İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi böyük rezonans doğurub ŞƏRH

İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi böyük rezonans doğurub ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi bu gün dünya mətbuatında geniş şəkildə işıqlandırılıb. Azərbaycan Prezidentinin hər bir cümləsində qətiyyətli və cəsarətli mövqeyi bir daha bütün dünya ictimaiyyətinə təqdim olundu. Dövlət başıçısının müsahibəsində Ermənistanın qeyri-konstruktiv hərəkətləri ilə bağlı səsləndirdiyi fikirlər Ukraynanın nüfuzlu KİV-ləri olan "RBK-Ukrayna", "İnterfaks-Ukrayna" informasiya agentlikləri, GORDON nəşri, "Censor.net" xəbər portalı və digər media orqanlarında yer alıb. Məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi başlanmalıdır. Ancaq bu günə qədər Azərbaycan Ermənistandan müsbət cavab almayıb. Cənab Prezident müsahibəsində bildirib ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın: "Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir".

Məqalələrdə, həmçinin sülhün bərqərar olması üçün Zəngəzur dəhlizinin yaradılması və bütün ticarət əlaqələrinin bərpa edilməsi diqqətə çəkilib. "Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir", - deyən Cənab Prezident bildirib ki, hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir: "Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq". Cənab Prezident Ermənistanda ifrat millətçiliyin, türkofobiyanın, azərbaycanofobiyanın, islamofobiyanın insanların və hakim dairələrin beyinlərini zəhərlədiyini qeyd edərək, onların bunu istəsələr də, dilə gətirə bilmədiklərini ifadə edib. "Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır", - deyən Prezident onların otuz il ərzindəki ideoloji sütunlarının darmadağın edildini, mifologiyanın darmadağın edildiyini müsahibəsində bildirib: "Erməni ordusunun "müzəffər ordu" olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi". Dərc olunan məqalələrdə eyni zamanda, Prezident İlham Əliyevin Rusiyanın Ermənistanı silahlandırması, Rusiya sülhməramlılarının üçtərəfli sazişin prinsiplərinə tam riayət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda, yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri də diqqətdən kənarda qalmayıb. İranın İRNA agentliyi, "Mehr", İRİB, "Arannews" saytları da Azərbaycan Prezidenti İlham Əliyevin müsahibədəki fikirlərinə dair materiallar dərc edib.

Yazılarda qeyd olunan fikirlər maraq doğurur. Məqalələrdə bildirilir ki, Prezident İlham Əliyevin "3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran) əməkdaşlıq əlaqələrinin gücləndirməsi" fikri region dövlətləri üçün məqbuldur. Bu əməkdaşlıq iqtisadi inkişafa və siyasi sabitliyə qarant ola bilər. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və onun region dövlətləri üçün faydası haqqında söylədiyi fikirlərə İran mətbuatı da geniş yer ayırıb. Dəhlizin açılması ilə Ermənistanın həm İran, həm də Rusiya ilə nəqliyyat əlaqəsi yaranacağı vurğulanıb. Cənab Prezidentin müsahibəsində toxunduğu məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr üçün ciddi bir mesajdır. Dövlət başçısı bildirib ki, Ermənistanın Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək: "Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir".

Prezident İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi böyük rezonans doğurub və bir daha dünya ictimaiyyətinə Azərbaycanın haqlı, ədalətli mövqeyini nümayiş etdirib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə