Vətən müharibəsində igidlik və şücaət göstərmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları dövlət başçısının sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar
Dünya hərb tarixində yeni səhifə olan Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalq-iqtidar birliyi kimi amillər şərtləndirir. Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Belə igidlik göstərmiş vətən övladları yüksək adlara, mükafatlara, ehtirama layiqdirdir.
Bildiyimiz kimi, Vətən müharibəsində şücaət göstərən igid oğulların mükafatlandırılması məqsədi ilə Azərbaycan Prezidenti tərəfindən yeni orden və medallar və fəxri adlar "Vətən müharibəsi qəhrəmanı" adı, "Qarabağ" ordeni, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı və s. təsis edildi. Bu, dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına olan diqqətin və qayğının təzahürüdür. Vətən müharibəsində xalqımızın igidlik göstərmiş övladları yüksək adlara, mükafatlara layiq görülmüşlər.
Dövlət başçısının 24 iyun tarixində imzaladığı sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib. Belə ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Həmin sərəncamlarla 11365 nəfər "Füzulinin azad olunmasına görə", 11831 nəfər "Xocavəndin azad olunmasına görə", 3435 nəfər "Zəngilanın azad olunmasına görə", 10211 nəfər "Cəbrayılın azad olunmasına görə", 5867 nəfər "Qubadlının azad olunmasına görə", 5784 nəfər "Şuşanın azad olunmasına görə", 3522 nəfər "Ağdamın azad olunmasına görə", 4225 nəfər "Kəlbəcərin azad olunmasına görə", 731 nəfər "Vətən uğrunda", 616 nəfər "İgidliyə görə", 2893 nəfər "Cəsur döyüşçü", 786 nəfər "Döyüşdə fərqlənməyə görə", 1743 isə "Hərbi xidmətlərə görə" və digər medallarla təltif ediliblər.
Onu da vurğulayaq ki, Prezidentin digər Sərəncamı ilə 2 nəfər "Qarabağ", 28 hərbçi "Azərbaycan Bayrağı", 13 nəfər 3-cü dərəcəli "Rəşadət", 7 nəfər isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunublar. Dövlət başçısının digər Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi də müəyyən edilib. Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirilmək məqsədilə həmin hərbçilərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 (beş) il müddətində Müdafiə Nazirliyi tərəfindən ödəniləcək. Müdafiə və Maliyyə nazirliklərinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlbəttə ki, bu sayda insanın orden və medallara layiq görülməsi, onlara diqqətin artması vətən oğullarının qəhrəmanlığına olan münasibətdir. Ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıq göstərmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları bu ehtiram və diqqətə layiqdirlər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB