"Azərbaycanın region ölkələri içərisində Aİ üçün xüsusi çəkiyə malikdir" - EKSPERT RƏYİ
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bölgəyə səfəri, səslənən bəyanatlar gələcək perspektivlərin müəyyənləşməsi baxımından olduqca zəngindir. Ş.Mişelin ilk öncə Ermənistana üz tutması, bu dövlətə 2.6 milyard avro həcmində yardımın ediləcəyi ilə bağlı qərarın səsləndirilməsi və bu tranşın Azərbaycanla bağlı müəyyənləşən məbləğdən qat-qat yüksək olması cəmiyyətdə bu quruma qarşı qıcıq yaratdı. Lakin pərdəarxası nüansları təhlil etdikdə proseslərin Azərbaycanın maraqlarına uyğun yol qət etdiyini görə bilərik. Səfərin əsl mahiyyətini açmadan öncə Avropa ittifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın tarixinə də qısa nəzər salmaqda fayda var”. Bu fikirləri SİA-ya açıqlamasında Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirib: “1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minib) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı (ŞT) proqramına daxil edilib. ŞT təşəbbüsü Avropa Qonşuluq Siyasəti çərçivəsində “şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. "Şərq tərəfdaşlığı" proqramı yaxın illərdə assosiativ saziş imzalanmasını və bu ölkələrin Avropa İttifaqına inteqrasiyası meyillərini dəstəkləməyi təklif edir. ŞT çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Aİ-nin maliyyələşdirdiyi proqramlar, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq nəzərdə tutulur. ŞT kontekstində region ölkələri içərisində Azərbaycan Aİ üçün xüsusi əhəmiyyət daşıyır”.
Politoloq qeyd edib ki, 2021-ci ildən etibarən isə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, öz maraqlarını cəsarətlə diktə edən dövlətə çevrilməsi və regionun inkişafının və inteqrasiyasının əsas mərkəzinə çevrilməsi fonunda ölkəmizlə Aİ arasındakı əlaqələrin yeni arxitekturası yaranıb: “Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Aİ-nin Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır. Qərb üçün Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz daxil olmaq Azərbaycansız mümkün deyil. Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşmasına və bu regionda münaqişələrin mövcud olmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olub. Cənab Prezident İlham Əliyevin Mişellə görüşdə səsləndirdiyi kimi ötən il ölkəmizlə ticarət dövriyyəsi 9.5 milyard dollar təşkil edib. Aİ üzv dövlətlərinə ixracın həcmi 6.8 milyard dollar olub. Üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Aİ üzvləri tərəfindən Azərbaycana 20 milyard dollar investisiya qoyulub. Bu rəqəmlər Ermənistanla müqayisədə çox yüksəkdi. Ona görə də bir baxıma düşünmək olar ki, Aİ ölkələrin iqtisadi durumuna uyğun maliyyə paketini müəyyənləşdirib.
Digər tərəfdən, Ermənistanda digər Rusiyameyilli başçıların hakimiyyəti dövründə bu məbləğin qat-qat aşağı olması və məhz Paşinyanın seçilməsindən sonra ilkin tranşın bu qədər yüksəkməsi göstərir ki, Aİ Ermənistanı Rusiyanın orbitindən çıxarmağa çalışır.
Ş.Mişelin çıxışı zamanı “Sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır” fikrini bildirməsi, status məsələsinin üzərinə getməməsi, nəqliyyat-kommunikasiya xəttlərinin yaradılmasına öz töhvələrini verəcəkləri ilə bağlı vədlərin səslənməsi fonunda deyə bilərik ki, Ermənistan üçün nəzərdə tutulan bu yardım paketi bir növ Azərbaycanın xeyrinədi. Təbii ki, ermənilər hər zamankı riyakar xislətlərinə sadiq qalaraq sülh və inteqrasiya meyillərindən uzaqlaşmadıqları təqdirdə. Lakin bu amili də gözdən keçirsək başa düşmək olar ki, bu qədər böyük investisiyanın qoyulması Ermənistanın borclanması, Rusiyanın bu ölkədə rolunun azalması və nəticə etibarı ilə öz iqtisadi layihələrinin icrasını üstün tutan Aİ-nin inteqrasiya ilə bağlı təşəbbüslərinə İrəvanın əməl etməyə məcbur olacağı deməkdir”.
Z.Qarayeva vurğulayıb ki, Şarl Mişelin Bakıda çıxışı zamanı Azərbaycanla əlaqələrinin maliyyə yatırımı kontekstində olmadığını vurğulaması o deməkdir ki, Azərbaycanın bu qurumun investisiyasına və investisiya nəticəsində siyasi asılılığının yaranmasına ehtiyacı yoxdur: “Azərbaycan öz iqtisadi rifahını kifayət qədər təmin edə bildiyi üçün, regionun inkişaf perspektivlərini özü müəyyənləşdirdiyi üçün, hətta ölkəmizin yaratdığı perspektivlərdən Avropa İttifaqının yararlanma şansı olduğu üçün rəsmi Bakı sadəcə partynorluq marağındadır. Azərbaycanın region ölkələri içərisində Aİ üçün xüsusi çəkiyə malik olduğunu biz sənədləşmələr zamanı yaranan fərqlərdə də görə bilərik. 90-cı illərdə Ermənistanla bağlı imzanan sənədlərdə xalqların öz müqəddəratını təyin etməsi faktorunun qabardılması, Azərbaycanla bağlı isə yalnız ərazi bütövlüyü məsələsinini ortaya atılması, Ermənistanla imzalanan sənədin giriş mətninin eynilə Azərbaycanla bağlı sənədə yerləşdirmək istənməsi ölkəmizə qarşı qərəzli mövqeyin nümayişi idi. 2017-ci ildə ŞT ilə bağlı yenilənən sənədlərdə isə işğal faktının açıq bildirilməsi, ərazi bütövlüyünün qeyd şərtsiz Azərbaycanın xeyrinə həllini tapması, Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfənin vurğulanması artıq dəyişən geosiyasi reallıqlardan xəbər verir. İlham Əliyevlə Şarl Mişel arasında rəsmi görüş zamanı Zəngəzur dəhlizi məsələsinin bir daha vurğulanması və icra olunması ilə bağlı sülh və inteqrasiya meyillərinin formalaşmasına töhvələrin veriləcəyinin səsləndirilməsi yaxın zamanda prosesin həyata keçəcəyinin göstəricisidir. Nəzərə alsaq ki, Aİ iqtisadi layihələrinin icrası, enerji təhlükəsizliyi və Rusiya qazından asılılığın aradan qaldırılmasını əsas prioritetləri hesab edir və bu prioritetlərin reallaşması birbaşa regionda sabitliyin bərqərar olunmasını tələb edir və sözügedən regionun da istər iqtisadi potensial, istərsə də nəqliyyat-kommunikasiya şəbəkəsinin mərkəzində Azərbaycan yerləşir, o zaman deyə bilərik ki, dəhlizin açılacağına heç bir şübhə qalmır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB