Müxtəlif etnosların və millətlərin dostluq, qardaşlıq məkanı - TƏHLİL

Müxtəlif etnosların və millətlərin dostluq, qardaşlıq məkanı - TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək

Müasir dünyada istənilən ölkədə multikultural dəyərlərə sahib olmaq anlaşılmazlığa, fobiyaya, milli və dini münaqişələrə son qoymaq deməkdir. Azərbaycan o nadir ölkələrdədir ki, bu gün dünyaya multikultural dəyərlərini mesaj olaraq verir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Təbii ki, ölkəmizdəki bu tolerant mühitin yaradılması və inkişafı bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. "Tolerantlıq, dözümlülük çox geniş anlayışdır", - deyən Ulu Öndər Heydər Əliyev onun həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aid olduğunu bildirirdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.

AZƏRBAYCAN MÜXTƏLİF ETNOSLARIN VƏ MİLLƏTLƏRİN TARİXƏN DOSTLUQ VƏ QARDAŞLIQ ŞƏRAİTİNDƏ YAŞADIĞI MÜQƏDDƏS MƏKANDIR

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən dini ocaqlarımıza məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Söz yox ki, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşməsi, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması fikirlərimizə əsas verir. Ölkəmizdəki mövcud durum bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə icra etmələrinə imkan yaradır. Bu onun göstəricisidir ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı bir məkandır və hər kəs üçün müqəddəs torpaqdır. Pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayırlar və bu vəziyyət heç zaman dini və ya irqi ayrı-seçkilik olmadığını bir daha göstərir. Dini mərkəz və idarələrin xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlamasına, onların beynəlxalq dini tədbirlərdə iştirakına heç bir məhdudiyyətlər qoyulmur. Paytaxtımızdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələri qurur. Azərbaycanın yəhudi icmaları "Soxnut", "Aqudit İsrail" və "Tşuva İsrail" kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə geniş imkanlara malikdirlər. Ölkəmizdə xristian və yəhudi dini tədris müəssisələrinin olması da tolerantlıq mühitinin olmasından xəbər verir. Azərbaycanda yəhudilərin 2500 ildən artıqdır ki, məskunlaşması dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamalarını özündə ehtiva edir. Hazırda Azərbaycanda 7 yəhudi dini icması var. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilib. Elə həmin il Bakıda "Od-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 222 saylı 5 oktyabr 2006-cı il tarixli Qərarına əsasan Quba rayonu Qırmızı qəsəbədə yerləşən 1 nömrəli məktəbə İsaak Abramoviç Xanukovun adı verilib. Biz bunu kifayət qədər sadalaya bilərik. Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah var.

"MULTİKULTURALİZM ƏNƏNƏLƏRİ VƏ TOLERANTLIQ AZƏRBAYCAN XALQININ HƏYAT TƏRZİ, MƏNƏVİ-ƏXLAQİ DƏYƏRİ, AZƏRBAYCAN RESPUBLİKASININ SİYASƏTİDİR"

Azərbaycan Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini və s. təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.Bu gün ölkəmizdə olan multikultural mühit nümunədir. Həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılacaq.Əlbəttə ki, multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini öyrənir. Azərbaycandakı bu münasibət ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür. Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Təbii ki, bu Azərbaycanın iqtisadi gücü olması ilə yanaşı, ölkədə dini dözümlüyün, əmin-amanlığın hökm sürməsi də mühüm faktorlar sırasındadır. Bu gün ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşaması dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının siyasətidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə