“Jirinovski bütün zamanlarda Kremlin əlində siyasi bir alət olub” -POLİTOLOQ ŞƏRH ETDİ

“Jirinovski bütün zamanlarda Kremlin əlində siyasi bir alət olub” -POLİTOLOQ ŞƏRH ETDİ

“Jirinovski bütün zamanlarda Kremlin əlində siyasi bir alət olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Jirinovski hər zaman Kremlin sifarişi ilə parlamentə dırnaqarası seçilib: “Yəni seçilən partiyalar arasında hər zaman “Liberal Demokratlar Partiyası” parlamentə düşə bilib və bu, xüsusi xidmətlərinə görədir. Və zaman-zaman Jirinovskiyə imkan verilir ki, Rusiyanın imperiya siyasətini rahatlıqla dilə gətirə bilsin və Rusiya bunun nəticəsində hər zaman potsovet ölkələrinə mesajını çatdıra bilib. Belə bir siyasət Rusiyanın xarici siyasətinin əsas tərkib hissələrindən biri olub. Bu günün özündə də eynən davam edir və hələ onların siyasətində dəyişən bir şey yoxdur. Jirinovskinin bu açıqlamasını düşünürəm ki, özünün sadəcə boğazdan yuxarı səsləndirdiyi fikirləri kimi yox, birbaşa Kremlin sifarişi əsasında bəyan etdiyini demək istəyirəm. Ona görə də Jirinovskini ciddi bir fiqur kimi də qəbul etmək lazım deyil.

Xatırlayırsınızsa, Jirinovskinin Azərbaycana səfəri olmuşdu. Bu səfər çərçivəsində Jirinovski kimi adamlarla müəyyən mənada münasibətlərin tənzimlənməsi düşünülürdü və bəzi tarixi reallıqları da bu səfər çərçivəsində Jirinovskiyə və onun kimi adamlara anlatmaq istəyirdilər. Ancaq bu səfərdən sonra belə Jirinovskinin çıxışlarında dəyişən heç nə olmadı. Ona görə ki, o, hec zaman reallıqları, düzgünlüyü heç zaman dilinə gətirməyib və məncə də gətirməyəcək. Onun parlementdə təmsilçiliyi və hətta parlamentdə spiker müavinliyi vəzifəsinə gətirilməsi onun bilavasitə siyasi alət olmasını göstərir. Bilirsiniz, yaxşı bir deyim var. Pulu kim verirsə, toyda musiqini o sifariş verir. Jirinovski də təxminən bu konteksdə fəaliyyət göstərən bir siyasətçidir. Ona görə də açığı mənə elə gəlir ki, Jirinovskinin bu cür açıqlamalarını və daha çox sərsəm açıqlama kimi deyil, daha çox Rusiyanın sifarişi kimi qəbul etmək və buna adekvat şəkildə münasibət bildirmək lazımdır. Mən düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya müvəqqəti işlər katibini çağırması yəni Rusiya səfirini əvəz edən şəxsi çağırması və ona nota təqdim etməsi doğru bir addım idi. Bu, Azərbaycan dövlətinin mövqeyini ortaya qoyması anlamına gəlir və eyniz zamanda, o anlama gəldi ki, Azərbaycan artıq o dövlətlərdən deyil ki, Rusiyanın hər musiqisinə qol qaldırıb oynasın.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə