Ermənistan parlamentinin növbəti böhranı ANALİTİK+AKTUAL

Ermənistan parlamentinin növbəti böhranı ANALİTİK+AKTUAL

Ölkə çökür, Paşinyan xalqı ittiham edir, xalq isə onu seçir...

Kifayət qədər məlumdur ki, 44 günlük Vətən müharibəsində qalibiyyət qazandıqdan sonra Azərbaycan danışıqlar prosesinin elə ilk günlərindən müəyyən etdiyi məqsədlərini açıq şəkildə ifadə edib. Daha dəqiq desək, üçtərəfli bəyanatın realizə olunması üçün Bakının qətiyyətli, eləcə də hələ ki, səbrli mövqeyi qalmaqdadır. Lakin bu məsələdə Ermənistanın davranışları, sözün əsl mənasında, uşaq bağçasındakı cığal və nəticədə döyülən uşaq təsirini bağışlamaqdadır. Təkcə növbədənkənar parlament seçkilərindən sonra nə qədər qəribə görünsə də, qələbə qazanaraq baş nazir kürsüsünü qoruyub-saxlamağa müvəffəq olan Nikol Paşinyanın məhz seçkilərdən sonrakı bəyanatları istər-istəməz onun siyasi intihara əl atmaqda israrlı olduğunu göstərməkdədir – məsələn, Zəngəzur dəhlizi kimi faktorlarda.

Nikol Paşinyan avqustun 24-də parlamentdəki çıxışında onu da deyib ki...

Ancaq Paşinyanın digər addımları bu gün də Ermənistanda birmənalı olaraq dəstəklənmir, yaxud onun bir sıra hallarda loyal davranışları üzə çıxarkən, revanşçı siyasi güclər dərhal isterik şəkildə qiyam qaldırırlar. Maraqlıdır ki, Nikol Paşinyan avqustun 24-də parlamentdəki çıxışında onu da deyib ki, Bakı Qarabağın və xüsusilə Qarabağdakı bölgələrin Azərbaycanın bir hissəsi olduğuna inanırdı. “Onun üçün (Bakı üçün-red.) heç bir “Dağlıq Qarabağ Muxtar Vilayəti” yoxdur və daha da çox "DQR" mövcud deyil. Həmişə Qarabağı və bölgələri nəzarətə götürmək məqsədini daşıyırdılar və bəyan edirdilər ki, münaqişə danışıqlar yolu ilə nəticə verməsə, buna hərbi yolla nail olunacaq”, xatırladan Paşinyan, əslində, Azərbaycanın mövqeyi ətrafında fikirləşmələri yerinə Qarabağın, yəni “DQR”in beynəlxalq səviyyədə tanınması probleminə diqqət yetirdiklərini deyib. Yəni o, bu siyasi gedişin kökündən yanlış olmasına eyham vurub.

O, daha sonra başqa bir düsturun ortaya çıxdığını – ərazilərin yerinə status məsələsini də xatırladıb. "Bunu xəyanət hesab edənlər də var idi. Qarabağın Ermənistanla birləşməsi müqabilində bəzi ərazilərin Ermənistana güzəşt edilməsi şəklində bir düstur da var idi. Bu da xəyanət hesab olunurdu. Azərbaycanın ritorikası hər yerdə və hər zaman eyni idi - Ermənistanın isə ölkə daxilində, xaricdə və danışıqlar masasında yanaşmaları fərqli idi. Bu suala cavab yox idi: əgər danışıqlar masasında bizə sərf edən qərar olmazsa, nə edəcəyik? Bu sistemli problem özünün ciddi təsirlərini göstərmiş oldu”, erməni baş naziri deyib.

Paşinyan yenidən siyasi rəqiblərinin və ölkə vətəndaşlarının böyük bir hissəsinin ona ləqəb qoyduğu “xain” damğasından özünü təmizləməyə çalışır...

İndi maraqlıdır, Nikol bu vasitə ilə nə demək istəyir? 44 gün davam edən müharibədə Ermənistanın məğlubiyyətinə, çoxlu sayda miflərinin dağılmasına səbəb olan, eləcə də daxili və xarici siyasətdəki sonsuz uğursuzluqlara görə erməni cəmiyyətinin qarşısında haqq qazandırmaq cəhdimi? Yəni görünən budur ki, Paşinyan yenidən siyasi rəqiblərinin və ölkə vətəndaşlarının böyük bir hissəsinin ona ləqəb qoyduğu “xain” damğasından özünü təmizləməyə çalışır...

Bunu görməmək də olmur. Təkcə Ermənistan parlamentində baş vermiş əlbəyaxa dava-dalaşların görüntülərinə nəzər salarkən, əslində, ölkədəki vəziyyəti tam çılpaqlığı ilə müəyyən etmək mümkündür.

Parlamentdəki savaş nədən qaynaqlandı?

Xatırladaq ki, eks-prezident Serj Sarqsyana yaxınlıqları ilə seçilən “Şərəf duyuram” blokundan olan deputatların hay-haraylarını, həmçinin “Ermənistan” blokunun təmsilçisi, sabiq müdafiə naziri Seyran Ohanyanın parlamentin spikeri Alen Simonyanlar olan söz davasını nümunə kimi göstərmək olar.

Hər şey isə “Şərəf duyuram” blokunun deputatı Anna Mkrtçyanın Nikol Paşinyanı rahatsız edən suallara tutmasından başlayıb. O, baş nazirin sonsuz səhvlərini sadalayıb və Paşinyanın çox sayda cangüdənləri ilə parlamentə gəlməsi də erməni deputatının xoşuna gəlməyib. Anna Mkrtçyan hisslərini sözlə ifadə edərkən isə “Vətəndaş sazişi”ni təmsil edən paşinyançı deputatlar yerlərdən ona qarşı təhdidlər səsləndirdilər, o isə cavab olaraq “kapitulyant” ittihamını bağırıb.

İnsident başlayan kimi, parlamentin sədri Alen Simonyan mikrofonu söndürüb, bunun da nəticə vermədiyini gördükdən sonra Mkrtçyanı zalı tərk etməyə çağırıb. Anna isə parlament sədrinin çağırışına məhəl qoymayıb. Alen Simonyan təhlükəsizlik xidmətinin əməkdaşlarını zala dəvət edərək, Annanı çölə çıxarmağı əmr edib. Bunun da nəticəsində müxalifətçi deputatlarla təhlükəsizlik xidmətinin əməkdaşları arasında əlbəyaxa döyüş başlayıb, hətta kürsülər belə havada oynayıb, özü də “Nikol xain!” şüarları ilə birgə.

Nikol Paşinyan öz çıxışlarında ona da eyham vurur ki, erməni xalqı hər zaman hər şeyə görə narazı qalır, amma unudur ki...

Artıq bu da faktdır ki, baş verənlər özü-özlüyündə Ermənistanın “siyasi mədəniyyətinin” göstəricisi kimi qiymətləndirilə bilər. Halbuki, biz Ermənistan parlamentində bundan da betər hadisələrin yaşandığının şahidləri olmuşuq – misal üçün, terror hadisəsini...

Yeri gəlmişkən, erməni siyasi zümrəsi üçün bütün bunların heç bir əhəmiyyəti yoxdur. Məsələn, ötən ilin 10 noyabrında Nikol Paşinyanın kapitulyasiya sənədinə imza atmasının ardınca kütlə hazırkı XİN rəhbəri, o zamankı parlamentin sədri Ararat Mirzoyanı küçənin ortasında soyunduraraq, onu linç etmişdilər. Üstəlik, İrəvanın küçələrində çılğıncasına ora-bura varan kütlə Nikol Paşinyanı da linç etmək üçün axtarışa çıxmışdılar.

Məhz indi, Nikol Paşinyan öz çıxışlarında ona da eyham vurur ki, erməni xalqı hər zaman hər şeyə görə narazı qalır. Amma unudur ki, vaxtilə ona edilən təkliflərdən biri də Qarabağ münaqişəsinin mərhələli həlli olib. Məsələn, 2019-cu ilin 8 fevralında Turan agentliyinə müsahibə verən Erməni milli konqresinin sədr müavini Levon Zurabyan bildirmişdi ki, qarşılıqlı güzəştlərə hazır olmaq lazımdır. “Bu gün biz ondan imtina edirik ki, sabah onları geri istəməli olacağıq, amma ala bilməyəcəyik”, deyə Zurabyan bildirmişdi. Bu fikirləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da demişdi.

Hazırda isə Paşinyan və onun tərəfdarları vaxtilə bu plandan imtina etmələrini hər vəchlə inkar etməyə çalışırlar. Halbuki, Nikol yuxarıdakı təkliflərlə bağlı demişdi: “Levon Ter-Petrosyanın ərazilərin sülh qarşılığında dəyişdirilməsi formulası hətta müzakirə edilə bilinməz”. Lakin bu da son deyil.

Ermənilər öz faciələrinə yenidən imza atıblar və günahı Paşinyanda axtararkən, arada özlərində də axtara bilərlər...

Yəqin ki, çoxumuz Paşinyanın Şuşada “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini xatırlayır və çoxumuz onun sərxoş halda Cıdır düzündəki rəqsinin görüntülərini izləmisiniz. Habelə hər birimiz o zamankı müdafiə naziri David Tonoyanın “yeni müharibə Azərbaycandan alınacaq yeni ərazilərə səbəb olacaq” tipli yekəbaş bəyanatını eşitmişik. Eləcə də Nikolun vətəndaş nikahlı arvadı Anna Akopyanın “Erato” adlı qadın batalyonu yığıb, boş silahlarla sözdə hərbi təlimlərdəki “ba-bax, ba-bax, ba-bax” tipli sirk tamaşalarını da istehza ilə yada salırıq.

Bəli, Paşinyan istəsəydi heç müharibə də olmazdı və bu gün Ermənistan dəhşətli dərəcədə böhranla qarşı-qarşıya qalmazdı. O, uduzdu və indi də minlərlə həlak olan hərbçilərinin saylarını maksimum gizlətməyə çalışır. Onsuz da hər zaman Rusiyadan və s. ölkələrdən asılı vəziyyətdə qalan vassal Ermənistan indi suverenliyini tamamilə itirib və sərhədlərində ruslar dayanır. Ermənistan sürətlə boşalır və gedənlərin əsas hissəsi birtərəfli biletlər əldə edirlər. Halbuki, bu həmin Paşinyandır – müharibədəki məğlubiyyətindən sonra keçirilən növbədənkənar parlament seçkilərində 53% səs topladı. Əslində, Nikolun bəzi hallarda erməni xalqını da ittiham etməsi yerinə düşəndir. Necə deyərlər, ermənilər öz faciələrinə yenidən imza atıblar və günahı Paşinyanda axtararkən, arada özlərində də axtara bilərlər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə