Paşinyanın təxribatları əbədi davam edə bilərmi? SÖZÜN QISASI+AKTUAL

Yaxud, Ermənistan bacısı Fransanın təhriklərinə gedir

Ermənistanın dövlətçilik imitasiyası, sözün əsl mənasında, gözlər qarşısında məhv olmaq üzrədir. İndi istər-istəməz belə bir sual yaranır: əcəba, artıq terrorçu dövlət olan Ermənistanın həqiqətənmi sonu çatıb?

Gəlin, bu terrorçu dövlətin, qonşularının torpaqlarına göz dikən, ərazi iddialarını davam etdirən Ermənistanın uzun illərdir buraxdıqları səhvlərini bir daha nəzərdən keçirək, eləcə də mövcud rəhbərliyinin heç də əvvəlkilərindən fərqlənməyən cəhətlərinin təhlilini aparaq. Məsələn, ilk başdan onu deyə bilərik ki, 44 günlük Qarabağ müharibəsində məğlubiyyətini etiraf edən, kapitulyasiya sənədinə imza atan Nikol Paşinyan yenidən Azərbaycan rəhbərliyinin sülh sazişini imzalamaqdan imtina edir, hər vəchlə “quyruğunu” qapı arasından sivişdirib-çıxaracağını düşünür. Amma çıxara biləcəkmi..?

İki il əvvəl Paşinyan qəsdən, bilərəkdən Qarabağ münaqişəsinin həlli ilə bağlı başladılan sülh danışıqlarından nümayişkəranə şəkildə imtina etdi və geriyə çəkildi

Yeri gəlmişkən, Nikol bir dəfə səhvə yol verərək, Ermənistanın bacısı adlandırılan Fransanın təhriklərinə getdi. Daha dəqiq desək, iki il əvvəl Paşinyan qəsdən, bilərəkdən Qarabağ münaqişəsinin həlli ilə bağlı başladılan sülh danışıqlarından nümayişkəranə şəkildə imtina etdi və geriyə çəkildi. Məhz həmin ərəfələrdə o, “Qarabağ Ermənistandır və nöqtə”, həmçinin “yeni müharibə-yeni ərazilər” tipli başından böyük qələtlərə yol verdi. Üstəlik, onun keçmiş MN rəhbəri David Tonoyan da başından böyük qələtlərə yol verərək, Azərbaycanın ədalətli tələblərinə qarşı dinc şəhərlərimizi raket zərbələrinə məruz qoyacağını bəyan etdi. Sonradan bu sərsəm, yekəbaş və sağalmaz erməni xəstəliyinə malik bəyanat və çıxışların cavabının nələr ilə nəticələnməsi barədə danışmağa, təkrarlar etməyə də düşünürəm ki, gərək-filan yoxdur...

Paşinyan bir daha Makronun küyünə düşüb

Lakin bu da azmış kimi, Ermənistan silahlı qüvvələri ötən ilin iyulunda Tovuza hücum etdilər. Məhz Tovuz hadisələri sonradan yuxarıda qeyd edilən 44 günlük zəfər yürüşünə təkan verildi və bu gün Azərbaycanın həmin qələbəsi dünyanın müasir hərb sənətinə özünün heyrətedici imzasını atmış oldu.

Bugünlərdə baş verənlər, yəni Ermənistan-Azərbaycan sərhədində cərəyan edən hadisələr, erməni silahlı birləşmələrinin dinc dayanmamaları və s. kimi olaylar görünür bir daha göstərir ki, daha əvvəlki qulaqburmalar, burunovulmalar Nikola dərs olmayıb. Və maraqlısı yenə də budur ki, ortada yenidən Fransanın adı hallanır...

Baxın, bu yaxınlarda fransalı həmkarları ilə görüşən Paşnyan bir daha Makronun küyünə düşüb. Ermənistan bayaq da qeyd etdiyimiz kimi, Azərbaycanın artıq bir neçə dəfə təklif etdiyi sülh sazişi təşəbbüsünü rədd edir, üstəlik, sərhədlərimizdə ardıcıl təxribatlar törədir, mövqelərimiz müxtəlif atıcı silahlardan atəşə tutulur.

Hələlik, Azərbaycan bu təxribatları cavab atəşləri ilə aradan qaldırmaqla kifayətlənir. Amma söz yox ki, belə əbədi davam edə bilməz, necə ki, 44 günlük müharibədə olduğu kimi...

Rövşən RƏSULOV

P.S. Maraqlıdır ki, Ermənistan-Azərbaycan sərhədində baş verən son olaylar bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfirinin Basarkeçərə və Zəngəzura etdiyi səfərindən sonra başlayıb...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...