“Ən mühüm məsələ dəymiş zərərin aradan qaldırılmasıdır” - DEPUTATIN MARAQLI YANAŞMASI
“Cənab Prezident İlham Əliyev : “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov ölkə başçısının dediklərindən sitat gətirərkən deyib.
Millət vəkili həmçinin öz sözlərinə bunları əlavə edib: “Bəli, Ali Baş Komandan daim verdiyi vədlərə əməl etmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılmışdır. Bəli, bu gün ən mühüm məsələlərdən biri, işğaldan azad olunan ərazilərimizə dəymiş zərərin aradan qaldırılması və məcburi köçkünlərin öz doğma yurdlarına geri qaytarılmasıdır. Və bu yöndə də çox mühüm addımlar atılmaqdadır. İnşallah qısa müddət ərzində biz Qarabağı cənnət məkana çevirəcəyik!”, deyə Eldəniz Səlimov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə