“Rəsmi Moskvanın Bakıdan bir sıra istəkləri var” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rəsmi Moskvanın Bakıdan bir sıra istəkləri var” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Biz son iki həftə ərzində erməni ordusunun qalıqları tərəfindən Azərbaycana qarşı təxribatlarının şahidiyik. Artıq bir necə dəfə Şuşa, Naxçıvan, eyni zamanda Xocavənd istiqamətində düşmən mövqelərindən Azərbaycan tərəfə atəş açılıb. Bu, həm Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də Qarabağda müşahidə edilməkdədir”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, indiki məqamda Ermənistan ordusunun vəziyyəti hər kəsə məlumdur və bu ordu dağılıb: “O ki qaldı Qarabağdakı erməni silahlı tör-töküntülərə, bu hadisələr yenidən onların təcili şəkildə bölgənin təhrik edilməsi məsələsini gündəmə gətirir. Çünki Rusiya, əslində, üçtərəfli bəyanata uyğun olaraq çoxdan erməni hərbi birləşmələrini bölgədən təmizləməli idi. Lakin Moskvanın erməni hərbi birləşmələrini bölgədən təmizləməməsi o iddialara gətirib çıxardır ki, Rusiya bölgədə vəziyyətin bu cür qalmasında maraqlıdır. Digər tərəfdən çox güman ki, hadisələr rus sülhməramlılarının məsuliyyəti altında olan ərazilərdən baş verdiyində burada artıq digər versiyanı da ortaya çıxardır ki, bu məsələdə təkcə Ermənistan tərəfi deyil, eyni zamanda, Rusiya da maraqlıdır. Əgər belə olmasaydı ardıcıl olaraq erməni hərbi birləşmələri o bölgədən Azərbaycan istiqamətinə atəş açmazdılar. Biz çox yaxşı bilirik ki, bu gün nəinki Xankəndidə, hətta Ermənistanın daxilində belə Rusiya hərbi komandanlığı erməni hərbçilərinə otur desələr oturacaqlar, dur desələr duracaqlar. Yəni onların əmrinə tabe olmama ehtimalı sıfıra bərabərdir. Belə olan təqdirdə məsələ aydın olur ki, rəsmi Moskvanın Bakıdan bir sıra istəkləri var. Son görüşlərdə həmin istəklərə cavab ala bilməyən Kremli bununla da Azərbaycana öz təzyiq metodlarından istifadə edir. Unutmaq olmaz ki, Rusiya bu təzyiq metodlarından 44 günlük Vətən müharibəsinə qədər də istifadə edilmişdir”.

Politoloq qeyd etdi ki, Ermənistan və onun havadarları, ATƏT-in Minsk Qrupu bilməlidirlər ki, mövzu ətrafında müharibəyə qədər olan spekuliyasiyaların bu gündə davam etdirilməsi Ermənistan dövlətinə baha başa gələ bilər: “Təsadüfü deyil ki, Azərbaycan ordusu post müharibə dövründə hər ay demək olar ki, Türkiyə və Pakistan orduları ilə birlikdə hərbi təlimlər keçirir və eyni zamanda 2021-ci il üçün nəzərdə tutulan hərbi büdcəmiz dəfələrlə artırılmışdır. Biz təbii ki, sülhün təmin olunmasında maraqlıyıq və bununla bağlı Cənab Prezident dəfələrlə çıxış edib. Tezliklə demorkasiya və delimitasiya məsələlərinin həll olunmasına və sülh müqaviləsinin bağlanmasına Azərbaycanın hazır olduğunu bildirib. Lakin biz eyni zamanda müharibəyə də hazırıq və bu spekuliyasiyalar onu göstərir ki, Azərbaycan həm antiterror əməliyyatı ilə, ya da diplomatik danışıqlar yolu ilə öz məqsədlərinə mütləq şəkildə çatacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə