“Azərbaycanla Rusiya arasında daimi məsləhətləşmələrə daha çox ehtiyac var” - DEPUTAT MÖVQE BİLDİRDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri, heç şübhəsiz, Azərbaycan-Rusiya münasibətləri və region hadisələri ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, 10 noyabr sənədinin imzalanması və müharibənin hərbi müstəvidən siyasi müstəviyə keçirilməsində Rusiya prezidenti cənab Putinin xüsusi rolu olub, bu sənəddəki müddəaların icrasında Azərbaycan və Ermənistan rəhbərləri ilə yanaşı, vasitəçi tərəf kimi Rusiya da bir qədər daha çox məsuldur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, son dövr hadisələri də göstərdi ki, Azərbaycan və Rusiyadan fərqli olaraq Ermənistan bu müddəalara əməl etməkdən hər dəfə yayınmağa çalışır, müxtəlif bəhanələr gətirir, hərbi təxribatlar törədir, atəşkəsi pozur, destruktiv bəyanatlar verir və hər vəhclə regionda vəziyyəti gərginləşdirməyə çalışır: “Bəzi Qərb ölkələrinin qeyri-konstruktiv, hətta açıq-aşkar qızışdırıcı mövqeyi, “status” sərsəmləmələri, Minsk qrupunu yenidən diriltmək və proseslərə qoşmaq cəhdləri, hətta bəzi Avropa təşkilatlarının Ermənistana fantastik maliyyə yardımı – bunların heç biri postmüharibə dövründə regionda vəziyyəti stabilləşdirməyə xidmət etmir. Bütün bunlar isə tarixdən bizə kifayət qədər bəlli olan məsələlərdir. Ermənilər ən gərgin məqamda xilas olmaq üçün tərəfdarlarının vasitəçiliyi ilə imzaladıqları sənədə heç vaxt sadiq qalmayıblar, bir balaca dəstək alan və özlərinə gələn kimi, həmin sənədə xəyanət edib, əvvəlki əməllərini davam etdiriblər. Bütün dövrlərdə bu, belə olub, bu gün də belədir və sabah da belə olacaq. Bu, erməni xislətinin dəyişməz xassəsidir. Ermənilərin bu hərəkəti bu gün, vasitəçi tərəf kimi, Rusiyanın da siyasi nüfuzuna xələl gətirir, dövlət maraqlarına ziyan vurur. Bunun üçün Azərbaycanla Rusiya arasında daimi məsləhətləşmələrə bu gün hər dəfəkindən daha çox ehtiyac var”.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, erməni xislətinin bir cəhəti də odur ki, indiki mərhələdə ermənilər çalışırlar ki, Azərbaycanla daha çox dövlətlər, xüsusilə region dövlətləri, ilk növbədə Rusiya arasında etimadsızlıq toxumu səpsinlər, siyasi-ideoloji mübarizədə Azərbaycan təklənsin və ermənilər öz çirkin niyyətlərini davam etdirsinlər. Lakin cənab Prezident İlham Əliyevin bütün fəaliyyəti sübut edir ki, bu dəfə ermənilərin bu niyyətləri baş tutmayacaq. Azərbaycan və Rusiya prezidentləri arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlik müzakirələrin belə yüksək səviyyədə aparılması, əlbəttə, həm bu iki dövlət başçısı arasında dostluğa, qarşılıqlı etimada, inama əsaslanan şəxsi münasibətlərə əsaslanır, həm də beynəlxalq hüquqa, ədalətə, Rusiya-Azərbaycan əlaqələrinin hazırki vəziyyətinə, tarixi ənənələrinə və 44 günlük müharibədən sonra regionda yaranmış geosiyasi reallıqlara, bu reallıqlara münasibətdə ortaq mövqeyə. Bunu biz hər iki liderin qarşılıqlı açıqlmamalarından aydın gördük. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan və Rusiya regionda vəziyyətin nizamlanması və münaqişə edən tərəflər – Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin bağlanması yolunda prinsipial mövqedədirlər və addım-addım irəliləməkdədirlər. Bunu Ermənistan istəsə də, istəməsə də”.

Bütün xəbərlər Facebook səhifəmizdə