Gələcəyimiz olan uşaqlara dövlət qayğısı ŞƏRH

Bu günün yeniyetməsi, körpəsi Azərbaycanın sabahı, onun yaradıcısıdır. Hər bir ölkənin gələcək inkişafı məhz onlardan asılıdır. Uşaqların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün dövlətimiz tərəfindən ardıcıl olaraq tədbirlər görülür. Bu qayğı sağlam düşüncəli, sağlam ruhlu, sağlam vücudlu insanların yetişməsi ilə yanaşı, onların vətənə bağlı, vətən sevgili vətəndaş kimi böyüməsinə xidmət edir. Uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət uşaq siyasəti Azərbaycanın milli strategiyasının ayrılmaz tərkib hissəsidir. Onun başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı iləəhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Son illərdə uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, pulsuz səhiyyə xidmətinin tətbiqi, uşaq ölümü hallarının kəskin şəkildə azaldılması, uşaqlar arasında tez yayılan xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləmək və bu sahədə dövlət orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən etmək məqsədilə ölkəmizdə qanunlar, dövlət proqramları qəbul edilib.

Uşaqlar cəmiyyətimizin zərif və kövrək nümayəndələridir. Bu gün onların sağlamlığı üçün də ölkəmizdə lazım olan şərait yaradılıb. Uşaqların qidalanmasının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi, uşaqların qidalanması ilə bağlı məqsədli dövlət proqramları hazırlanaraq həyata keçirilib. 2006-2010-cu illəri əhatə edən "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" çərçivəsində əhəmiyyətli islahatlar aparılıb. 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" da gənc nəslin sağlamlığının yüksək səviyyədə qorunmasında əhəmiyyətli rol oynadı. Proqram çərçivəsində respublikamızda ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyi yaxşılaşdırılıb. Zəruri vəzifələrin həyata keçirilməsi davam etdirilir. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı da uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, saxlanması kimi tələblərə cavab oldu. Süni qida məhsullarına dövlət nəzarəti təşkil olunub, uşaqların ana südü ilə qidalanmasının müdafiəsi məqsədi ilə analara maddi, hüquqi, tibbi-sosial təminat verilib. Uşaqların sağlam həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində də ciddi addımlar atılır.

Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da uşaqların ana südü ilə qidalanmasına çağırışlar edir. Belə ki, ÜST körpənin altı aylıq yaşına qədər yalnız ana südü ilə qidalanmasını, sonra isə uyğun tamamlayıcı qidalarla birlikdə ən azı iki ilə qədər ana südü verməyə davam etməsini tövsiyə edir. Ana südü yeni doğulmuş körpələr üçün yalnız ən yaxşı qidalanma deyil, həm də xəstəliklərin qarşısını almaq üçün güclü bir vasitədir. Avqustun 1-dən 7-dək dünyanın bütün ölkələrində "Ümumdünya ana südü ilə qidalanma həftəsi" keçirilir. Məqsəd ana südünün körpələri bir çox xəstəlikdən qoruya biləcəyini geniş ictimaiyyətə izah etməkdir. Bu gələcəyimiz olan uşaqların sağlamlığına yönəlmiş bir addımdır. Ana südü körpə sağlamlığı, körpə ölümlərinin azaldılması, xroniki xəstəliklərin qarşısının alınması üçün ən əhəmiyyətli qidadır. Mütəxəssislərin qənaətinə görə, ana südü ilə bəslənən körpələrdə infeksion xəstəliklərin rast gəlmə tezliyi daha az görülməkdədir. Həmçinin ana südü alan uşaqlarda beyinin inkişafı daha yaxşı gedir, allergik xəstəliklər, ishal və tənəffüs yolu xəstəlikləri və hətta irəli yaşlarda ateroskleroz, xərçəng və dağınıq skleroz kimi xəstəliklər daha az müşahidə olunur. Ana südü körpənin hər dövrü üçün olduqca əhəmiyyətlidir. Ana südü asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətlər ilə seçilən zülallarla zəngindir. Onda olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur.

Sevindirici haldır ki, ölkəmizdə son illər görülən genişmiqyası işlər sırasında ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər mühüm yer tutur. Həyata keçirilən tədbirlər dövlətin gələcəyimiz olan uşaqlara qayğısının təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə