Dəmir yumruq, güclü iradə, dəqiq hədəf – Qarabağa Böyük quruculuqla ŞƏRH

Prezident İlham Əliyev: “Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”

Bəli, 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən 8 ay keçməsinə baxmayaraq, bu qısa zamanda ölkəmizin həyatında yeni dövr başlayıb. Və bu gün 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən 8 ay keçməsinə baxmayaraq dövlət başçımızın dediyi kimi: “Bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”. Bəli, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesi sürətlə, uğurla dava etməkdədir. Ən əsası isə, xalq görülən işlərin şahidi olur, Qalib Liderimizin gördüyü işləri bəyənir, dəstəkləyir.

Prezident İlham Əliyev: “Azad edilmiş ərazilərdə görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir”

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində ölkə iqtisadiyyatının mövcud durumunu, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı görülən işləri dəyərləndirən Prezident İlham Əliyev regionlara səfərlərinin müntəzəm olaraq həyata keçirildiyini deyib: “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı verdiyim tapşırıqlar yerində də yoxlanılır və son illər ərzində mənim bölgələrə yüzlərlə səfərim olubdur. Bu səfər də bu sıradan olan səfərdir. Səfər zamanı bir neçə açılışda iştirak edəcəyəm. Bu açılışlar, əslində, gördüyümüz işlərin həcmini göstərir. Eyni zamanda, onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir. Çünki bu səfər çərçivəsində həm infrastruktur layihələrinin istismara verilməsi qeyd olunacaq, eyni zamanda, sənaye müəssisələrinin, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi nəzərdə tutulur”.

Dövlət başçısı işğal olunmuş ərazilərdə görülən işlər barədə də məlumat verərək deyib: “Biz müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən işlərlə bağlı məlumatlandırırıq. Görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. Əlbəttə, o bölgələrdən olan insanlar - keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq”. “Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyasını ki, Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət verəndən sonra onları yandırıb dağıtmışdılar. Beləliklə, bu, əsas məsələdir. Çünki bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz”.

Dövlət başçısı yaşıl enerji layihəsi ilə bağlı bildirib ki, artıq bir xarici şirkət tərəfindən maraq göstərilib: “200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır. Mən bilirəm ki, indi dünyanın müxtəlif enerji şirkətləri öz prioriteti üçün bərpaolunan enerjini təsbit ediblər. Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz var, bizim bütün qonşu ölkələrlə - Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərimiz var. Biz istənilən yerə enerjini ötürə bilərik. Məsələn, biz İrana indi ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə ixrac edirik. Daxili tələbat artacaq. Ona görə bu sahə xüsusi önəm daşıyır".

Dövlət başçısı onu da vurğulayıb ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik: «Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

Prezident İlham Əliyev yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlər barədə də danışıb. Bildirib ki, enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur: “Burada da 8 ay ərzində görün nə qədər böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər - qış da oktyabr ayında gələcək, - oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var. Prezident İlham Əliyev, həmçinin infrastruktur layihələri ilə də bağlı məlumat verərək deyib ki, üç aeroport tikilir: “Şəhərsalma ilə bağlı bizim işçilərimiz böyük işlər görür, çox fəal işləyirlər. Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır”.

Bəli, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Və mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər. Dövlət başçımızın dediyi kimi: “Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”.

Ermənistan nə qədər təxribat aparsa da, Qalib Liderimiz Prezident İlham Əliyev siyasətinin qətiyyətli və cəsarətli siyasəti nəticəsində Ermənistan reallıqlarla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə