44 günlük müharibə tarixi ədaləti bərpa edib 30 illik işğala son qoydu ANALİTİK
Prezident İlham Əliyev: "Bu gün bu əraziləri bərpa edərək biz tarixi ədaləti bərpa edirik"
Bəli, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və tarixi ədaləti bərpa edib 30 illik işğala həmişəlik son qoyuldu. Biz həmin gündən Dağlıq Qarabağ münaqişəsinin bitməsi və ölkəmizin zəfər qazanması üçün haqq savaşına çıxdıq. Və sonda Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində dövlətimizin başçısı çıxışında xalqımızın uzun illər ədalətsizliklərlə üzləşdiyini xatırladıb: "Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı".
Dövlət başçısı bildirdi ki, Azərbaycan ədaləti bərpa etməklə yanaşı beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı: "Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq".
"İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir"
Azərbaycan Prezidenti onu da vurğuladı ki, İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir: "Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir. Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, - harada ki, biz indi görüşürük, - uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir".
"Bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər"
Çünki Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman davamlı xüsusi diqqət və davamlı qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir. Azərbaycan dövlət başçısı tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Bax, budur əsl siyasət, hər bir azərbaycanlının Prezidenti olmaq.
Dövlət başçısı avqustun 26-da şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bir daha söyləyib ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər: "Onu da bildirməliyəm ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Çünki bir daha demək istəyirəm ki, bu günə qədər 10 minə yaxın vətəndaş mənzillərlə, fərdi evlərlə təmin edilib. Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar. Eyni zamanda, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilibdir. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik".
"Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir"
"Bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu, həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər, Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, Suqovuşan qəsəbəsini azad edib". Bu fikri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib. Dövlətimizin başçısı çıxışında bu ərazilərin strateji əhəmiyyətindən danışıb: "Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir. İstər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. 7 iyul tarixi əgər 1923-cü ildə xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. 7 iyul artıq gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 7 iyul 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman mənim tərəfimdən imzalandı. Tarixi ədalət bərpa edildi".
Dövlət başçısı əziz şəhidlərimizin xatirəsini bir daha yad edərək deyib: “Siz, onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır”.
Bəli, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti bir daha sübut etdi ki, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Bu gün biz bu əraziləri bərpa edərək tarixi ədaləti bərpa edirik".
"Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu"
Azərbaycan Prezidenti onu da vurğulayıb ki, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi: "Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür, belə planlar çoxdan var idi, amma Heydər Əliyev faktoru, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsın".
“O canlı bomba hansı ki, 23-cü ildə qoyuldu Azərbaycanda və o partladı o vaxt. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi. Bəzi hallarda xəyanət etdi, satqınlıq etdi. Nəticə etibarilə hələ sovet vaxtında Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycandan defakto ayrılmışdı. Orada bir xüsusi komitə yaradılmışdı. O komitəyə rəhbərlik edən Moskvadan bir ermənipərəst bir adam gətirilmişdi. Hansı ki, faktiki olaraq orada ermənilərlə birləşib bizə qarşı iş aparılırdı”, - deyə dövlətimizin başçısı xatırladıb.
Bu barədə söhbəti yekunlaşdıran Prezident İlham Əliyev deyib: “Azərbaycanlılar öz doğma torpağında artıq müdafiəsiz bir topluma çevrildilər. Ondan sonrakı tarix məlumdur. Biz isə tarixi, bax bu antiazərbaycan siyasəti geri çeviririk. Biz bəzilərinin heç yuxusuna gəlməyən işləri görürük. Bu gün tam bölgəyə sahibik, söz sahibiyik, işğal edilmiş torpaqları azad etmişik. Bu torpaqlarda indi möhkəmlənirik”.
Bəli, bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Və biz sübut etdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etdik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bunun arxasında isə ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli addımı, mövqeyi, yürütdüyü uğurlu dövlət siyasəti dayanır.
Eyni zamanda, Ermənistandan fərqli olaraq ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Bizim gücümüzə güc qatan, daim yanımızda olan qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi. Bu isə o deməkdir ki, Azərbaycanın haqq savaşında ədaləti bərpa etməsi qaçılmaz idi. Və bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir.
44 günlük Vətən müharibəsi zamanı bir daha əmin olduq ki, iqtisadi müstəqillik ölkənin əsas uğurlarındandır. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Bu gün fəxrlə deyə bilərik ki, illər ərzində görülmüş işlər öz müsbət nəticəsini göstərir. Böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 8-9 ay keçməsinə baxmayaraq, böyük işlər görülüb. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.
Bir sözlə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz rəhbərinin və ordusunun yanında olması, bir yumruq kimi birləşməsi bunu bir daha sübut etdi.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB