Vətən müharibəsi əlilləri və iştirakçıları daim dövlətin diqqət mərkəzindədir ŞƏRH
Prezident İlham Əliyev Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib. Əməl Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman davamlı xüsusi diqqət və davamlı qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bir daha bunun şahidi olduq. Prezident İlham Əliyev hərbçilərlə görüşü zamanı bildirmişdi: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib”.Dövlət başçısı onu da vurğulayıb ki, “mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”. Bax, budur əsl siyasət, hər bir azərbaycanlının Prezidenti olmaq. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"- deyən dövlət başçısı İlham Əliyevin ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm."
Göstərilən qayğı: faktlar, rəqəmlər...
Bəli, bu gün Azərbaycan dövləti 2006-cı ildən Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələr hesablayır, 2008-ci ildən Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan Prezidentinin təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin, Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı işləri də həyata keçirilir. Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib. Tarixin ən qanlı müharibəsində Azərbaycanın 640 mindən çox sakini iştirak edib. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilib.
Böyük Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının artırılmasını zəruri edən, sadəcə onların müharibə iştirakçısı və ya əlil olması, yaxud göstərdikləri şücaət deyil. Həm də sağ qalan müharibə iştirakçılarının ahıl yaşda olmasıdır. Buna görə də onlara həm də Azərbaycanın ən yaşlı insanları kimi xüsusi diqqət göstərilir. Böyük Vətən müharibəsi iştirakçılarının mövcud vəziyyətini nəzərə alan Azərbaycan dövləti onlara hərtərəfli diqqət ayırır: həm onların yaşa görə pensiyalarına əlavələr var, həm prezident təqaüdü alırlar, əlillər mənzil və avtomobillə təmin edilir, həm də onların digər sosial qayğıları dövlət hesabına həll olunur.
Ulu Öndər Heydər Əliyev: “Veteranlar bizim qızıl fondumuzdur”
Qeyd edək ki, Azərbaycanda müstəqil dövlət quruculuğu kursu digər ölkələr üçün nümunəvi modeldir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Həmin siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, veteranlar bizim qızıl fondumuzdur: “Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur. "Bəli, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Bir sözlə, bütün bunlar onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB