İşğaldan azad olunan ərazilərimizin bərpasının zamana ehtiyacı var ŞƏRH
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni Zəfər gününü həkk etdi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bunlar Azərbaycanın rəşadətli əsgər və zabitlərinin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "CNN Türk" televiziya kanalına müsahibəsində bildirdiyi kimi, "Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi".
Vətən müharibəsi dövründə Prezident İlham Əliyev dünyanın 30-dan artıq aparıcı KİV-lərinə, o cümlədən tanınmış televiziya kanallarına müsahibələr verərək, Azərbaycanın haqlı mövqeyini, münaqişənin yaranma səbəblərini, Ermənistanın işğalçılıq siyasətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu.
"100-DƏN ÇOX MÜLKİ ŞƏXS, O CÜMLƏDƏN QADINLAR VƏ UŞAQLAR HƏLAK OLDULAR"
Azərbaycan müharibənin ilk günlərində döyüş meydanında öz gücünü göstərdi və elə bir müharibə apardı ki, bütün dünya bunu izlədi. "İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı", - deyən Cənab Prezident bildirib ki, 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq: "Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə, - o qədər də böyük şəhər deyil, - 20 minə yaxın raket düşmüşdür". Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam etməsi onu göstərmiş oldu ki, təzavüzkar siyasətini davam etdirir. Ermənistan Silahlı Qüvvələrinin Bərdə və Tərtər şəhərlərini "Smerç" raketindən atəşə tutması erməni vəhşiliyinin daha bir nümunəsi oldu. Bu bir daha Ermənistan tərəfinin Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizliyini təsdiqlədi. Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri "Smerç" raketləri ilə atəşə tutaraq, şəhərdə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirdi. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak oldu, 70-ə yaxın mülki şəxs yaralandı. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Bütün bu və ya digər olaylara baxmayaraq, Azərbaycan qətiyyətli mövqeyini, iradəsini, gücünü nümayiş etdirdi. "Azərbaycan xalqının iradəsini qıra bilmədilər", - deyən Prezident müsahibəsində müharibə dövründə yaxınlarını, qohum-əqrəbalarını itirmiş insanların fikirlərini də ifadə edib: ancaq irəli getməliyik.
"AZƏRBAYCAN XALQI BU VƏZİYYƏTLƏ HEÇ VAXT BARIŞMAYACAQ, NƏYİN BAHASINA OLURSA-OLSUN ÖZ DOĞMA TORPAQLARINI İŞĞALÇILARDAN AZAD EDƏCƏK VƏ BELƏ DƏ OLDU"
Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, ölkəmizin xoşməramlı səylərinə, Ermənistanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalırdı. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalanmışdır. 26 il atəşkəs rejimində Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozuldu. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də, beynəlxalq hüququn normalarını kobud şəkildə pozub. Bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına laqeydlik göstərmişdirlər. Azərbaycanın haqlı tələblərinə məhəl qoyulmayıb. Cənab Prezident 30 il ərzində torpaqlarımızın işğal altında olmasının böyük ədalətsizlik olduğunu və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğunu bildirib. "Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu".
"ƏGƏR YENƏ DƏ ERMƏNİ FAŞİZMİ BAŞ QALDIRMAĞA CƏHD BELƏ GÖSTƏRSƏ, BİZ ONUN BAŞINI BİR DAHA ƏZƏCƏYİK"
Cənab Prezident müsahibəsində həm Ermənistana, həm də havadarlarına ciddi mesajlar verərək, düşmənə bir daha xəbərdarlıq etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, biz onun başını bir daha əzəcəyik: "Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır". Vətən müharibəsində onlara Azərbaycan yetərincə dərs verdi və 44 gün ərzində işğalçıları öz torpaqlarından qovdu. Tarixi ədalət bərpa olundu. Azərbaycan ermənilərə elə bir dərs verdi ki, bunu tarix boyu unutmayacaqlar. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən təslim oldu.
"30 İL VƏTƏN HƏSRƏTİ İLƏ YAŞAMIŞ İNSANLAR TEZLİKLƏ ÖZ YURDLARINA, ÖZ TORPAĞINA QAYITMAQ İSTƏYİRLƏR"
Artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. İllərdir yurd-yuva həsrəti ilə yaşayan insanlar öz yaşadıqları yurd yerlərinə dönəcəklər. "30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər", - deyən Cənab Prezident diqqətə çatdırıb ki, işğaldan azad olunan yerlərdə bütün evlər, bütün şəhərlər dağıdılıb: "Siz indi bölgələrə gedəcəksiniz, səfər edəcəksiniz, görəcəksiniz ki, Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayırdı. Şəhərdə bir dənə salamat bina qalmamışdır. Yəni, bütün binaları işğal dövründə erməni vəhşiləri yerlə bir etmişlər". Dövlət başçısı həmçinin, Füzuli şəhəri, digər şəhərlərin və bütün kəndlərin də ermənilər tərəfindən dağıdıldığını bildirib. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Bu günə qədər yüzdən artıq vətəndaşımız minaya düşərək, xəsarət almış və onlarla insan həyatını itirmişdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Onu da xüsusi olaraq qeyd etməliyik ki, bu xəritələrin təhvil verilməsi işğaldan azad edilmiş ərazilərimizdə tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.
Dövlət başçısı müsahibəsində Ermənistanın bizə minaların xəritələrini vermədiyini və son mərhələdə verilən xəritələrin dəqiqliyinin cəmi yüzdə iyirmi beş faiz olduğunu bildirib: "Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır".
Bu gün artıq Azərbaycan Ermənistan üzərindəki qələbədən sonra işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlayıb. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Dini-mədəniyyət abidələrimiz təmir və bərpa olunur, infrastruktur qurulur. "30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir", deyən Prezident bizim burada əsas rəqibimizin zaman olduğunu bildirib: "Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır".
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın dinamik inkişafı tezliklə işğaldan azad olunan ərazilərimizin bərpasına imkan verəcək və illərdir vətən həsrəti ilə yaşamış insanlar qısa bir zamanda öz yurdlarına, doğma ocaqlarına dönəcəklər. Buna hər gün dövlətimiz tərəfindən atılan addım əminlik yaradır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB