“İran Azərbaycanın mövqeyini nəzərə almalıdır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə xarici ölkələrdən də nümayəndələr qatılıb. Qonaqların arasında vəzifəsinə görə, bircə Paşinyan idi”. Bunu SİA-ya açıqlamasında politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, Paşinyan da bunu xüsusi olaraq edir: “Yəni Azərbaycana göstərmək istəyir ki, Ermənistanın İranla münasibət yüksək səviyyədədir. Burada Ermənistanın mövqeyini başa düşüləndir, yəni bu gün Ermənistan tək qalıb və heç kəs tərəfindən dəstəklənmir. Bu şəkildə özünü İranla yaxın göstərməyə çalışır. Amma İran bu məsələdə diqqətli olmalıdır və başa düşməlidir ki, Azərbaycan belə məsələlərə həssaslıqla yanaşır. Azərbaycan andiçmə mərasimində Milli Məclisin sədri ilə təmsil olunmuşdu. İran mövqeyini bildirirdi ki, elə o səviyyədə də Ermənistan təmsil olunsun. Bu dünyada da qəbul olunmuş bir formadır ki, yeni seçilmiş prezident və yaxud baş nazir hansı ölkəyə birinci səfər edirsə, bunun bir mənası var. Düzdür, Paşinyanın İrana bu səfəri rəsmi deyil. Amma hər halda görüşdülər və müəyyən məsələlər müzakirə etdilər. Eyni zamanda, İran tərəfinin məsələyə münasibəti də diqqətimizdə oldu. Yəni, Qarabağla bağlı tərəf məsələsində müəyyən narazılığını bildirdi və eyni zamanda, danışıqlar prosesinə dəstək verməyə hazır olduqlarını bildirdi. Ümumi bir mövqedir”.
A.Nağı bildirdi ki, İran proseslərin içərisində deyil: “Nəyəsə İranın təsir etmə imkanları yoxdur. Sadəcə olaraq, İrandan ancaq onu gözləyək ki, Ermənistana dəstək verməsin və Ermənistanı reallıqla hesablaşmağa səy göstərsin. Bu istiqamətdə İbrahim Rəisinin verdiyi açıqlamasında bunu müəyyən qədər hiss etdik. İranın yeni prezidenti də Ermənistanın başına ağıl qoymağa çalışır ki, reallıq var və o reallıqla da hesablaşmaq lazımdır. O istiqamətdə İran siyasətini qurarsa hesab edirəm ki, düzgün mövqe olar və Azərbaycanda bununla razılaşar. Yox, əgər Ermənistana dəstək verəcəklərsə, onda bu çox pis nəticələr verə bilər. Bildiyiniz kimi, bu ərəfədə İranın Ermənistandakı səfirinin sərhəd xəttinə səfəri və orda münasibət bildirməsi xoşagələn bir hadisə deyil. Bu baxımdan, bu məsələlərdə İran Azərbaycanın mövqeyini nəzərə almalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB