Ərköyün kütlələrin azadlıqlar sevdası

Ərköyün kütlələrin azadlıqlar sevdası

Azadlıq sözünün özünü ən çox tapdığı quruluş liberalizmdir. Elə qlobalizasiya dünyasının insanı da hər fürsətdə bu sözü özünə şüar edir. Söz, toplaşma azadlığını təmin edən kütlələr də idarəçilikdə birbaşa iştirak hüquqları tələb edirlər. Belə ki, onlar seçkilər və nümayəndələr vasitəsi ilə təmin olunmuş idarəçilik şansını az görür, bu üsulla təmin edilmiş idarəçiliyi formal hesab edirlər. Bu cür düşüncənin anarxizm ideyalogiyası ilə tay tutmaq çox daha məntiqli olardı. Çünki bir quruluşu bir yığın insan idarə edə bilməz. Bu həm mümkünsüz həm də məntiqsizdir.

Belə ki, bu qisimdən olan insanlar toplaşma azadlığından da sui-istifadə edərək çaxnaşmalar yaradır. Beləliklə onlar bir daha isbat edirlər ki, insan öz azadlığına laiq olmaya da bilər. Əslində insanın azad olub olmaması barədə düşüncələr bizim insan təbiəti barədə fikrimizdən əsaslanır. İnsanları mənfi xarakterlərindən dolayı sərt nəzarətə laiq bilən Tomas Hobbs və insanları hər cür azadlığa laiq bilərək onların təbiətini xoş görən Jan Jak Russo da eyni ilə bu cür ziddiyətdə olub. Fikirlərinə görə, bu iki filosofun düşüncələrinin ortasında yer alan Con Look isə birbaşa liberalizmin fundamentini qoyur. Çox keçmir ki, bütün liberalların dilində əzbər olan həmin fikir də ortaya çıxır “Bir insanın azadlığı, digərinin azadlığının başladığı yerə qədərdir”. Yəni bir insan istədiyi hər yerə gedə bilər. Amma onun sərhəddi digərinin mənzilinin qapısında bitir.

Zaman keçdikcə digər azadlıq konsepsiyaları da ortaya çıxır. Söz azadlığı, bir düşüncənin, inancın, qərarın, və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu maddəsində qeyd olunur ki, "Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnu var". Qısa müddət sonra söz azadlığı daha da təkmilləşərək özünü növbəti konvensiyalarda tapır. 1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq bu azadlığı daxildir".
Günümüzün insanı bu azadlıqdan da radikal dərəcədə istifadə edərək öz saflığını itirir. Belə ki, onlar bu və ya digər davranışlarla çirkinlik yaradırlar. Məsələn keçmiş ABŞ prezidenti Donald Tramp onu təhqir edən vətəndaşların önündə kifayət qədər çarəsiz idi.

Adətən çox az siyasət adamı azadlığa mənfi pəncərədən baxır. 1984 əsərində George Orvelin dediyi kimi “Azadlıq ən böyük köləlikdir”. Belə ki, bu azadlıqların verdiyi şanslar öz yanında həm də şıltaqlıq, tənbəllik, yozlaşma gətirir. Bu cür ərköyün fərdlər isə azadlıqdan asılı olur. Yəni bu cür insan fikrini ictimailəşdirmək üçün hər cür buxovu qəbul edə bilər.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə