Həssas kateqoriyalı insanlar dövlət qayğısı ilə əhatə olunub TƏHLİL

Həssas kateqoriyalı insanlar dövlət qayğısı ilə əhatə olunub TƏHLİL

Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğı cəmiyyətin bütün təbəqələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli təşkil edir. Əlbəttə ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir.

"ƏN HƏSSAS KATEQORİYADAN OLAN VƏTƏNDAŞLAR, İLK NÖVBƏDƏ, DÖVLƏT TƏRƏFİNDƏN QAYĞI İLƏ ƏHATƏ OLUNMALIDIR"

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət və pensiya ilə yanaşı, Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, "Mən şəhid ailələri ilə son illər, yəni bütün bu 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də təbii ki, onların məişət problemlərini həll edim". Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar şəhid, eləcə də əlil olan insanlara diqqət və qayğının göstəricisidir. Bizdə bu sahədə tətbiq olunan prinsiplərin öz unikallığı ilə seçildiyini bildirən dövlət başçısı bildirib ki, bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin: "Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu, onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır".

"BU İL 3 MİNƏDƏK ŞƏHİD AİLƏSİ, MÜHARİBƏ ƏLİLİ EVLƏRLƏ, MƏNZİLLƏRLƏ TƏMİN EDİLƏCƏK"

Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. İcra olunan sosial layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Belə ki, indiyədək 7000-dən artıq müharibə əlili avtomobillə təmin olunub. 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib. 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev bildirdiyi kimi, "Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək".

"BU SAHƏDƏ AZƏRBAYCANDA APARILAN SİYASƏT ƏN HUMANİST SİYASƏTDİR, ƏN ƏDALƏTLİ SİYASƏTDİR VƏ VİCDANLI SİYASƏTDİR"

Bütün bunlarla yanaşı, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində cari ilin birinci yarımillikdə 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Göründüyü kimi, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Bu söz ilə əməlin vəhdətidir. Qeyd etdiyimiz göstəricilər bunu bir daha təsdiqləyir. Dövlət başçısının vurğuladığı kimi, "Həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik."

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə