"Bu iddiaları tirajlamaq kimə lazımdır?" - ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Son zamanlar sosial şəbəkələrdə parlamentin buraxılacağı və referendum keçiriləcəyi barədə iddialar geniş vüsət almışdır. Reallığa qətiyyən uyğun olmayan bu fikirlərin kökündə nə dayanır? Hansısa adı çəkilməyən “məlumatlı” şəxslər adından bu iddiaları tirajlamaq kimə lazımdır?”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə keçirilən prezident seçkilərində böyük üstünlüklə qələbə qazanmış cənab İlham Əliyevin seçkiqabağı platformasının əsasını islahatların dərinləşməsi konsepsiyası təşkil edirdi: “Təbiidir ki, bu addımların atılması Konstitusiyanın müəyyən müddəalarının dəyişdirilməsini zəruri edə bilərdi və bunun üçün mütləq referendum keçirilməli idi. Söhbət yaranmış 14 iqtisadi rayona uyğun olaraq inzibati-ərazi bölgüsünə yenidən baxılmasından və 12-14 vilayətin yaradılmasından, seçki sisteminin dəyişdirilərək proporsional sistemin bərpa olunmasından və digər məsələlərdən gedir. Bu barədə son dövrlər ictimai fəalların və siyasi partiya liderlərinin çoxsaylı çıxışları oldu. Belə bəyanatlara rəsmi strukturlar tərəfindən heç bir reaksiyanın verilməməsi müəyyən qüvvələr tərəfindən razılıq əlaməti kimi qiymətləndirildi. Eyni zamanda, dövlətin rəsmi qurumunun - Sosial Tədqiqatlar Mərkəzinin əhali arasında parlamentin nüfuzunun aşağı olmasını bildirən rəy sorğusunun nəticələrini elan etməsi qanunverici orqana hakimiyyətin və hakim partiyanın mənfi münasibəti kimi dəyərləndirildi”.

A.Səmədov bildirib ki, belə nəticə çıxarıldı ki, əgər parlamentin tərkibi hakimiyyəti qane etmirsə, deməli, yenidən vaxtından əvvəl seçkilərə getmək ehtimalı mövcuddur: “Xüsusilə, parlamentdə təmsil olunmayan siyasi partiyaların təmsilçiləri bu barədə daha çox danışmağa və seçkilərin keçiriləcəyinə tərəfdarlarını inandırmağa cəhdlər göstərdilər. Ancaq bu cür iddialar irəli sürənlər bir məsələni nəzərə almadılar. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. İşğal olunmuş və ermənilər tərəfindən xarabazara çevrilmiş ərazilərimiz geri qaytarıldı. Böyük Qayıdışa, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması istiqamətində möhtəşəm planlara start verildi. Qarşıda sərhədlərin delimitasiyası və demarkasiyasını təmin etmək, Ermənistanla sülh sazişi imzalaması, 10 noyabr, 11 yanvar üçtərəfli bəyanatlarının icrasının sürətləndirməsi, ilk növbədə, “Zəngəzur dəhlizi”nin açılması və s. işlərin görülməsi dövlətimizin bütün potensialını bu mühüm işlərə cəlb olunmasını tələb edir. Digər tərəfdən, dünyada tüğyan edən koronavirus pandemiyası Azərbaycana kifayət qədər problemlər yaradıb və bu səbəbdən, hətta parlamentdə boş qalan yerlərə seçkilərin keçirilməsi mümkün olmayıb. Belə vəziyyətdə parlamentin buraxılacağı və referendum keçiriləcəyi barədə yayılan iddialar reallığa uyğun deyil və yaxın vaxtlarda bu mühüm addımların atılması qətiyyən mümkün deyil. Güman edirəm ki, ictimai rəyin formalaşmasında mühüm rol oynayan siyasi partiyalar və kütləvi informasiya vasitələri bu cür iddialar səsləndirərkən son dərəcə diqqətli olmalı və cəmiyyətdə zərərli gözləntilər yaratmaqdan çəkinməlidirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...