"Azərbaycana qarşı hər hansı bir iddiaları varsa..." - POLİTOLOQ ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyev dəfələrlə Ermənistana çağırış edib. Son çıxışında da artıq təkrar elədi. Ermənistana sülh sazişinə gəlməklə bağlı danışıqlara oturmasını təklif etdi. Amma Ermənistan razılığa gəlmədi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bunun da bir sıra səbəbləri var: “Birincisi Ermənistan cəmiyyəti hələ də Dağlıq Qarabağ və ətraf ərazilərin əllərindən çıxmasına inana bilmirlər. Digər tərəfdən isə burada həm daxili, həm də xarici faktorlar var. Nikol Paşinyan hələ də hakimiyyətini bərkidə bilməyib. Çünki bildiyimiz kimi son dövrlər Azərbaycan-Ermənistan dövlət sərhədində, eyni zamanda rus sülhməramlılarının nəzarət etdiyi bəzi bölgələrdə erməni silahlı qruplaşmaları ilə Azərbaycanın milli Ordusu arasında toqquşmanın baş verməsinin arxasında Paşinyanın hələ də ölkəni tam bərpa edə bilməməsi, ölkə daxilində rusyönümlü qüvvələrin hələ də fəaliyyət göstərməsi ilə əlaqəlidir. Ordu daxilində Rusiyaya bağlı qüvvələr, daha dəqiq desək, keçmiş prezident Robert Köçəryana yaxın olan generallar var ki, onlar təbii ki, zaman-zaman Azərbaycan və Ermənistan arasında olan münaqişənin daha da alovlanmasını, sabitliyin pozulması və qeyri-sabitliyin uzun müddətli olmasının tərəfdarıdırlar. Təbii ki, hansısa formada sülh danışıqlarına oturarsa, Ermənistan məcburən Azərbaycanın ərazi bütövlüyünü tanımalı olacaq. Ümumiyyətlə Qarabağ regionu Azərbaycan ərazisi olduğunu qəbul etməlidir. Eyni zamanda Azərbaycana qarşı hər hansı bir iddiaları varsa, ondan əl çəkməlidirlər”.

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu məsələdə bəzi dövlətlərin də maraqları da var: “Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların, xarici ölkənin diplomatlarının, rəhbərlərinin ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Şuşaya səfərində baş verən proseslərin də şahidi olduq. Deməli ATƏT-in Minsk qrupunun 3 həmsədri olan ABŞ, Rusiya və Fransanın səfirlərinin bu səfərdə iştirak etməməsi onu göstərir ki, münaqişənin bitməsini hələ də istəməyən qüvvələr var. Onlar mümkün qədər vəziyyətdən istifadə etməyə və vaxtı uzatmağa çalışırlar. Münaqişə nə qədər davam edərsə, həmin dövlətlərin maraqları da bu regionda bir o qədər təmin oluna bilər. Hesab edirəm ki, bu məsələdə həm Fransadan, həm Rusiyadan, həm də ABŞ-dan Ermənistanın indiki mövcud hakimiyyətinə qarşı bəzi təzyiqlər var və onlara “açıq-saçıq” dəstək verirlər. Bunun nəticəsində artıq bu gün Ermənistanda olmayan ordu, terrorçu qruplaşmaların dəstəyi ilə Azərbaycan-Ermənistan dövlət sərhədində qeyr-sabitlik yaranır. Həm sərhədlərin delimitasiya və demarkasiya prosesini ləngidirlər, həm 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyannamənin şərtlərinin icrasını ləngidirlər, həm də bölgədə sülhün və sabitliyin pozulmasına, eyni zamanda qeyri-sabit vəziyyətin uzun müddət davam etməsinə çalışırlar. Nəticə etibarilə bunun ən böyük təsiri Ermənistana olacaqdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə