Ekoloji terrorda Ermənistanla Almaniya şirkətlərinin əlbirliyi
Erməni ideologiyasının hansı zehniyyətə qulluq etdiyi bu gün də ən müxtəlif sahələr üzrə özünü çılpaqlığı ilə açıq şəkildə göstərir. O cümlədən, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror siyasətini bu gün də davam etdirir. İşğalçı ölkə tarixi, dini və mədəni abidələrimizə, şəhər və rayonlarımıza tutulan divanı 30 illik işğalı dövrünə son qoyulmaqla da bitmədi. Artıq bir neçə gündür ki, Arazı çayına axan Oxçuçayın düşmən tərəfindən sənaye tullantıları ilə çirkləndirildiyi barədə həyəcanlı xəbərlər gəlməkdədir. Belə ki, Cənubi Qafqazın ikinci böyük çayı olan Zəngəzurdan axıb Araza tökülən, oradan isə Azərbaycanın digər rayonlarından keçərək Kürə qovuşan Oxçuçay Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalmaqdadır. Oxçuçayın çirkləndirilməsi bölgədə ekoloji vəziyyəti daha da gərginləşdirir. Belə ki, Zəngilan rayonu erməni işğalından azad olunduqdan sonra 2021-ci ilin yanvar-mart aylarında ekoloqlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Oxçuçayda suyun tərkibində yüksək miqdarda ağır metallar, o cümlədən mis, molibden, manqan, dəmir, sink və xrom mövcuddur. Bu cür ağır metallar və çirklənmə flora və faunaya ciddi zərər vurmaqla yanaşı, insan həyatı üçün də xüsusi təhlükə yaradır. Burada bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Beynəlxalq təşkilatların “ört-basdır” oyunu
Çox təəssüf ki, bu vaxta qədər beynəlxalq ekoloji təşkilatlar, ətraf mühitin qorunması üçün “canfəşanlıq” edən qurumlar Ermənistanın ekoloji terroruna səssiz qalıblar. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə də Qərb ölkələrindən olan biznes qurumlarının olması təəssüf doğurur. Çünki Ermənistanın Azərbaycana qarşı həyata keçirilən ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur.
Onlardan biri də Almaniyanın CRONIMET Holding GmbH şirkətidir. Bu şirkət Oxçuçay ətrafında dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir. Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq yaradıb.
Azərbaycan gənclərinin beynəlxalq təşkilatlara bununla bağlı müraciətindən sonra Almaniya mediası Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil edib.
Alman zehniyyətində "faşist" təxəyyülü
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi bəzi qərb dairələrini narahat edir. Bu prosesdə şirkətləri Oxçuçayı çirkləndirilən Almaniya daha fəal rol oynayır. Azərbaycan əleyhinə olan bu kampaniyaların davamlı xarakter daşıması prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir.
Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda keçirilən beynəlxaql tədbirlər zamanı daim Almaniya mediası əleyhimizə materiallar dərc etməklə diqqət çəkməyə çalışıb. Bu cür hallar Eurovision-2012, l Avropa oyunları və digər mühüm beynəlxalq tədbirlər zamanı özünü göstərmişdi.
Hal-hazırda da Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi prosesi davam etdirilir. Bu məsələ Azərbaycanda böyük rezonans doğurduğundan və etirazlara səbəb olduqdan sonra Azərbaycan media nümayəndələri tərəfindən bu məsələ gündəmdə saxlanıldı. Tədqiqatlar zamanı Oxçuçayda çoxlu sayda bu terrorun törədilməsində Avropa Şirkətlərinin də iştirak etməsi ortaya çıxıb.
Eyni zamanda, bu kampaniyalarda Soros şəbəkəsinin məkrli planları da özünü göstərir. Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. “Soros uşağı” olan Nikol Paşinyan və komandası ilə ortaqlıq təəccüblü deyil bəlkə də. Amma axı, Oxçuçay məsələsində hakimiyyətə qarı deyil, insanlığa qarşı terrordan söhbət gedir...Bütün dünya su ehtiyatlarından səmərəli istifadədən danışır, tədbirlər görür, Azərbaycanın bir çayı qətlə yetirilib, erməni faşizminə dəstavuz verənlərin yanında yer almaq böyük cinayətdir!
Görünür, bu cinayətlərin baş vermə səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsidir ki, bu da bəzi qərb dairələrini narahat edir. Xüsusilə də, bu prosesdə Almaniya şirkətləri Oxçuçayı çirkləndirməkdə daha fəal rol oynayır. Azərbaycan əleyhinə olan bu kampaniyaların davamlı xarakter daşıması prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir. Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı daim Almaniya mediası əleyhimizə materiallar dərc etməklə diqqət çəkməyə çalışıb. Bu cür hallar Eurovision-2012-ci il Avropa Oyunları və digər mühüm beynəlxalq tədbirlər zamanı özünü göstərib.
Ancaq bu gün bütün dünya görür ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarımızı yenidən cənnətə çevirmək sahəsində böyük işlər həyata keçirir. Bu gün Azərbaycan Zəngilanda “Ağıllı kənd” yaradır, Həkəri çayına qızıl balıqlar buraxır, erməni faşizminin viran qoyduğu bölgəni yenidən cənnətə çevirmək istəyir, ermənilər isə şərikləri ilə birgə Oxçuçayla üzüaşağı zəhər axıtmaqda davam edirlər! Bunun nəhayət, sonu olmalıdır! Ancaq bu faşist cinayətləri ilə Azərbaycan mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından - 3285 metr yüksəklikdən – götürən Oxçuçayın axarını tərsinə çevirə bilməz və əgər alman şirkətilə ermənilərin bu sayaq cinayət ortaqlığı davam etsə, bunun sərt cavabı olacaq bir gün. Bir də unutmasınlar: Zəngəzur Azərbaycanın tarixi ərazisidir!
Sözügedən məsələ ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev bildirib ki, ermənilər tərəfindən mütəmadi olaraq Azərbaycan ərazisində olan çaylara çirkli sular axıdılaraq həmin çay hövzəsinin flora və faunasının məhv edilməsi prosesi həyata keçirilir: “Hal-hazırda Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi prosesi davam etdirilir. Bu məsələ Azərbaycanda böyük rezonans doğurduğundan və etirazlara səbəb olduqdan sonra Azərbaycan media nümayəndələri tərəfindən bu məsələ gündəmdə saxlanıldı. Tədqiqatlar zamanı Oxçuçayda çoxlu sayda bu terrorun törədilməsində Avropa Şirkətlərinin də iştirak etməsi ortaya çıxıb. Ermənistan dağ mədən şirkətlərinə xüsusilə də Almaniyanın “CRONIMET Holding”indən dəstək var. Onlar bilərəkdən Oxçuçayın hövzəsinin çirkləndirilməsi prosesini həyata keçirirlər. Təəssüf ki, Azərbaycan mediası tərəfindən Almaniya səfirinə edilən müraciətə qeyri-adekvat münasibət göstərilib, səfirin cavabı isə ,sadəcə olaraq, məsələni ört-basdır etməyə və diqqəti şirkətin üzərindən yayındırmağa yönəlib.
Ətraf mühitin qorunması ilə bağlı “canfəşanlıq” edən, özünü təbiətin mühafizəçisi kimi qələmə verən “Yaşıllar Partiyası” isə daha qərəzli və etinasız mövqe nümayiş etdirərək Azərbaycana ayrılacaq vaxtlarının olmadığını bildirib. Bu cavabla partiya özünün əsl simasını ortaya qoymuş olub. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, başqa vaxt hər hansı kiçik bir ekoloji hadisəni böyüdüb onun ətrafında müxtəlif kampaniyalar quran beynəlxalq təşkilatlar nədənsə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ekoloji terrora məruz qalmasına laqeyid və etinasız münasibət sərgiləyirlər. Müvafiq beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Ermənistana ciddi təzyiq göstərməli və onu ekoloji balansın qorumasına lazımi şərait yaratmağa vadar etməlidirlər”.
Göründüyü kimi, özünü dünyada təbiətin müdafiəçiləri kimi təqdim edən bir dövlətin Ermənistanın ekoloji terrora xidmət edən cinayətkar fəaliyyətində "biznes ortağı" statusunda çıxış etməsi alman zehniyyətində hələ də "faşist" təxəyyüllü elementlərin qaldığını göstərir.
Oxçuçaydakı ekoloji terror o həddə çatıb ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində bunları yazıb: "Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Su mədənçiliyin ən geniş yayılmış qurbanı hesab olunur. Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Ermənistandakı mədən sənayesi ilə əlaqədar Oxçuçayda ağır kimyəvi çirklənmə qeydə alınıb. Məsul şirkətlər öz fəaliyyətlərini dayandırmalıdır".
Lakin hələ də Ermənistanın hər fürsətdə Azərbaycana əllərindən gəldiyi qədər maksimum zərər vurma istəyini dayandırmaq, onlara "dur" demək istəyən bir təşkilat, bir dövlət gözə dəymir.
Telman Zeynalov: “Azərbaycanın təbii sərvətlərini və təbiətini talan edənlər məhkəmə qarşısında cavab verməlidir”
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekspert Telman Zeynalovun açıqlamasında bildirib ki, Azərbaycanın təbii sərvətlərini və təbiətini talan edənlər məhkəmə qarşısında cavab verməlidir: “Heç kimə sirr deyil ki, guya demokratiya uğrunda mübarizə aparmış bir dövlət olan Almaniyanın şirkəti digər dövlətin torpağını zəbt edənlərlə əlaqə yaradıblar”.
Ekspert vurğulayıb ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçib: “Otuz ildir istismar ediblər, buna görə də həmin müddətdə ərazilərimiz, meşələrimiz bütün ağır metallarla doludur. Bunlar hamısı təmizlənəndən sonra bütün dəymiş zərəri ödəməlidirlər. Təbii ki, Oxçuçay axar çaydır və axar çaylar öz-özünü təmizləyə bilir. Amma bu təmizləmə prosesinin reallaşmasına imkan vermək lazımdır. Çay mütəmadi, fasiləsiz olaraq çirkləndiyi üçün özü-özünü təmizləməyə imkanı olmur. Təsəvvür edin ki, onlar 30 ilə yaxın istismar etdiyi çayları, yeraltı suları, torpaqları və layları necə zibilləyiblər. Bunları kim təmizləyəcək? Əgər bu təmizləmə işləri təbiətin boynuna atılsa, buna min illərlə vaxt lazım olacaq. Ona görə də bu əməlləri törədənlər məsuliyyətə cəlb olunmalıdırlar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlının sözlərinə görə, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 %-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır: «Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər".
"Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir"- deyə E.Qarabağlı bildirib.
O vurğulayıb ki, ekoloqlar işğaldan azad edilən Zəngilan rayonu ərazisindən axan yerli çaylarda monitorinqlər aparıb: "Oxçuçaydan bu ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Nazirliyin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb".
Bir sözlə, beynəlxalq təşkilatlar bu terror faktının qarşısını almalı, beynəlxalq müstəvidə tədbirlər görməlidirlər. Ermənistana qarşı bu terror əməlinə görə hər hansı bir beynəlxalq sanksiya tətbiq olunmazsa, bundan arxayınlaşacaq düşmənin azğın xarakterli əməlləri arta-arta gedə bilər. Ermənistan ekoloji terroru davam etdirərsə, bu, onun üçün xoş nəticələnməyəcək. Azərbaycanın təbii sərvətlərini və təbiətini talan edənlər məhkəmə qarşısında cavab verməlidir və verəcəklər də!
Qeyd edək ki, Araz çayının sol qolu olan Oxçuçay çayının uzunluğu 83 km, sahəsi 1,175 km2-dir. Mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür. Əsas axınını qar (46%), yağış (10%) və yeraltı (44%) sular formalaşdırır. Orta illik su axını 10 m3/san, orta illik həcmi 315 milyon m3-dir. İllik axının 40% -i yaz dövründə, 43% -i yayda, 10% -i payızda, 7% -i qış mövsümündə formalaşır.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB