Oleq Panfilov: “Azərbaycanın Qarabağı geri qaytarması Qafqazda separatizmin gələcəyini sarsıdır” - MÜSAHİBƏ
Qafqazda gedən proseslər, region ölkələrinin ictimai xadimlərinin də diqqət mərkəzindədir və onlar da baş verənləri diqqətlə izləyirlər. Çünki bu proseslər regionun gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək faktordır. Gürcü professor, yazıçı, publisist Oleq Panfilov “Caliber” analitik informasiya mərkəzinə müsahibəsində bu məsələlərdən danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Oleq Valentinoviç, Qarabağdakı 44 günlük müharibənin nəticələrini necə qiymətləndirirsiniz? Azərbaycanın qələbəsi şəxsən sizin üçün təbiidirmi?
- Nikol Paşinyanın seçki kampaniyası zamanı bir neçə dəfə yazdım və dedim ki, onun qələbəsinin uğuru Qarabağ münaqişəsinin həllinin başlanğıcı olmalıdır. O və komandası özlərini müasir siyasətçi kimi göstərdikləri üçün, mən Paşinyanı uzun illər, hətta jurnalist kimi Ermənistanın o vaxtkı hökuməti ilə problem yaşadığı vaxtdan tanıyırdım. Paşinyan qalib gələndə tez -tez münaqişənin həllinin zəruriliyini yazmağa başladım, çünki güman edirdim ki, Azərbaycan güclü və zəngin bir dövlətə çevrilir və təbii ki, gec-tez Qarabağ problemini əsaslı şəkildə həll edəcək. Amma təsəvvür edə bilməzdim ki, Azərbaycan ordusu təkcə Qafqazda deyil, postsovet məkanında da müasir və güclü orduya çevriləcək.
Qəribədir ki, Türkiyənin Bakıya hərbi və siyasi yardım göstərməyə hazır olduğunu güman edə bilərdim, İrəvan isə nədənsə hələ də Moskvaya ümid edirdi. Kreml heç bir quru sərhədi olmayan Ermənistanın anklavını çətinliklə müdafiə edərdi. Bundan əlavə, Paşinyan Kremlə heç də simpatiya bəsləmir, o, Moskvada necə deyərlər, "Sorosçu"dur, yəni heç bir halda Rusiyanın müttəfiqi deyil.
- Rəsmi Bakı son aylarda dəfələrlə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Və bu düzgün istiqamətdir, çünki münaqişə bitdi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Ancaq İrəvanda nəinki dinc dialoqa hazırlıq nümayiş etdirmirlər, əksinə, "hərbi qisas"ın tərəfdarı olanların səsi getdikcə daha çox eşidilir. Ermənistan Silahlı Qüvvələrinin sərhəddə təxribatları da tez-tez baş verir. Sizcə, bu təxribatlar yeni müharibəyə səbəb ola bilərmi və Ermənistanın özünün buna gücü varmı?
- İrəvan üçün nə qədər təhqiramiz səslənsə də, kiçik atışmalar heç nəyi dəyişə bilməz- KTMT müdaxilə etməyəcək, üstəlik, Azərbaycanın hərbi potensialı erməni potensialından qat-qat çoxdur. Bu səbəbdən qarşıdurmalar, həm də qisas və "Artsax"ın "bərpası" ilə bağlı siyasi bəyanatlar, sadəcə, daxili auditoriya üçün təbliğatdır. Kreml problemi özü üçün həll etdi- Azərbaycanı dəstəkləməklə Ermənistanı o qədər zəiflətdi ki, Ermənistan-Azərbaycan sərhədini qorumaq və mahiyyət etibarilə ərazidə möhkəmlənmək üçün əlavə resurslar yerləşdirmək də daxil olmaqla ona şərtlər diktə edə bilər. Rusiyanın qorxduğu şey öz iştirakı ilə baş verdi- NATO üzvü olan Türkiyənin Qafqazda əsas oyunçulardan olması, burada ABŞ və NATO-nun varlığını artırır. Ermənistan heç bir real xarici siyasəti olmayan Rusiya anklavı olaraq qalır.
- Müharibə zamanı Gürcüstan öz ərazisindən Ermənistana silah daşınmasına icazə vermədi. Tiflisin bu mövqeyi Ermənistanın BMT-də və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstana qarşı səs verdiyinə cavab olaraq xarakterizə edilə bilərmi, yoxsa bitərəfliyi qorumaq üçün prinsipial mövqe idi?
- Düşünürəm ki, Gürcüstanın mövqeyinə erməni siyasətinin bir çox amili təsir edir- həm Abxaziya, həm də Osetiya separatizminə qeyri-müəyyən münasibət, həm də Cavaxetiyadakı erməni siyasətçilərinin separatizmi. Gürcüstandakı əksər etnik ermənilərin əksəriyyəti "Böyük Ermənistan" ideologiyasına mənəvi dəstəkdir.
Digər tərəfdən, Ermənistan KTMT üzvüdür və Gürcüstanın ərazisini işğalda saxlayan Rusiyanın tərəfdaşıdır. "Gürcü Arzusu"nun xarici siyasəti nə qədər qeyri-müəyyən olsa da, Ermənistan ərazisindən Rusiya təhlükəsinin qarşısının alınmasında ABŞ və NATO qarşısında götürdüyü öhdəliklərdən yan keçə bilməz.
Nəhayət, Gürcüstan təkcə enerji layihələri ilə deyil, həm də kommunikasiyalar, dəmir yolu ilə əlaqəli olan Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşıdır. Qarabağ münaqişəsindəki neytral status, separatçı müharibədə əziyyət çəkən Gürcüstanın təbii münasibətidir.
- 44 günlük müharibədə Azərbaycanın qələbəsi Gürcüstan üçün də nümunə ola bilərmi? Mən ərazi münaqişələrinin ədalətli həlli üçün presedenti nəzərdə tuturam. Üstəlik, Tbilisi ilə Türkiyə arasında kifayət qədər güclü siyasi və iqtisadi əlaqələr də var.
- Bu, yalnız nəzəri baxımdan mümkündür, Abxaziya və Cənubi Osetiya ərazisində Rusiya Federasiyası FSB-nin sərhəd qoşunları da daxil olmaqla 30-dan çox Rusiya hərbi bazası və hərbi hissəsinin olduğunu unutmamalıyıq. Hərbi həll yolu ola bilməz, əks halda yenidən başqa qüvvələrin də iştirak edə biləcəyi müharibəyə çevrilə bilər. Bundan əlavə, Abxaz və Osetiya münaqişələrinin mahiyyəti Qarabağ münaqişəsindən fərqlidir; osetinlər və abxazlar mental və tarixi aspektdən daha çox Gürcüstanla bağlıdır, nəinki erməni və azərbaycanlı əhali bir-biri ilə.
Çox güman ki, başqa bir ssenari gözləyir- Rusiyanın Abxaziyadan və Cənubi Osetiyadan heç bir dövlət olmayacağını başa düşməsi- bunun üçün nə iqtisadi, nə də siyasi potensial var.
Türkiyə ən azından Gürcüstan ərazisinin bütövlüyünü yorulmadan təkrarlamaqla Tiflisə dəstək verir. Gördüyünüz kimi, Türkiyədəki abxaz mühacirlər də Suxumi kuklalarına etibar etmirlər. Azərbaycanın Qarabağı geri qaytarması Qafqazda separatizmin gələcəyini ciddi şəkildə sarsıtdı. Ərazilərimizi geri qaytarmağımız daha çətin və daha uzun sürəcək, amma bu, şübhəsiz ki, baş verəcək.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB