Suraxanı rayonunda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını almışdır. İyulun 27-də şəhidimiz Fərzullazadə Mehdi Zaman oğlu da doğum günündə anılıb. Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər şəhidin doğum günü münasibətilə ailəsinə baş çəkiblər. Şəhidin ailəsini ziyarət zamanı Əziz Əzizov Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nurüzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək, onların qayğıları ilə maraqlanıb, şəhidimizin bizlərə əmanət qoyub getdiyi doğmalarının bundan sonra da hər zaman diqqət və qayğı ilə əhatə olunacağını bildirib.
Daha sonra şəhidin xatirəsini məzarı önündə ehtiramla yad edərək, ziyarət etdikdən sonra tədbir 208 saylı tam orta məktəbdə davam etdirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məlahət Əsədova şəhid Mehdinin məktəb həyatından geniş məlumat vermiş, məktəblilərin tədrisi ilə bərabər hərbi-vətənpərvərlik ruhunda tərbiyə almaları üçün bundan sonra da xüsusi diqqətin ayrılacağını qeyd edib. Tədbirdə çıxış edən Vüqar Seyidov bütün şəhidlərimizin əziz xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını bildirmiş, dövlət başçısı İlham Əliyevin şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin hamı üçün nümunə olduğunu qeyd edib. Şəhidimizin əziz xatirəsini bir daha yad edən V.Seyidov təşkilat adından "Anım lövhəsi"ni şəhid ailəsinə təqdim edib.
Vətən uğrunda canını fəda etmiş igidlərimizin döyüş yolunun öyrənilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, göstərdikləri şücaətin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə təşkil olunmuş tədbirdə şagirdlərin iştirakı ilə vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB