Erməni hərbi eksperti: Hansı revanşdan danışırsınız? ANALİTİK+ŞƏRH
Van Ambarsumyan: “İkinci Qarabağ müharibəsində Ermənistanın silahlı qüvvələri 30 il boyunca topladığı hərbi texnikasının 90%-ni itirib”
Ermənistanın hərbi texnikası yoxdur, döyüşmək əhval-ruhiyyəsi sındırılıb, Qarabağda revanş mümkün deyil. SİA xəbər verir ki, bunu özünün YouTube kanalında erməni hərbi eksperti Van Ambarsumyan deyib.
“Hərbi revanşa qərar vermək üçün Ermənistan öz silahlı qüvvələrini bərpa etməlidir ki, buna da uzun illər lazım olacaq”, deyən Ambarsumyanın sözlərinə görə, İkinci Qarabağ müharibəsində Ermənistanın silahlı qüvvələri 30 il boyunca topladığı hərbi texnikasının 90%-ni itirib. Eyni zamanda, erməni ordusu nəhəng sayda canlı qüvvəsini də itirib, xüsusilə, zabit və xüsusi xidmət heyətindən.
Onun sözlərinə görə, hərbi elm nöqteyi-nəzərindən sıravinin itirilməsi bir tərəfdir, lakin müqaviləli, peşəkar zabiti itirmək isə ayrı məsələdir və həmin itkilərin yerlərini doldurmaq üçün uzun illərə ehtiyac var.
“Bir aneqdotda olduğu kimi – erməni ordusu 44 günlük müharibədə azərbaycanlıları hərbi texnika cəhətdən təmin edirdilər”
Ambarsumyan bildirir ki, müharibə zamanı azərbaycanlı hərbçilər böyük sayda erməni texnikalarını qənimət olaraq ələ keçirib. “Mən görəndə ki, azərbaycanlılar Qarabağda növbəti hərbi hissəni ələ keçirərkən orada nə qədər hərbi texnika var, sadəcə, şoka düşdüm. Yəni bizim hərbi birləşmələr geri çəkilərkən, hətta hərbi texnikaları məhv belə etmirdilər ki, düşmənin əlinə keçməsin. ZRBQ, tanklar, müasir tank əleyhinə komplekslər – hər şey Azərbaycanın əlinə keçdi. Özü də bütün cəbhə xətti boyu. Bir aneqdotda olduğu kimi – erməni ordusu 44 günlük müharibədə azərbaycanlıları hərbi texnika cəhətdən təmin edirdilər. Bakıdakı Hərbi Qənimətlər Parkına baxın və hər şeyi anlayarsınız”, erməni hərbi eksperti deyib.
Onun sözlərinə görə, bir çox obyektiv səbəblərə görə Ermənistan silahlı qüvvələrinin material-texniki bazasını bərpa etmək indi, sadəcə, mümkün deyil.
“Bizim ölkəni defolt gözləyir və indi hərbi texnikanın alınması vaxtı deyil”
“Lakin ən acınacaqlısı budur ki, Qarabağda hərbi texnikalar məhv edildi, o cümlədən havadan müdafiə kompleksləri ki, Ermənistan onları kreditlər əldə etmişdi”, deyən hərbi ekspertə sual edib: “Ermənistan yeni texnikaları özünün daxili və xarici borcları ilə, kredit vasitəsi ilə yendən necə əldə edəcək? Bizim ölkəni defolt gözləyir və indi hərbi texnikanın alınması vaxtı deyil”.
O, bundan əlavə bildirib ki, məğlubiyyət səbəbindən erməni xalqının döyüşmək ruhu sındırılıb. “Buraya Ermənistana təhlükə yaradan itimiqyaslı mühacirətləri də əlavə etmək lazımdır. Gənclər burada yaşamaq arzusunda deyillər. Müharibəyə qədər də Ermənistanda hərbi çağırışlarla bağlı problemlər yaşanırdı, şəxsi heyətin toplanmasında güclü çatışmazlıq hökm sürürdü. İndi çağırışçılarla bağlı daha böyük problemlər olacaq. Bu qədər problem yükü ilə revanş barədə danışmaq olarmı?”, deyə V.Ambarsumyan haqlı olaraq sual edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB