COVID-19-la mübarizədə həmrəy olaq TƏHLİL

COVID-19-la mübarizədə həmrəy olaq TƏHLİL

Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Əlbəttə ki, bu günün statistik göstəriciləri bir daha hər birimizi bu vaksinasiya prosesində aktiv iştirak etməkdə məsuliyyətli olmağa səsləyir. Özümüzü və yaxınlarımızı bu qorxulu bəladan, infeksiya təhlükəsindən qorumaq üçün vaksinasiya prosesində iştirak zəruridir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun "delta" ştamının yayıldığı ölkələrin və ərazilərin sayı avqustun 4-dən 10-na qədər artaraq 135-dən 142-yə çatıb. Bu, onu göstərir ki, virus sürətlə yayılmaqdadır. Son rəqəmlərə istinadən, deyə bilərik ki, koronavirus infeksiyasına 4,2 milyondan artıq yeni yoluxma halı aşkar edilib. Bununla belə, ölümlə nəticələnən halların sayı əvvəlki həftə ilə müqayisədə 2 faiz artıb, cəmi yeddi gün ərzində 65 mindən çox ölüm halı qeydə alınıb. ÜST-nin məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa 203 944 144 yoluxma halı aşkar edilib, 4 312 902 nəfər həyatını itirib. Bu rəqəmlərə əsaslanaraq deyə bilərik ki, vaksinasiyaya hər kəs məsuliyyətlə qoşulmalıdır ki, pandemiyaya birdəfəlik yox deyək.

Bildiyimiz kimi, Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-də başlanılıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 12 avqust tarixində təkcə bir gündə Azərbaycanda 64 min 280 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 min 337 nəfər təşkil edib. Ölkəmizdə vurulan vaksinlərin ümumi sayı 5 milyon 607 min 591, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 287 min 430, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 320 min 161 nəfər təşkil edir. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının son günlər kəskin şəkildə artması narahatçılığa səbəbdir. Bu rəqəm artıq iki mini ötüb. Belə ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2674 yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq, sağalıb. Analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 359 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 min 21 nəfər müalicə olunaraq sağalıb, 5 min 109 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 602 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 575, bu günə qədər isə ümumilikdə 4 milyon 164 min 163 test icra olunub.

Mütəxəssislərin qənaətinə görə, ağır COVID-19 xəstələrinin 98 faizi peyvənd olunmayanlardır. İndiyədək ölkədə 5 mindən artıq insanın bu virusdan dünyasını dəyişməsi faktı vətəndaşları daha məsuliyyətli olmağa sövq etməlidir. COVID-19-a qədər dünyada təsadüf olunan inkfeksiyaların qarşısının alınmasında peyvəndlənmə mühüm rol oynayıb. İnsanlar peyvənd vurdurmaqla yanaşı, gigiyena qaydalarına əməl etməyi də diqqətdə saxlamalı, sosial məsafəni gözləməlidirlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə