!"
Budur qətiyyətin və milli dəyanətin təntənəsi
Bəli, budur qətiyyətin və milli dəyanətin təntənəsi. Budur, dünya səviyyəli, cəsarətli lider! Budur, xalqın Prezidenti olmaq! Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Dövlət başçımızın dediyi kimi, indi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır: “Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!”
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB