"Beynəlxalq təşkilatlar Ermənistana sərt təpki göstərməklə onu çıxılmaz vəziyyətə sala bilərdilər" - DEPUTAT ŞƏRH ETDİ

"Beynəlxalq təşkilatlar Ermənistana sərt təpki göstərməklə onu çıxılmaz vəziyyətə sala bilərdilər" - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyevin BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin etimadlarını qəbul edərkən söylədiyi fikirlər tamamilə obyektivliyə və beynəlxalq hüquqa söykənən məsələlərdir. Əgər, beynəlxalq təşkilatlar zamanında Ermənistana “dayan” desəydilər, onu işğalçı dövlət adlandırsaydılar məsələ bu həddə gəlib çatmazdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu məsələ zamanında beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipi əsasında həll edilə bilərdi: “Ancaq çox təəssüf ki, bəzi beynəlxalq qurumlar və bəzi ölkələrin müəyyən siyasi dairələri Ermənistanın işğalçılıq siyasətinə dəstək oldular. Onun Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalda saxlamasına göz yumdular. Azərbaycanın da nə zamansa bununla razılaşacağını, öz ərazi bütövlüyü fikrindən əl çəkəcəyini ümid edirdilər. Onlar Azərbaycan xalqını yaxşı tanımırlar. Azərbaycan xalqı öz suveren hüquqlarını heç kimə güzəştə getmək fikrində deyil”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərində hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi: “İndiki Prezident cənab İlham Əliyevin apardığı siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı. Azərbaycan iqtisadiyyatının müasir tələblər səviyyəsində qurmasına imkan verdi. Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin etdi. Ən əsası isə cənab Prezidentin apardığı uğurlu siyasət Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinə, Ermənistanın torpaqlarımızdan öz qoşunları çəkməsinə məcbur etdi. Bunu Azərbaycan öz gücünə etdi. Hansı ki, 30 il bundan əvvəl beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycana dayaq dura bilərdilər. Sadəcə Ermənistana qarşı sanksiyalar tətbiq etməklə, Ermənistanı çıxılmaz vəziyyətdə qoymaqla, ilk növbədə, özlərinin siyasi nüfuzunu qoruya bilərdilər. Cənab Prezidentin dünən BMT-nin yeni nümayəndəsi ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycan xalqının istəklərinə, düşüncələrinə uyğun olaraq söylənən fikirlərdir. Bu, bir daha göstərir ki, xalq layiqli rəhbərlər yetirəndə, öz hüquqları uğrunda mübarizədə öz liderinə dəstək olduqda özünün suveren hüquqlarını ən yüksək səviyyədə müdafiə edə bilir. Cənab Prezidentin söylədikləri bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığın, ilk növbədə, beynəlxalq təşkilatların öz nizamnaməsinə və məramına uyğun olaraq hərəkət etməsi üzərində qurulmasını istəyir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə