Ulu Öndər Heydər Əliyev dövrü 14 iyul 1969-cu il – Böyük Yolun başlanğıcı ŞƏRH
Prezident İlham Əliyev: “Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”. Bəli, dövlət başçımızın dediyi kimi: “Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”. Müasir Azərbaycanın taleyini müəyyənləşdirən, xalqın yaddaşına həmişəlik həkk olunan – 14 iyul 1969-cu il - Böyük Yolun başlanğıcı dövrü. Məhz həmin gün müstəqil dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyev ilk dəfə respublika rəhbəri seçilib.
Ulu Öndərimizin Azərbaycan dövlətçiliyi tarixindəki özünəməxsus və əvəzsiz yerini möhtərəm Prezidentimiz İlham Əliyev belə dəyərləndirib: “Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti buna bariz nümunədir. Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir. Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndə Azərbaycan həm iqtisadi baxımdan, həm də sosial məsələlərin həlli baxımından 15 müttəfiq respublika arasında ən geridə qalmış vəziyyətdə idi. 1982-ci ildə isə artıq Azərbaycan həm iqtisadi və sə-naye artımı baxımından, həm infrastruktur layihələrin mövcudluğu baxımından və bütövlükdə, inkişaf baxımından keçmiş SSRİ-də birinci ölkə idi. Eyni zamanda, biz bunu müasir tarixdə də görürük. 1993-cü ildə Azərbaycan, demək olar ki, ən ağır vəziyyətdə olan yeni müstəqil dövlətlərdən biri idi. Bəlkə də, birincisi idi. İndi Azərbaycan bu ölkələr arasında ən qabaqcıl mövqelərdədir. Bizim nailiyyətlərimiz başqa ölkələrlə müqayisə oluna bilməz. Bizim iqtisadi inkişafımız, həyata keçirdiyimiz nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir”.
52 il - milli tariximizin dönüş anı
Belə bir deyim var - tarix ən ədalətli hakimdir. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Və belə şəxsiyyətin siyasət meydanına çıxması isə böyük tarixi hadisə kimi daim yaddaşlarda yaşayır. Məhz 1969-cu il iyulun 14-ü ən yeni tariximizin belə şərəfli, müqəddəs səhifələrindəndir. Ümummilli Lider Heydər Əliyevin timsalında bu fikri də böyük əminliklə qeyd edirik ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyətindən bəhs etmək üçün bütöv bir xalqın, dövlətin tarixini vərəqləmək gərəkdir. Ulu Öndər Heydər Əliyev məhz belə xoşbəxt şəxsiyyətlərdən idi. Bu gün təntənə ilə qeyd etdiyimiz 52 illik yol tarix yaradan şəxsiyyət kimi nüfuz qazanan Ümummilli Liderin xidmətlərinin, Vətəninə, xalqına sevgisinin aydın mənzərəsini formalaşdırır. Müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan həmin gün böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. O öz vətənini, millətini ürəkdən sevən bir Şəxsiyyət, Lider kimi bütün bu dövr ərzində Azərbaycanın taleyüklü məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və təlatümlü sınaqlarından çıxarmış, müasir müstəqil Azərbaycan dövlətinin, onun xoşbəxt gələcəyinin bünövrəsini qoymuşdur. Həmin illər ərzində Azərbaycanın sosial-iqtisadi həyatının dirçəlişi, milli-mənəvi və mədəni dəyərlərinin inkişaf etdirilərək dünya ictimayyətinə çatdırılması məhz Onun titanik fəaliyyətinin nəticəsidir.
Xalqın etimadını Ondan başqa heç kim doğrulda bilməzdi
Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Beləliklə, o zamankı Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əlirza oğlu Əliyev birinci katib seçildi. Həmin plenumdakı çıxışında o, özünün fəaliyyət platformasını çox konkret şəkildə ifadə etdi: "Mənə təzəcə tapşırılan bu vəzifənin bütün məsuliyyətini dərk edirəm. Qarşıma qoyulan öhdəliklərin çətinliyini, ağırlığını anlayıram və var qüvvəmlə çalışacağam ki, mənə göstərilən etimadı doğruldum... Mənə elə gəlir ki, bizim gələcək uğurlarımızın rəhni yalnız aktiv, birgə zəhmət ola bilər".
1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılmış, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görüldü. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. yaradılmışdır. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı. Respublikada kənd təsərrüfatı və onun xam malını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu.
Eyni zamanda, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin qətiyyəti, siyasi iradəsi hesabına gerçəkləşdi. Möhtəşəm fəaliyyəti ilə şöhrətlənən dahi Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Moskvaya getməzdən əvvəl, 1982-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın büro iclasında Ulu Öndər respublikaya on üç il yarımlıq rəhbərlik dövrünün yekunlarını məmnunluqla, fəxrlə ümumiləşdirərək demişdi: "Bu illər ərzində böyük işlər görülüb, respublika böyük uğurlar əldə edib. Biz uzunmüddətli geriləməni qısa müddətdə aradan qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq miqyasında ən qabaqcıl mövqelərdədir... Respublikada çox gözəl, sağlam mənəvi-siyasi, mənəvi-psixoloji atmosfer hökm sürür, sözün qısası, bizim respublika yüksəklərə, çox yüksəklərə qalxıb".
Azərbaycanı bəlalardan qurtaran ikinci Böyük qayıdış
O zaman ölkəyə başçılıq edən təsadüfi şəxslərin bacarıqsızlığı, səbatsızlığı, ağılsız addımları ağır nəticələrə gətirib çıxarmışdı. Ölkə daxilində iqtisadi islahatlar aparılmamış, əksər müəssisələr fəaliyyətini dayandırmış, əhalinin maddi durumu pisləşmiş, siyasi arenada hərc-mərclik, öbaşıpozuqluq meyilləri baş qaldırmış, demokratik dəyərlərin təşəkkülü istiqamətində heç bir iş görülməmişdi. Cənubda qondarma "Talış-Muğan Respublikası", Şimalda "Sadval"çıların "Ləzgistan" xülyaları, Qarabağda erməni işğalı, Gəncəbasarda Surət Hüseynovun başçılıq etdiyi silahlı qiyamçıların əməlləri ölkənin ərazi bütövlüyünə, suverenliyinə ciddi təhlükə yaratmışdı. Belə bir vaxtda xalq yeganə düzgün, ağıllı yolu seçdi - dünya şöhrətli siyasi xadim, müdrik dövlət adamı Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü il iyunun 9-da xalqın tələbi ilə Heydər Əliyev gərgin situasiyada yaşayan Bakıya gəldi. On minlərlə vətəndaş Bakı hava limanına axışaraq öz müdrik xilaskarını qarşıladı. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi. Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə Sədr seçildi. 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində (1993-2003-cü illər) neçə-neçə qərinəyə sığmayan son dərəcə böyük işlər gördü. Bəli, Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi son dərəcə məsuliyyətli və şərəfli bir missiyanı yüksək səviyyədə yerinə yetirdi.
Bu gün ümummilli liderin ideyaları Prezident İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Və xalqımız 30 illik torpaq həsrətinə 44 gün ərzində son qoyulması, məhz əsası ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafının etibarlı əllərdə olduğunun göstəricisidir. Məhz ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Və əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir. Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və Uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!
ZƏRİFƏ QULİYEVA,
YAP üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB