İşxan Verdyan: Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıdır – MÜSAHİBƏ
Ermənistanın baş naziri Nikol Paşinyan "polad inqilabına" ordudan başladı. "Təmizləmə" hələ başlanğıc mərhələsindədir və tanınmış erməni fəal və blogger İşxan Verdyan, Caliber analitik informasiya mərkəzinə verdiyi müsahibəsində bu prosesin davam edəcəyinə şübhə etmir.
Xatırladaq ki, keçən həftə Baş nazir Nikol Paşinyanın təklifi əsasında, general-mayor Qriqori Xaçaturov Ermənistan silahlı qüvvələrinin 3-cü ordu korpusunun komandiri vəzifəsindən azad edildi. Eyni zamanda, müvafiq fərmanı, Nikol Paşinyana çox da sadiq olmayan Ermənistan prezidenti Armen Sarkisyan imzaladı.
İşxan Verdyana görə, Qriqori Xaçaturovun istefaya göndərilməsi, əlbəttə ki, Nikol Paşinyanın vəd etdiyi "polad inqilabının" təzahürlərindən biridir:
- Nikol Paşinyan çoxdan orduda təmizlənmənin lazım olduğunu söyləyirdi, lakin hərbi vəziyyət çətin olduğundan heç bir radikal addım, kadr dəyişikliyi etməmişdi.
İndi belə bir fürsət var idi. Üstəlik, müharibə zamanı bu generallar dayanıqsızlıqlarını göstərdilər, onlar döyüş komandirləri deyillər, amma özlərini elə aparırlar ki, sanki onlar əvəzedilməzdirlər. Yalnız siyasi lobbiçiliklə məşğul olmağı, seçkilərdə "kimə lazımdırsa" səs təmin etməyi, təxribat etməyi bilirlər.
Xüsusi olaraq, general Qriqori Xaçaturovdan danışarkən, onun atası Yuri Xaçaturovun Ermənistanda bir cinayət işində saxlanıldığını bilirik. Buna görə İrəvan onu KTMT Baş katibi vəzifəsindən geri çağırdı.
Belə bir təmizlənmə təkcə hərbçiləri deyil, məmurları da narahat edəcəkdir. İndi Sünikdə (Zəngəzur- red) idarə nümayəndələrinin kütləvi "ölümü" başlayır, təxribat, korrupsiya, işləmək istəmədikləri üçün cinayət təqibi ilə üzləşirlər. Görünən budur ki, Paşinyanın “polad çəkic”i işə başlayır.
- Ermənistan prezidenti Armen Sarkisyanın Nikol Paşinyanın 3-cü ordu korpusunun komandirini vəzifəsindən azad etmə qərarını təxrib etməməsi sizi təəccübləndirmədimi?
- İndi Ermənistanda ölkə rəhbərliyinin siyasi qərarlarının “sabotaj mövsümü” başa çatır. Nikol Paşinyan və partiyası seçkilərdə legitimliyini təmin etdi. Seçkilərin nəticəsi həm Ermənistan xalqı, həm də dünya ölkələri tərəfindən tanınır. Düşünürəm ki, heç bir siyasi xadim bunun hansısa nəticəyə gətirib çıxara bilməyəcəyini anlayaraq Nikol Paşinyana təzyiq göstərməyə çalışmayacaq.
- Sünikdəki bir çox məmurun Nikol Paşinyanın qərarlarını təxrib etdiyini söylədiniz. Bu, necə ifadə edildi?
- Əvvəlcə həmin bölgənin boğulduğu korrupsiyadan danışmalıyıq. Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistandakı korrupsiyanı təmizlədi, lakin korrupsiya Sünikdə qaldı. Bundan əlavə, seçkilərin saxtalaşdırılması, bu, bəlkə də Ermənistandakı ən ağır cinayətdir. Yerli məmurlar seçicilərə təzyiq göstərdilər. Mis-Molibden Kombinatının məsələsi də var, Nikol Paşinyan tərəfindən artıq elan edilmiş böyük yenidən qurulmalar olacaq. Beləliklə, keçmiş cinayətkar rejimi təmsil edən bütün fırıldaqçılardan təmizlənmə prosesi var.
- Ruslar da daxil olmaqla bir çox ekspertlər Ermənistan ordusunun Nikol Paşinyan tərəfindən idarə olunmayan yüksək rütbəli hərbi qulluqçulardan təmizlənməsindən sonra Azərbaycanla Ermənistan arasında qarşılıqlı münasibətləri təmin edən hərtərəfli sülh sazişinin imzalanmasına hazırlıq prosesinin aparıldığına inanır, hansı ki, bunun nəticəsində ərazi bütövlüyünün tanınması daha sürətli gedəcəkdir. Necə fikirləşirsiniz?
- Orduda təmizlənmə və buna görə Azərbaycanla sülh razılaşmasının sürətlənməsi arasında birbaşa əlaqə görmürəm. Ancaq belə bir sənədin imzalanmasına səbəb olacaq hər hansı bir hərəkəti alqışlayacağam.
Əlbəttə ki, bəzi detallar uğursuz olduqda, bütün sistemin normal işinə mane olur. Sistemin təmizlənməsi, hissələrin dəyişdirilməsi torrmozlanmış proseslərin sürətlənməsinə səbəb ola bilər.
- Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivlərini özünüz necə qiymətləndirirsiniz? Nə vaxt mümkün olacaq?
- Qarabağın gələcəyini müəyyənləşdirmədən məsələ həll olunmayacaq. Azərbaycan Qarabağı öz tərkibinə tamamilə qəbul etməlidir və bundan sonra sülh sazişindən danışa bilərik. Və Ermənistanın bu məsələni bağlamasına ehtiyac var. İndi Nikol Paşinyan Qarabağ məsələsində ATƏT-in Minsk qrupuna müraciət edir, siyasi təşəbbüskarlığını göstərmir. Ancaq 30 il ərzində, subyektiv fikrimcə, qanlı müharibəyə səbəb olan ATƏT-in Minsk Qrupu idi.
Fikrimcə, Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun bölgədə siyasi impotent olan həmsədrlərinə baxmadan təşəbbüslərlə çıxış etməlidir. Nikol Paşinyanın nə edəcəyini bilmirəm, bu, mənə tam aydın deyil. Ancaq sülh müqaviləsinin imzalanması birbaşa onun atacağı addımlardan asılıdır. Söhbət Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasından gedir. Bu baş verən kimi sülh müqaviləsi imzalanacaq. Ancaq nə vaxt olacaq- bunu demək mənim üçün çətindir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB