Sosial xidmətlər sahəsində Azərbaycanın yeni brendi

Sosial xidmətlər sahəsində Azərbaycanın yeni brendi

İşğaldan azad edilmiş ərazilərdə DOST mərkəzləri və filialları yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti insanların rifah halının yaxşılaşmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Dövlət başçısının göstəriş və tapşırıqları ilə reallaşan islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib. Azərbaycan vətəndaşlarında məmnunluq yaradan DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilib. Bu, ölkəmizin dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulub.

Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu gün vətəndaşlar mərkəzin məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin, sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlərindən rahatlıqla yararlanır və bundan razı qalırlar. Mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub: "Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur".

Hazırda 5 DOST Mərkəzi vasitəsilə Bakı əhalisinin 80%-i və Abşeron rayon əhalisi tam olaraq DOST konsepsiyası üzrə xidmətlərlə əhatə olunur. 2023-cü ilin sonuna qədər daha 8 mərkəzin açılması, yəni DOST mərkəzlərinin sayının 13-ə çatdırılması nəzərdə tutulub. 2025-ci ilədək isə 17 DOST Mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəzlərin açılması istiqamətində görülən işlər davamlıdır. Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST Mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti quraşdırma işləri aparılır. Regional DOST Mərkəzləri ilə bərabər, ətraf şəhər və rayonlarda onların filalları, beləliklə, 17 DOST Mərkəzi üzrə onların 47 filialı da yaradılacaq. Bütün bunlarla yanaşı, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərdə də DOST Mərkəzləri və filialları yaradılacaq. Bu il Virtual DOST aplikasiyası da istifadəyə veriləcək.

Ümumilikdə DOST mərkəzlərində "bir pəncərə" prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və "DOST" mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını almaqla yanaşı, vətəndaşların vaxta qənaət etmələri baxımından da təqdirələayiqdir.

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni bir mərhələ açan "DOST" mərkəzləri qısa bir zamanda şəffaflığı, operativliyi ilə vətəndaş məmnunluğuna səbəb olub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə