Müzəffər ordumuz torpaqlarımızı qarış-qarış azad etdi TƏHLİL

Müzəffər ordumuz torpaqlarımızı qarış-qarış azad etdi TƏHLİL

1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli və Cəbrayıl rayonlarının 27 illik həsrətinə son qoyuldu

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində tariximizə yeni bir gün – Zəfər tarixi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu əzəli torpaqlarımızı azadlığa qovuşdurdu. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur", - deyə dövlət başçısı bildirdi. Bu müraciət xalqın tarixində yeni bir günün başlanmasıdır. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında dövlət başçısı Sərəncam imzaladı. Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Artıq neçə illər idi ki, Azərbaycanın işğal altında olan torpaqlarından yazır və hər bir rayona erməni təcavüzkarlarının vurduğu maddi və mənəvi ziyanı vurğulayırdıq. Və hər dəfə də tezliklə işğal tariximizi qələbə, zəfər tarixinin əvəzləyəcəyi günə inanırdıq. İnamımız reallaşdı. Ötən ilin sentyabrın 27-dən başlayaraq vətən torpaqlarının müdafiəsinə hazır olan Azərbaycan oğulları işğalda olan torpaqlarımızı qarış-qarış azad etdilər. İşğaldan azad olan tarixi torpaqlarımızda Azərbaycan bayrağı dalğalandırıldı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, ordumuzun gücü 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü.

HƏR İKİ RAYONUN İŞĞALI AZƏRBAYCAN İQTİSADİYYATINA 9 MİLYARD DOLLARA YAXIN ZİYAN VURUB

İllər idi ki, 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalından yazırdıq. Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal edilmişdi. 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğal nəticəsində, öz ata-baba yurdlarından didərgin düşən insanların şəxsi mülkləri talan olunub, tarixi memarlıq abidələri məhv edilmişdi. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi, UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilib. Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. İşğal nəticəsində, 1100-dən çox Füzuli sakini şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar, bütünlüklə, qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi surətdə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində, rayonun 35000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

XUDAFƏRİN KÖRPÜSÜNÜN ÜZƏRİNDƏ 27 İL SONRA ÜÇRƏNGLİ AZƏRBAYCAN BAYRAĞI UCALDILDI

Cəbrayıl rayonunun işğalı zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 2016-cı ilin aprel döyüşlərində ordumuz düşmən qüvvələrini Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur etdilər. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu.

Hazırda Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunublar.

"BİZ DÜŞMƏNİN BELİNİ QIRDIQ, BİZ ŞANLI QƏLƏBƏ QAZANDIQ"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində belə vurğulayıb: "Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir". Bu gün Azərbaycan xalqı rahat nəfəs alır. İşğal altında olan torpaqlarımız azad olunub. Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edildi.

Bu gün torpaqlarımızdan məcburi köçkün düşən bir milyondan çox insanımız ata-baba yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyir. İşğaldan azad olunan torpaqlarımızda abadlıq-quruculuq işlərinə başlanılıb. Reallaşacaq layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Zəngilanda, Füzulidə, Laçında irimiqyaslı layihələr həyata keçirilir. Bu ərazilərdə beynəlxalq hava limanlarının inşasına başlanılıb. Prezidentin azad edilmişərazilərdə kəndlərin "Ağıllı kənd" konsepsiyasıəsasında qurulması təşəbbüsü müsbət qarşılanır. "Ağıllı kənd" layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında mühüm rol oynayacaqdır. Bütün bu və ya digər görülən işlər tezliklə işğaldan azad olunan ərazilərimizin inkişafana töhfə verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə