"Prezident hər çıxışında çox ciddi mesajlar verir” - DEPUTAT AÇIQLADI

“Cənab Prezident “Zəngəzur dəhlizi” sözünü siyasi gündəmə gətirməklə tarixi ədaləti bərpa etdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Zəngəzur bu regionun adı və onun keçmişi olub: “Çox təəssüf ki, Azərbaycan və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bu bölgə Azərbaycandan alınaraq Ermənistana verilir. Qısa bir zamanda Ermənistan tərəfindən bütün coğrafi adlar, o cümlədən Zəngəzur adı ədəbiyyatdan silindi. Cənab Prezident Azərbaycanın iqtisadi rayonlarının birini Şərqi-Zəngəzur adlandırmaqla, o cümlədən Ermənistanda olan ərazinin əhəmiyyətli bir hissəsini Qərbi-Zəngəzur olduğunu göstərdi. Ermənistan, həmçinin bütün dünya bunu qəbul etməlidir”.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, biz öz tarixi torpaqlarımıza qayıdacayıq: “Cənab Prezident Zəngəzur dəhlizi ifadəsini işlətməklə buranın vahid bir ərazi olduğunu ancaq sonradan tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı süni bir dövlətin yaradıldığını bir daha dünyaya nümayiş etdirdi. O dövlət ki, ona verilmiş ərazilərlə qane olmadı, Azərbaycanın digər torpaqlarına da göz tikdi. Özünü Qafqazın sahibi hesab etdi. Ümumilikdə cənab Prezidentin hər çıxışında tarixlə, keçmişimizlə, bu gün və sabah ilə bağlı çox ciddi mesajlar verilir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə