Sergey Markov: “Rusiya sülhün davamlı olmasına və kommunikasiyaların açılmasına çalışır” - MÜSAHİBƏ

Sergey Markov: “Rusiya sülhün davamlı olmasına və kommunikasiyaların açılmasına çalışır” - MÜSAHİBƏ

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Əfqanıstandakı vəziyyətin Cənubi Qafqazdakı proseslərə və Qarabağla bağlı razılaşmaların həyata keçirilməsinə necə təsir edəcəyini “moscow-baku.ru” portalına müsahibəsində şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Əfqanıstandakı vəziyyət Cənubi Qafqazdakı proseslərə necə təsir edə bilər? Bu hadisələrin dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu görürük. Bütün bu hadisələr Rusiyaya yaxın ərazidə baş verir. Yaxınlıqda İran və Azərbaycan da var. Bölgədəki təhlükəsizlik pozula bilərmi?

- Taliban rejiminin özü bölgədə heç bir təhlükə yaratmır. Radikal islamçı ideologiyadan istifadə edən bir puştun milli azadlıq hərəkatıdır. Bölgənin təhlükəsizlik problemi ondan ibarətdir ki, Taliban radikal islamçı müttəfiqlərinin Əfqanıstan ərazisindən istifadə etməsinə icazə verə bilər, Əl-Qaidəyə, İŞİD-ə kömək edə bilər. O cümlədən, terror hücumlarının hazırlanması üçün İŞİD Əfqanıstanın şimalında, Rusiyanın müttəfiqləri olan Orta Asiya ölkələri ilə həmsərhəd bir baza qurub. Suriya və İraqdan olan yaraqlılar da ora köçüb.

Əfqanıstanın şimalına Suriya, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Şimali Qafqazın hərəsindən 500 nəfər, Tacikistan və Özbəkistanın hərəsindən isə 1500 nəfər köçüb. Hamısının böyük döyüş təcrübəsi, yaxşı hazırlığı var. Əfqanıstandan qrupa qoşula biləcək taciklər və özbəklər var. Bu, əlbəttə ki, çox təhlükəlidir.

İkinci təhlükə, Amerika işğalı altında xeyli böyüyən narkotik ticarətin inkişafıdır. Bunun səbəbi Əfqanıstandakı amerikalıların yerli əhalinin hücumuna məruz qalmamaları üçün onların narkotik alveri ilə məşğul olmalarına icazə verməsidir.

Üçüncü təhlükə bu şəriət rejiminin həddindən radikallığıdır. Talibanların bənzərsiz mədəni və tarixi abidələri necə partlatdıqlarını, qadınları öldürdüklərini, davranışlarının şəriət qanunlarına uyğun gəlmədiyini xatırlayırıq. Və bu da dünya birliyi üçün çox ciddi bir təhdiddir, insan haqlarının ən ağır şəkildə pozulmasıdır.

İnanıram ki, ABŞ Cənubi Qafqaza marağını daha da azaldacaq. Sadəcə təslim olurlar. Bu həm də Azərbaycan üçün daha yaxşıdır, çünki Birləşmiş Ştatlar bütövlükdə azərbaycanpərəst mövqeyindən daha çox ermənipərəst mövqe tutur.

Əfqanıstan İslam dövlətidir. Azərbaycan dünyəvi İslam ölkəsidir. Amerikalılar indi bir dönüş edir. Geriyə dönüşün mahiyyəti, müsəlman ölkələrinin hadisələrinə həddindən artıq müdaxilə etməməyimizdə özünü göstərir.

- Yəni düşünürsünüz ki, Əfqanıstanda baş verən hadisələr heç bir şəkildə Rusiyanı Qarabağ məsələsindən yayındırmayacaq?

- Düşünürəm ki, onlar Amerika diplomatiyasının Cənubi Qafqazdakı fəallığını azaldacaqları üçün yalnız Rusiya diplomatiyasının effektivliyini artıracaqlar.

- Bu gün çoxları qeyd edir ki, mütəmadi olaraq qarşılıqlı atəş açılması ilə əlaqədar olaraq Azərbaycan ilə Ermənistan arasındakı vəziyyət ötən payızda Qarabağ müharibəsindən əvvəl mövcud olan vəziyyətə bənzəməyə başlayır. Və buna nəzarət etmək və izləmək lazımdır. Amma bu vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşlər görmürük. Bunun səbəbi nədir? Dünyadakı yeni çağırışlarla əlaqədar olaraq Moskvanın diqqəti Qarabağ problemindən yayındımı. Yoxsa məsələ eyni strateji prioritet olaraq qalırmı?

- Problem ondadır ki, Rusiya, Azərbaycan və Ermənistan arasında müqavilələr var, amma İrəvan onları yerinə yetirmir, halbuki, bunu etməlidir.

Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin konkret məsələləri həll etmək üçün üçtərəfli görüşü payızda baş tutacaq. Şübhəsiz ki, belə bir görüş olacaq. Proses daha da irəli getməlidir. Amma davam edən gecikmələr, ilk növbədə, Ermənistanın hazırlıqsızlığı ilə əlaqədardır. Amma Moskva bu prosesə kifayət qədər nikbin baxır. Moskvada hesab edirlər ki, təbii olaraq hər şey dərhal həll oluna bilməz, məsələlər tədricən həll olunacaq. Amma çox tezliklə həssas mövzular gündəmdə olacaq. Təsadüfən ünsiyyət qurduğum Rusiya tərəfindən danışıqlarda iştirak edən şəxslər həll prosesinə kifayət qədər nikbin baxırlar. Bütün bunları həzm etmək, məğlub olmağa alışmaq üçün ermənilərə vaxt lazımdır.

Vladimir Putin üçün Qarabağ nizamlanması çox vacib bir məsələdir. O, Rusiyanın Qarabağ münaqişəsinin həllində iştirakını yüksək qiymətləndirir. Ona görə də danışıqlar prosesinin davam etdirilməsi onun üçün mütləq prioritetlərdən biridir. Amma başa düşür ki, bu məsələdə tələsmək lazım deyil. Ermənistanın normal sakit danışıqlar prosesi aparmağa hazırlaşması üçün bir az da təzyiq lazımdır ki, nəticədə bir növ qərarlara, ilk növbədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasına səbəb olacaq. Və Rusiya əsas diqqəti bu bərpaya qoyacaq.

- Azərbaycanla Ermənistan arasında müntəzəm olaraq mövqelərin atəşə tutulması kimə lazımdır və Rusiya niyə vasitəçi olaraq bunun qarşısını ala və dayandıra bilməz?

- Düşünürəm ki, bu hücumların davam etməsinin bir neçə səbəbi var. Məsələ ondadır ki, Ermənistan, həqiqətən də, danışıqlar prosesinin yenidən başlamasını istəyir. Amma Azərbaycanın istədiyi şəkildə deyil. Bakı deyir - biz hər şeyi razılaşdırmışıq və gəlin sülh müqaviləsi bağlayaq. Ermənistan artıq razılaşdırılmış şeyi yenidən müzakirə etmək istəyir. Bunların kökündən fərqli iki yanaşma olduğunu anlamaq çətin deyil. Ermənistan deyir: "Qarabağın statusunu müzakirə edək, Qarabağ ermənilərə məxsus olmalıdır, Qarabağın statusu məsələsini ATƏT-in Minsk Qrupu çərçivəsində, o cümlədən ermənipərəst Fransanın köməyi ilə müzakirə edək".

Atışmaların digər səbəbi Ermənistanın KTMT-nin öz ərazisinə daxil olmasını stimullaşdırmaq istəməsi, həmçinin delimitasiya və demarkasiya prosedurundan keçməli olan mübahisəli ərazilərdir. Və Ermənistan Azərbaycanla toqquşmaları stimullaşdırmağa çalışır. Bu, Ermənistanın böyük ümidindən irəli gəlir- 3-cü Qarabağ müharibəsini istəyir və bu müharibədə öz əsgərləri ilə deyil, ruslarla qalib gəlməsini istəyir. Ermənistan Azərbaycan və Rusiya hərbçilərini qarşılaşdırmaq istəyir, Rusiyanı Türkiyə ilə qarşılaşdırmaq, Rusiyanı hərbi yolla Qarabağ münaqişəsinə cəlb etmək istəyir.

Bundan əlavə, erməni revanşistləri, Sasna Tsrer və Daşnaksütyun kimi erməni millətçi qrupları var. Bu qruplar mübarizəni davam etdirir, Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmaları ilə razılaşmırlar və nədənsə onları üstələməyə çalışırlar. Rusiya onlar üçün, öz sözləriylə desək, bir qərarverən deyil. Azərbaycan da qalib kimi Ermənistanın hər hansı təxribatına sərt cavab verir.

- Atışmaların idarə olunmayan yeni bir hərbi əməliyyata çevrilməsi riski varmı? Yoxsa Rusiya hər şeyi nəzarətdə saxlayır və istənilən cəhdləri dayandırır? Yəni, görünür, sakit görünsə də, Moskva hər şeyi görür, Moskva hər şeyi idarə edir, Moskva hər şeyi bilir ... və qərar verəcək

- Hərbi əməliyyatların baş vermə riski azdır. O ki qaldı görməyə və qərar verməyə ... Görən tək Moskva deyil. Azərbaycan hərbi əməliyyatların bərpasında maraqlı deyil. Ermənistan da daha bir amansız məğlubiyyətdən qorxaraq buna çalışmır.

- Rusiya, Azərbaycan və Ermənistan liderləri payızda görüşsələr, hansı məsələlər prioritet olacaq?

- İlk növbədə, nəqliyyat dəhlizlərinin blokdan çıxarılması, yenidən atəş açılmaması üçün etimad tədbirləri yaradılması, humanitar məsələlər- mübadilə, sərhədlərin demarkasiyası və delimitasiyası və qarşılıqlı təbliğat dərəcəsinin ümumi azalması. İlin sonuna qədər tərəflər konkret nəticələrə və razılaşmalara gələ bilərlər. Hətta Paşinyan danışıqları bərpa etməyin zəruriliyindən danışmağa başladı. Ümumiyyətlə, kəskin problemlərin həllinə çıxmaq lazımdır. Payızda üçtərəfli danışıqların yeni mərhələsi gözlənilir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri vədigər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə