Etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənən münasibətlər - Azərbaycan-Rusiya

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri, görüşdə ikitərəfli münasibətlərin, regional məsələlərin, iki ölkənin iqtisadi əlaqələrinin bu günü və perspektivləri, pandemiya ilə mübarizə məsələlərinin müzakirəsi bir daha hər iki dövlət liderlərinin ortaq mövqedən çıxış etdiyinin təsdiqidir. Xüsusilə də, səfər çərçivəsində bir neçə dəfə postmünaqişə ifadəsinin təkrarlanmasıdır ki, yəni münaqişənin bitdiyi və bundan sonra yalnız regionda sülhün, əmin-amanlığın təmin olunması istiqamətində addımların atılacağı mesajını verir. Digər mühüm amil isə, Rusiya prezidenti Vladimir Putin tərəfindən hər zaman olduğu kimi bu dəfə də “Dağlıq Qarabağ” ifadəsinin səsləndirilməməsidir. Yəni məlum olduğu kimi, Azərbaycanın inzibati ərazi bölgüsündə belə bir subyekt yoxdur və şübhəsiz ki, bu da Rusiya prezidenti tərəfindən Azərbaycanın mövcud inzibati ərazi subyektlərinə, mövcud sərhədlərinə sayğısını, həmçinin də bundan sonrakı proseslərin məhz postmünaqişə amili üzərindən həyata keçirəcəyini təsdiqləyir. Bu isə onu göstərir ki, hər iki ölkənin regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqeləri üst-üstə düşür.

Bu gün şərtləri qaliblər diktə edir

Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində, görüşlərində dəfələrlə və qətiyyətlə bildirir ki, Qarabağ münaqişəsi keçmişdə qaldı: “Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır”.

Bəli, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Və dəfələrlə dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur: “Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, “Dağlıq Qarabağ münaqişəsi” həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”.

Belə bir ifadədə də var: “Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir". Bu, həqiqətən də belədir. Və görüş zamanı verilən mesajlar bir daha onu göstərir ki, münaqişə sonrası proseslər ənənəvi qaydada aparılacaq. Yəni 10 noyabr razılaşmasına alternativ hər hansı bir yol yoxdur. Bu baxımdan, Ermənistan tərəfindən atılan təxribatçı addımlar ümumi prosesin tənzimlənməsinə təsir göstərə bilməz. Çünki bu gün şərtləri qaliblər diktə edir.

Dövlətimizin başçısı ən əsas məqam olan hərbi əməliyyatlardan sonrakı təmaslar barədə bildirdi ki, “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Yəni bu, o deməkdir ki, Vladimir Putin Nikol Paşinyana imzalatdırdığı bəyanatların yerinə yetirilməsini təmin etməlidir. Və dövlət başçımızın bu abzasda bir neçə dəfə “münaqişədən sonrakı dövr” ifadəsini işlətməklə bildirmək istəyir ki, Azərbaycan üçün münaqişədən sonrakı dövr sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşməsi və Qarabağdakı fəaliyyətimizin davamı deməkdir.

Bu uğurlar Qalib liderimiz Prezident İlham Əliyevin qətiyyətli, diplomatik “Dəmir siyasət” zirvəsinin uğurudur

Göründüyü kimi, bütün bunlar qalib liderimiz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, diplomatik “Dəmir siyasət” zirvəsinin uğurudur.

Ancaq Nikol Paşinyan küçə dalğasında hakimiyyətə gəlməklə düşünür ki, hər yerdə hər sözü danışa bilər. Ona görə də bəzən özünü unudur, hədləri aşır və boyundan yüksək bəyanatlar verir. Belə bəyanatlardan birini də bu yaxınlarda vermişdi: “Qarabağ Ermənistandır. Nöqtə”. Bunun cavabı verilməliydimi? Təbii ki, artığıyla verilməliydi və dəfələrlə verildi -– Prezident İlham Əliyev bu cavabı verdi. Göründüyü kimi, anlamayanı anlatmaq olmur. Ermənistan baş nazirinin gerçəklik hissindən uzaq açıqlamasına toxunan Prezident İlham Əliyev özünəməxsus qətiyyətlə belə demişdir: “Qarabağ Azərbaycandır və nida işarəsi!” Prezidentin məhz “nida” sözünü ayrıca vurğulaması hər kəsin, o cümlədən bölgəmizin əsas söz sahibi olan Rusiya Prezidentinin diqqətindən yayınmadı. İlham Əliyev Ermənistan baş nazirinin məsuliyyətsiz açıqlamasına bu üsulla və məhz bu məkanda cavab verməklə, əslində, sadəcə Nikol Paşinyana deyil, ona açıq və ya gizli şəkildə himayədarlıq edənlərə də ismarıc vermiş oldu. Prezident İlham Əliyevin bu qətiyyətli bəyanatı fonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun da Ermənistanı – Nikol Paşinyanı üzəcək açıqlaması diqqətimizdən qaçmamalıdır. Ənənəvi olaraq Ermənistana meyilli birisi kimi tanınan Sergey Lavrovun belə dilə gəlib Nikol Paşinyanı üzəcək münasibət sərgiləməsi erməni baş nazirin hətta ölkəsinin dostlarını belə pis vəziyyətdə qoyan açıqlama verəcək qədər təcrübəsiz olmasının bariz örnəyidir.

Bu yerdə rusiyalı hərbi ekspert İqor Korotçenkonun görüşlə bağlı liderlərlə bağlı fikrini demək istərdim. Rusiyalı hərbi ekspert İqor Korotçenko deyir: "Putin İlham Əliyevlə görüşəndə bərabər strateji tərəfdaş kimi danışır. Paşinyana isə daim bir şey qoparmaq istəyən müftəxor kimi baxır. Məhz bütün fərq də, qoyulan hörmət də bundan ibarətdir".

Bu fərqi Rusiya prezidenti Putin sonda Azərbaycan Prezidentinə Qarabağ məsələsinin həllində göstərdiyi kompromis mövqeyə görə minnətdarlığını bildirməsi oldu. Dövlətimizin başçısının dediyi kimi: “Ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Bir sözlə, Azərbaycan – Rusiya arasında etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənən münasibətlər qarşıdakı dövrdə daha da inkişaf vəd edir. Və Moskva səfəri zamanı verilən bəyanatlar regionda davamlı sabitlik, təhlükəsizlik, inkişaf meyillərinə ciddi töhfə verəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə