"Azərbaycan Aİ ilə regional əməkdaşlıqda maraqlıdır" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksək səviyyədədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə o cümlədən, enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir: "Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verildi.

Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Avropa İttifaqı ilə Azərbaycan digər sahələrdə də sıx əməkdaşlıq edirlər. Avropa İttifaqının sərhədlərin delimitasiyasına köməklik göstərməyə hazır olması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli dövlət olmasından xəbər verir. Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə, sərhədlərin delimitasiyası məsələsində yaxından iştirak etməyə hazırdır. Azərbaycan Avropa İttifaqı ilə regional əməkdaşlıq səylərində də iştirakda maraqlıdır.

Azərbaycan 44 günlük müharibədə ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Hazırkı dövrdə ən vacib məsələlərdən biri bölgədə sülhün təmin olunmasıdır. Bu baxımdan bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Bu gün Azərbaycan şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikdir. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olub.

Artıq qonşu dövlətlərlə birgə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tamamlanıb. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlərin çalışması planlaşdırılır. İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və ilkin hesablamalara görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedicidir. Xarici sərmayə üçün digər cəlbedici sahə turizmdir.

Qarabağ və Şərqi Zəngəzur bütün regionun ən gözəl bölgələridir. Postmüharibə dövründə Ermənistan bütün regionda dayanaqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına maneə olur.

Qeyd etmək lazımdır ki, rəsmi İrəvan hərbi cinayətkardır. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər.

Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib. Bunun özü də müharibə cinayətidir. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın basdırdığı minalar ərazidə bərpa-quruculuq işlərinin aparılmasına ciddi mane olur.

Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalist həlak olub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar Azərbaycanın şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tutub. Azərbaycanın şəhər və kəndlərinə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib. Bu bir daha Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətini həyata keçirdiyini göstərir. Azərbaycan qısa müddətdə bölgəni dünyanın ən abad və inkişaf etmiş bölgələrindən birinə çevirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...