Azərbaycan-Türkiyə – Örnək qardaşlıq birliyi ŞƏRH

Prezident İlham Əliyev: “Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir”

Prezident Rəcəb Tayyib Ərdoğan: “Can Azərbaycanın Prezidenti əziz dostuma təşəkkür edirəm”

Tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da Azərbaycan və Türkiyə daim bir yerdədir. Son günlərdə Türkiyədə baş verən meşə yanğınları zamanı bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığına şahidlik etdi. Türkiyədə baş verən meşə yanğınları ilə bağlı yaşanan fəlakət Azərbaycan xalqını da ciddi narahat edib.

Prezident İlham Əliyev iyulun 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu söyləyib. Məktubda dövlətimizin başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbərin bizi son dərəcə kədərləndirdiyini bildirib: “Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir. Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək yazıb: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-dan Türkiyədədir. FHN-in ikinci qrupu da artıq Türkiyədə təyinat məntəqəsinə çatıb. Bu qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Qrupun üzvlərinin hamısı təcrübəli yanğınsöndürənlərdir. Onların hər biri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunub.

Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da, ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb. Artıq üçüncü yanğınsöndürən təyyarəsi avqustun 5-də yola salınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər. Bütün bunlar bir daha Azərbaycanın Türkiyə ilə əsl qardaş, etibarlı dost olduğunu əyani şəkildə nümayiş etdirir.

Şad gündə də, dar gündə də həmrəy olan qardaşlar

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və meşə yanğınlarının qarşısının alınmasına öz yardımını edir. Göründüyü kimi, biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".

Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!

Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: "Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...