Bu gün Azərbaycanın diplomatik xidmətinin yaradılmasından 102 il keçir. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair müvəqqəti təlimatın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur. Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilib. Məsələ ilə əlaqədar Milli Məclisin deputatları ilə sorğu keçirdik. SİA həmin sorğunu təqdim edir:

Milli Məclisin deputatı Səməd Seyidov: “Azərbaycan diplomatiyası bu gün özünün ən yüksək dövrünü yaşayır. Ona görə ki, Azərbaycan diplomatiyası haqqa-ədalətə söykənən diplomatiyadır. Tarix göstərdi ki, beynəlxalq qanunlar ciddi şəkildə pozula, beynəlxalq qanunu görməyə və riayət etməyə də bilərlər. Ancaq zaman ədaləti həmişə bərpa edir. Bu nöqteyi- nəzərdən Azərbaycanın apardığı xarici siyasət iki mühüm məsələni özündə ehtiva edir. Haqq-ədaləti və həmin o beynəlxalq qanunu məhz bu ədalətlə bərpa etməyi”.
S.Seyidov vurğulayıb ki, bu iki yanaşma da öz bəhrəsini verdi: “Qeyd etməliyəm ki, bu gün yaşadığımız tarixi bizə bəxş edən iki böyük şəxsiyyət var. Məhz bu siyasəti ilk öncə Ümummilli Lider Heydər Əliyev formalaşdırdı, daha sonra Prezident İlham Əliyevin isə dəmir yumruğu və dəmir iradəsi Azərbaycan xalqını birləşdirdi və bütün torpaqlarımızı işğaldan azad etdi. Bu gün Azərbaycan diplomatiyası yalnız torpaqların işğaldan azad olunması ilə bağlı məsələləri gündəmə gətirmir. Eyni zamanda diplomatiyamız xaricdə bizə qarşı işləyən işğal olunmuş beyinləri də erməni işğalından azad edir”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu: “Diplomatiya milli gücün beyni hesab olunur. Milli gücün kəmiyyətlə keyfiyyət komponentlərinin məcmusu və o potensialın gücə çevrilməsi məhz diplomatiya ilə əlaqədardır. Diplomatiya həm də mümkün olmayanı mümkün etmə sənəti adlandırılır. Buna görə də dövlətlərarası beynəlxalq münasibətlərdə diplomatiya çox mühüm bir peşə kimi beynəlxalq nizamın keyfiyyətini təyin edən bir vasitədir. Sevindirici haldır ki, Azərbaycanda da çox peşəkar, öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, diplomatik müstəvidə ideya və fikir istehsal etməyi bacaran, xalqımızın, dövlətimizin diplomatiya sahəsində maraqlarını çox səmərəli şəkildə realizə etməyi bilən çoxsaylı diplomatik korpusumuz mövcuddur. Diplomatiya institutu şübhəsiz ki, hər bir ölkənin siyasi sistemi və onun müəyyənləşdirdiyi xarici siyasət strategiyası ilə üzvü şəkildə bağlıdır”.
H.Babaoğlu vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsasında duran, milli maraqlarımıza söykənən, universal və tarazlaşdırılmış xarici siyasətin həyata keçirilməsində milli diplomatlarımızın çox böyük rolu var: “Diplomatiyanın keyfiyyəti isə xalqı milli məqsədlərə çatdıran vasitə kimi çıxış etməkdədir. Ona görə də diplomatlar üçün bir günün ayrılması, onların peşə bayramının qeyd olunması da təqdirəlayiq bir hadisədir. Əgər, bəşəriyyəti beynəlxalq nizami xalqların platforması kimi qiymətləndirsək, onda diplomatik cəbhədə Azərbaycan adından savaşan məhz bizim diplomatlarımızdır. Bu işdə onların hər birinə uğurlar arzu edir, Azərbaycan diplomatiya institutunun daha da inkişaf etməsini və xalqımıza daha çox mənfəətlər gətirməsini diləyirik”.

Milli Məclisin deputatı Ramil Həsən: “Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır 2014-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən fövqəladə və səlahiyyətli birinci dərəcəli elçi ali diplomat rütbəsi alan bir şəxs kimi bu gün mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan diplomatiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasət strategiyasının həyata keçirilməsində şübhəsiz müstəsna rol oynayır. Diplomatlarımız ölkəmizin milli maraqlarının qorunması və beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarının müdafiə edilməsi üçün ciddi cəhdlə fəaliyyət göstərirlər. Strategiyamızın banisi və rəhbəri cənab Prezident İlham Əliyevdir. Taktik-hücum diplomatiyasının müəllifi olan Prezident İlham Əliyevin çıxışlarını, vermiş olduğu tövsiyyə və tapşırıqları dinləmək yetərlidir ki, xarici siyasət istiqamətində hər bir diplomat üçün konkret bir yol xəritəsi müəyyənləşdirmiş olsun”.
R.Həsən vurğulayıb ki, cənab Prezidentin çıxışları zamanı vermiş olduğu mesajlar vəzifəsindən asılı olmadan hər bir diplomat üçün xarici siyasət istiqamətində inanılmaz yol xərtəsidir və əminəm ki, bundan sonra da həm ölkəmizin milli maraqlarının qorunması, həm Qarabağ məsələsi ilə əlaqədar atmış olduğumuz uğurlu addımların yüksək nəticələr verməsilə və digər proseslərdə də Azərbaycan diplomatiyası bilavasitə cənab Prezident İlham Əliyevin başçılığı altında mühüm işlərə imza atacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB