"Azərbaycan kimi partnyoru itirmək olmaz" - MÜSAHİBƏ

AMİP siyasi şurasının üzvü Əli Orucov SİA-ya müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

- Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Azərbaycana və Azərbaycan xalqına qarşı qərəzli mövqedən çıxış edib. Sizcə, hələ cənab Prezidentin Rusiya səfərindən yenicə qayıtdığı və sərhəddə gərginliyin olduğu bir vaxtda bu sərsəm bəyanatları səsləndirmək nə qədər düzgündür və nəyə hesablanıb?

- Jirinovskinin bəyanatından sonra təəssüf ki, Azərbaycanda bu məsələyə o qədər də ciddi yanaşmadılar. Bəziləri onu sağlam düşüncəsi olmayan, bəziləri oyuncaq, kimisi də ağılsız adam kimi qələmə verməklə bir növ məsələnin üstündən keçməyə çalışırdılar. Onu ağılsız, oyuncaq adlandırsalar da mən belə düşünmürəm. Jirinovski kifayət qədər təcrübəli siyasətçidir. Jirinovski Rusiya Dumasında Fraksiya rəhbəridir və geniş deputat qrupu var. 40-dan çox onun Fraksiyasının parlamentdə üzvü var. Eyni zamanda dəfələrlə prezdentliyə namizəd olub, hüquq elmlər namizədir və s. Bütün bunlar göstərir ki, Jirinovskiyə qeyri-ciddi yanaşmaq, dediklərini görməzdən gəlmək olmaz. Əksinə bu məsələnin dərinliyinə gedib analiz etmək, nəticələrini çıxarmaq və adekvat cavabını vermək lazımdır. Təəssüf ki, bu adekvat cavabı da görmədik. Jirinovski nədən indi belə bəyanat verir. Bilirsiniz ki son vaxtlar Azərbaycana basqılar daha çox artıb. Yəni 44 günlük zəfərimizin ardından istər Rusiya, istər də Qərbin basqıları var. Doğrudur Rusiya özünü Azərbaycana strateji müttəfiq, dost kimi göstərir. Amma nəzərə almaq lazımdır ki, Rusiya imperialist siyasətini davam etdirir. Rusiyanın imperialist siyasəti nədir? Kökə və qamçı. Bir tərəfdən özünü dost kimi, Azərbaycana strateji müttəfiq kimi göstərir. Digər tərəfdən sistem müxalifəti olan Jirinovskilərin, yaxud digər qrupların və deputatların dili ilə Azərbaycanı təhdid edir. Nədən təhdid edir? Bunun səbəbi mənim fikrimcə, 44 günlük savaşdan sonra imzalanan bəyanatda göstərilən maddələrdən biri də Naxçıvanla Azərbaycanı birləşdirən o dəhlizin açılma məsələsidir. Amma indiyədək açılmayıb və Azərbaycan da bu məsələdə israr edir. Bu bir məsələ. İkinci bir məsələ cənab Prezidentin dəfələrlə Rusiyadan S-400 raketlərinin İrəvanın əlinə necə keçməsi ilə bağlı sualı hələ də cavabsız qalıb. Eyni zamanda rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti Azərbaycanı qane eləmir. Bu rəsmi şəkildə dəfələrlə səsləndirilib. Çünki orada ermənilərin əl-qol açmasına geniş imkanlar verilir. Sərhədlərimiz bizim icazəmiz olmadan, razılaşdırılmadan ayrı-ayrı adamlar tərəfdən pozulur. Gediş-gəliş sərbəstliyi verilir. Bütün bunların hamısı Azərbaycanda narahatlıq doğurur. Mən onu da düşünürəm ki, son zamanlar Pakistan, Türkiyə və Azərbaycan arasında əlaqələrin dərinləşməsi Rusiyanı qıcıqlandırır. Həmçinin cənab Prezdentin qətiyyətli çıxışları və duruşu səbəbindən Rusiya Jirinovskinin əli ilə bu cür təhdidlər yağdırır.

- Rusiyanın özündə Jirinovskiyə münasibət necədir?

- Populist siyasətçidir. Buna görə də onun fikirlərinə ciddi və qeyri-ciddi yanaşanlar var. Tərəfdarları var. Yenə deyirəm, Jirinovski sıradan bir adam deyil, onun partiyası Rusiya partiyasında təmsil olunur. Rusiyada da elə bir demokratik ab-hava yoxdur ki, sistemin və hakimiyyətin icazəsi olmadan belə bir böyük partiya yaransın. Deməli, burada hardasa açıq ya gizli Kremlin əli və dili var. Sadəcə bunu Jirinovski kimi populist və avanturist siyasətçinin əli ilə verirlər. Amma biz buna sərt reaksiya göstərsək, bir daha belə bir addım atmadan öncə düşünüb-daşınmalı olacaqlar. Deyəcəklər ki, yox, Azərbaycanda belə məsələlərə ciddi yanaşırlar. Azərbaycan kimi bir strateji önəmi olan partnyoru itirmək olmaz.

- Paşinyan Zəngəzur dəhlizi ilə bağlı çıxış edərkən deyib ki, dəhliz açılsa da, burada erməni gömrüyü olacaq və azərbaycanlılar erməni gömrüyündən keçməklə dəhlizdən istifadə edə bilərlər. Sizcə, bu nə dərəcədə məntiqli bir çıxışdır?

- Bu gün Rusiya rəsmiləri də açıq şəkildə bildirirlər ki, Azərbaycanla Ermənistan arasındakı hazırda ən əsas məsələ dəhliz məsələsidir. Bu bəyanatın əsas məsələsidir. Zəngəzur dəhlizi açılmalıdır və ona Ermənistan deyil, Rusiya Federal Təhlükəsizlik Təşkilatı nəzarət etməlidir. Ermənistan bu gün bunu öz istəyinə uyğunlaşdırma istəyirsə, bu mümkün deyil. Çünki Rusiya açıq şəkildə göstərib ki, heç kim bu bəyanatı poza bilməz. Kimdə pozmağa çalışsa, bu onun üçün baha başa gələcək. Buna görə də, mən düşünmürəm ki, Ermənistan belə bir addım ata bilsin. Sadəcə olaraq, daha böyük güzəştlər qoparmaq istəyir. Daha əlverişli fürsətlər əldə etmək istəyirlər. Buna görə də, müəyyən təxribat əməllərinə yol verirlər. Bu yaxınlarda Paşinyan Rusiyaya səfər edəcək. Yəqin ki, bu məsələlər daha detallı şəkildə bir də araşdırılacaq və müzakirə ediləcəkdir. Ermənistanın başqa yolu yoxdur. Cənab Prezidentin də dediyi kimi bu dəhliz onlar istəsələr-istəməsələr də açılacaq. Bu həm də Rusiyanın maraqlarına uyğundur. Çünki Şərqi Avropa ilə birləşdirilən bu dəhliz Rusiyanın nəzarəti altında olacaq. Rusiya bu fürsəti əlindən qaçırmaq istəməz.

- Rusiyalı politoloq Yevgeni Mixayılovun Ermənistanın atəşkəsi pozmağının arxasında ABŞ və Fransa dayanır ifadəsi ilə siz razılaşırsınızmı?

- Burada maraqlı qüvvələr ola bilər. Çünki ordusu darmadağın olmuş bir ölkə belə riskli addımlar ata bilməz. Deməli bunları cəsarətləndirən qüvvələr var. Bu qüvvələr də özünü açıq şəkildə büruzə verir. Məsələn, Fransa Emənistanı birmənalı olaraq müdafiə edir. Baxmayaraq ki, bu ölkə Minsk qrupunun üzvü olub. Halbuki bu qurum münaqişənin həllində birbaşa vasitəçi və bitərəf olmalı idi. Amma biz Minsk qrupunun bitərəfliyini nə 44 günlük müharibədə, nə də ki, ondan sonrakı dövrdə görmədik. Eyni zamanda burada Ermənistanın məqsədi Rusiyanı münaqişəyə cəlb etmək ola bilər. Buna müharibə dövründə cəhd etdilər ki, Moskva onların yerinə Azərbaycanla vuruşsun. Ancaq bu alınmadı. İndi də KTMT və Rusiyanı cəlb etmək istəyirlər. Hətta Paşinyan açıq şəkildə dedi ki, əgər KTMT və Rusiya olmasa, biz Amerikanı və Fransanı dəvət edəcəyik. Bütün bunlar göstərir ki, burada üçüncü qüvvələrin marağı ola bilər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə