Bu gün gizli düşmən adlandırdığımız yeni növ koronavirus COVID-19 infeksiyası ilə mübarizə davam etdirilir. Koronavirusun dünyada geniş vüsət almasını nəzərə alsaq, daha məsuliyyətli olmalıyıq. Əlbəttə ki, tətbiq edilmiş karantin rejiminin qaydalarına əməl etmək hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Belə ki, kütləvi toplanma hallarına yol verilməməli, maskadan lazımı, tələb olunan şəkildə istifadə olunmalı, sosial məsafə gözlənilməlidir. İctimai nəqliyyatdan istifadə zamanı bütün tələblərə riayət olunmalıdır. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı pandemiyaya qarşı mübarizədə hər kəsi həmrəy olmağa səslədi. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq"
Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus - COVID-19 pandemiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısını almış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar reallaşdı. Pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılması, bütün texniki-təşkilati məsələlər uğurla həllini tapmış oldu.
AZƏRBAYCAN QLOBAL TƏHLÜKƏNİN MİNİMALLAŞDIRMAQ ÜÇÜN ƏN SƏMƏRƏLİ TƏDBİRLƏR HƏYATA KEÇİRƏN ÖLKƏLƏRDƏN BİRİDİR
Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan dünyada pandemiya qurbanlarının sayına görə sonuncu yerlərdən birində qərarlaşır. Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi də əbəs deyil. ÜST ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Dünya standartlarına cavab verən "Yeni klinika" da istifadəyə verildi. Ölkəmizin 40-dan artıq xəstəxanasında, eləcə də modul tipli xəstəxanalarda COVİD-19-a yoluxmuş xəstələr müalicə alırlar.
COVID-19 TESTİ POZİTİV OLANLARIN 90 FAİZİNDƏN ÇOXU PEYVƏND OLUNMAYAN VƏTƏNDAŞLARDIR
Bütün dünya üçün təhlükəli virusa çevrilən COVID-19 pandemiyası ilə mübarizə hələ də davam etməkdədir. Son dövrdə Azərbaycanda yoluxma və bununla bağlı ölüm hallarının artması müşahidə olunmaqdadır. İki həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu gün artıq 1200 nəfəri ötüb. Bu rəqəm ölkəmizdə virusun yayılma sayında artımın kifayət qədər olduğunu biruzə verir. Vurğulamaq yerinə düşər ki, bu gün dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVİD-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə edilir. Belə ki, qonşu Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir. Gürcüstanda son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib. Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb. İranda isə yoluxmada son vaxtların maksimum göstəricisi qeydə alınıb və təkcə bir gündə 39 min 619 nəfərdə yoluxma qeydə alınıb. Qeyd olunmalıdır ki, virusun yeni ştammlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır. Ölkəmizdə də mövcud vəziyyət həyəcən təbili çalır. Bu gün koronovirusa qalib gəlməyin yeganə yolu vaksinasiya olunmaqdır. Xatırladaq ki, vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan Cənubi Qafqazda isə ilk olaraq vaksinasiya işlərinə start vermiş ölkədir. Peyvəndləmə səviyyəsi baxımından isə MDB ölkələri arasında lider mövqelərdədir. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Artıq bu gün ölkəmizdə əhaliyə koronavirusa qarşı 5 milyon dozadan çox vaksin vurulub. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Mütəxəssislərin fikrincə, elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Odur ki, vətəndaşların vaksinasiyası zəruridir. Peyvəndlənmənin aparılması hər bir insanın özünü və ətrafındakıları qorumaq üçün ən yaxşı vasitədir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verir və şübhəsiz ki, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr öz bəhrəsini verəcək.Artıq avqustun 9-dan etibarən, ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə "Əks-göstəriş sertifikatı"nın verilməsinə başlanılıb. Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırılır ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Ölkəmizdə qapalı məkanlarda tibbi maska, digər qoruyucu vasitələr, dezinfeksiyaedici maddələrdən istifadə də diqqətdə saxlanılır. Əhali arasında karantin rejiminə riayət olunması məqsədi ilə maarifləndirmə işləri davamlıdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB