“Cənubu Qafqazın gələcəyi üçün həlledici bir mərhələdəyik” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutdu və Paşinyan qələbə qazandı. Bundan sonra Paşinyandan bir sıra istiqamətlərdə konkret addımların atılması gözlənilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, Rusiya üçün hazırda ən aktual məsələlərdən biri 10 noyabr 2020-ci il birgə bəyanatın şərtlərinə əməl olunmasından ibarətdir: “Keçmiş münaqişə zonasında vəziyyət bildiyiniz kimi hər zaman Rusiya prezidenti Vladimir Putinin diqqətindədir. Azərbaycan Prezidenti İlham Əliyevlə də təmaslar zamanı məsələ ətrafında müzakirələr aparılır. Təbii ki, Cənubu Qafqazın gələcəyi üçün həlledici bir mərhələdəyik. Azərbaycan tərəfinin kifayət qədər konstruktiv mövqeyi göz önündədir. İşğaldan azad etdiyimiz ərazilərdə sürətlə quruculuq, bərpa işlərini həyata keçirməkdəyik, kommunikasiya sistemləri yaratmaqdayıq. Birgə bəyanatın 9-cu bəndinə müvafiq olaraq Zəngəzur dəhlizinin açılması da bizim üçün aktuallıq və mühüm əhəmiyyət kəsb edir”.
E.Mirbəşiroğlu bildirdi ki, Ermənistanda Paşinyanın qələbəsindən sonra hökumətin formalaşdırılması gündəmədir: “Hesab edirəm ki, hökumət elə formalaşdırılmalıdır ki, post-münaqişə mərhələsində regionda cərəyan edən proseslərə hər hansı bir neqativ gözləntilər və təsirlər olmasın. Düşünürəm ki, bu məsələlər ətrafında da müzakirə aparıla bilər. Ümumi gözlənti isə ondan ibarət ola bilər ki, Ermənistan tərəfi birgə bəyanatın şərtlərinə əməl etsin. Xatırlatmaq istəyirəm ki, Vladimir Putin o birgə bəyanatın şərtlərinə əməl olunmamasını intihara bərabər kimi dəyərləndirmişdi. Bu baxımdan, təbii ki, bu Ermənistana yönəlik mövqedir. Çünki Ermənistan zaman-zaman qeyri konstruktivlik sərgiləyir. Azərbaycanın mövqeyi ancaq regional təhlükəsizliyin etibarlı təmin olunmasına, davamlı sülhün bərqərar olunmasına köklənib və bunu da həm Rusiya həm də, bütün dünya ölkələri aydın görür. Regionun dağıdıcı ölkəsi Ermənistandır. Yəni bu istiqamətdə izahedici işləri indiki şəraitdə baş nazir səlahiyyətlərini icra edən Paşinyanla aparmalıdır. Düşünürəm ki, əsasən bu istiqamətdə müzakirələr aktuallıq kəsb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB