Vladimir Putin “Ermənistan lideri xalqın etimadından istifadə etdi” söylədi
İki gün öncə Rusiya Prezidenti Vladimir Putin daha beş il Ermənistanın Baş naziri olmaq hüququnu qazanan Nikol Paşinyanla görüşdü. Buna qədər isə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi və Nikolun başçılıq etdiyi “Vətəndaş Müqaviləsi” bloku heç kimin təsəvvür edə bilmədiyi və inanmaqda zorluq çəkdiyi bir qələbə qazandı, həm də 53.92% səs çoxluğu ilə. Bəs bu təəccübə səbəb nədir? Necə oldu ki, “kapitulyant” Nikol xalqın etimadını yenidən qazana bildi? Sualı fərqli şəkildə də qoymaq olar, məgər Paşinyan yalnız məğlub olmalı idimi? Bəli, onun məğlubiyyət ehtimalı daha böyük idi. Bu qələbə isə bütün dünyada mövcud olan seçki metodologiyasını, prinsiplərini demək olar ki, alt-üst etdi. Adətən o partiyaya qələbə çala bilir ki, ya gördüyü, ya da görəcəyi işlərin uğurlu olacağını xalqını inandıra bilsin. Paşinyan isə 2018-ci ildə “Qarabağ klanı”ndan bezən, onların kriminal əməllərindən usanan xalqın sanki ümid yeri oldu. Ermənistan ictimaiyyəti ölkədə çox şeyin dəyişəcəyinə ümidli idi və hətta Qarabağdan qurtulacağına da…
20 iyun növbədənkənar parlament seçkilərinin nəticələri də bir daha sübut etdi ki, xalq – seçici istəyində israrlıdır. Boynundan asılmış yükdən, “Qarabağ” kimi ağır daşdan qurtulmaq üçün hər addıma hazırdır.
Və budur, Ermənistan cəmiyyətinin ictimai şüurunda artıq özünə yer etmiş bir fikir də Nikol Paşinyanın Moskva səfəri ilə alt-üst oldu. Ermənilər elə təsəvvür edirdilər ki, Rusiya Prezidenti Vladimir Putin dostu Robert Koçaryanı ağır məğlubiyyətə uğratmış Nikola heç vaxt xeyir-dua verməyəcək. Ölkənin keçmiş prezidenti Robert Koçaryan rəqibinə seçkinin nəticələrinə görə meydan oxumağa çalışsa da, Moskva Nikol Paşinyanın qələbəsini tanıdığını açıq şəkildə bildirdi. Putin "xalqın etibar və etimad etdiyi şəxs”ə yalnız uğurlar arzuladı və siyasətdə daimi dostluğun olmadığını açıq şəkildə bəyan etdi: “Bir daha şəxsən sizi seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə təbrik etmək istəyirəm. Bunun hər kəs üçün, ilk növbədə, Ermənistan üçün, erməni xalqı üçün vacib olduğunu düşünürəm".
Bu sözlər Moskva tərəfindən Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın qələbəsini tanıması kimi səsləndi. Bu, Nikola parlament çoxluğu yaratmağa və faktiki olaraq ölkəni daha beş il təkbaşına idarə etməyə imkan verdi. Paşinyan Kremldəki görüşə Ermənistanın Baş naziri vəzifəsini icra edən şəxs kimi gəlsə də, buradan artıq hökumət başçısı kimi çıxdı.
İrəvan Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryanın dediyinə görə, Nikol Paşinyanın partiyası həqiqətən legitimliyini qoruya bildi və bu, Moskva üçün kifayət etdi: "Əslində bu səbəbdən Rusiyaya çox uyğun gələn seçkilər təşkil edildi, çünki müharibədən sonra bölgədə yaranmış gərgin vəziyyəti həll etmək, danışıqları davam etdirmək üçün ortaq liderə ehtiyac var. Kremlin bu işi öhdəsinə götürəcəyinə böyük ehtimal yaranıb. Əgər Moskva Ermənistan-Azərbaycan sərhədində baş verənlərə müdaxilə etməsə onsuz da gücsüz olan Ermənistan bu problemin altından çıxa bilməyəcək və ölkə öz suverenliyini itirməli olacaq. Bir sözlə, Moskva görüşü Nikol üçün bir legitimləşmə proseduru idisə, xalq üçün inkar edilməyən xilas yolu idi”.
Əslində İrəvanın Bakı ilə dialoqda Moskvanı dəstəkləməsi mövcud vəziyyətdən çıxış yolu hesab olunur. Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibi Stanislav Zasın “sərhəddə baş verənlər qurumun müdaxiləsi üçün yetərli deyil” açıqlamasından sonra İrəvanda az adam KTMT-nin köməyinə inanır. Nəhayət, Vladimir Putinlə Nikol Paşinyan arasındakı söhbətin stenoqramında bölgədə nəqliyyat kommunikasiyalarının açılması kimi mürəkkəb və həssas məsələləri də müzakirə edildiyi məlum olub. Əslində Putinin Paşinyanla görüşünün əsas məqsədi nə Baş naziri qələbə münasibətilə təbrik etmək, nə “Sputnik-V” vaksininin satışına dair razılaşmanı gözdən keçirmək, nə hərbi əsirlərlə bağlı düyünə düşmüş ipi çözmək, nə də Qarabağda yaşayan ermənilərin gələcəyini müzakirə etmək idi, əslində Rusiyanın iqtisadi maraqları gündəlikdə idi, Rusiya “Zəngilan koridoru”ndan nə vaxt və necə istifadə edə biləcək? Və Putin demək olar ki, masada olan bütün sualların cavabını öz xeyirinə ala bildi.
Sırada “Zəngəzur dəhlizi”nin rezlizə olunmasıdır.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB