Babalı madam Parisin boynuna... KÖŞƏ YAZISI

Yəqin ki, bir çoxlarınız Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Şimali Kipri tanıması ətrafında müzakirələrin aparılması barədəki bəyanatını eşitdiniz. Eyni zamanda, Azərbaycanın parlament nümayəndə heyəti Şimali Kipr Respublikasını ilk dəfə rəsmi qaydada ziyarət edib, gələcək münasibətlər ətrafında əhəmiyyətli müzakirələr aparılıb.

Beləliklə, siyasətin həm də mümkünlüyün sənət növü olması da bu məcrada özünü təsdiq edir. Xüsusilə, cənab Ərdoğanın müəyyən trendlər çərçivəsində, vaxtında və özünəməxsus şəkildə hər hansı məsələlərə, suallara cavab vermək qabiliyyəti ən yüksək səviyyədədir. Bəs bütün bunlar hansı cərəyan edən olaylar fonunda baş verdi?

Qalın vəziyyətə incə işarə...

Əvvəlcə KİV-lərdə belə bir məlumatlar yayıldı ki, Fransa ABŞ-ın xeyir-duası ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yeni qətnaməsini (?!) hazırlayır. Həmin qətnamədə isə Azərbaycanın ərazi bütövlüyü şübhə, yaxud sual altına qoyulmaq məqsədini daşıyır. Yəni birbaşa təxribat və həyasızlıq..!

Lakin həmin məlumat üzə çıxar-çıxmaz Ərdoğan bəyan edir ki, Azərbaycan Şimali Kipr Türk Respublikasını (ŞKTR) tanıya bilər. Necə deyərlər, qalın vəziyyətə incə işarə...

Bu zaman daha hansı nəticələr hasil etmək olar? Misal üçün, əgər Azərbaycan ŞKTR-nı tanıyarsa, onun ardınca Mərkəzi Asiyanın türk mənşəli ölkələri də həmin addımı atacaqlar. Bu da həyata keçirildikdən sonra dünyada 6 türk ölkəsi deyil, 7 türk dövləti mövcud olacaq. Lakin!

Cənab Ərdoğan bu bəyanatı ilə sadəcə və sadəcə eyham vurub

Lakin bunun digər tərəfləri də hesaba alınıb. Misal üçün, bir sıra Avropa İttifaqı ölkələri Qarabağdakı separatçı rejimi tanıya bilərlər və bunun ardınca Pakistan, yaxud İran kimi müsəlman ölkələri ŞKTR-nı tanımağa başlayacaqlar. Mövcud situasiya istər-istəməz dünyadakı qlobal dəyişiklikləri lokal münaqişələrə, sivilizasiyalararası qütbləşmələrə (müsəlmanlarla xristianların qarşıdurmasına) çevirə bilər və bu, onsuz da zəif beynəlxalq münasibətləri köklü olaraq dağıdar, məhv edər.

Başqa sözlə, cənab Ərdoğan bu bəyanatı ilə sadəcə və sadəcə eyham vurub. Eyham vurub ki, nələr baş verə bilər. Bu baxımdan, fransızların ağılları 20-ci əsrin “mənəm-mənəmliyinə” tərəf deyil, doğru-dürüst nəticələrə tərəf işləməlidir. Necə deyərlər, nə baş verərsə, babalı madam Parisin boynuna...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə