“Bu strategiya öz bəhrəsini verib” POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

“Bu strategiya öz bəhrəsini verib” POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

Azərbaycanın strategiyası uzun illər boyu ondan ibarət olub ki, Ermənistan təcrid olunsun. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq xüsusilə vurğulayıb ki, məhz bu strategiya da, yəni Ermənistanın təcrid olunması da öz bəhrəsini verib.

“İllərlə Azərbaycanın Ermənistana qarşı təcrid sanksiyası tətbiq etdiyinə görə bir çox dövlətlər Azərbaycana irad bildirirdilər. Amma tarix və zaman elə gətirdi ki, 2014-cü ildən sonra və Tramp prezident olandan sonra sanksiyalar beynəlxalq münasibətlərin nəinki bir hissəsinə, mən deyərdim ki, aparıcı vasitəsinə çevrildi. Xarici siyasətin həyata keçirilməsi üçün və xarici siyasətdə məqsədlərə çatmaq üçün ən çox istifadə edilən bir vasitə oldu. Azərbaycan da bu sanksiya strategiyasının həyata keçirilməsində bir neçə istiqamətdə uğur qazandı. Birincisi, Ermənistanın iqtisadi inkişafı və iqtisadi göstəriciləri zəifləyib. İkincisi əhali azalıb, hansı ki, bu azalma Ermənistanda rəsmi şəkildə təsdiq olunubdur və qeyri-rəsmi rəqəm daha böyükdür. Bundan əlavə, təcrid olunduğu üçün öz müttəfiqləri ilə, yəni, üzv olduğu beynəlxalq siyasi təhlükəsizlik və iqtisadi birliklərdə öz müttəfiqləri ilə əlaqələri zəiflədi. Əksinə olaraq, məhz Azərbaycanın Ermənistanın müttəfiqləri ilə münasibətlərinin qat-qat üstün olduğu bir reallıqdır. Bax, bu nailiyyətlər oldu.

Qaldı ki, Nikol Paşinyanın seçilməsinə, belə deyək, uğur qazanmasına, birincisi burada Ermənistanın daxili siyasət səbəbləri var. Bu, keçmiş hakimiyyətlərə əhalinin böyük əksəriyyətinin inamsızlığıdır. Elə Paşinyanın seçki kampaniyası da məhz keçmişlərə qarşı ünvanlanmışdı, nəinki gələcəyə baxış formalaşdırırdı. İkincisi, Paşinyanın digər siyasətçilərə nisbətdə xalqa daha yaxın olmasıdır. Xarici siyasət konteksti isə, ondan ibarətdir ki, Paşinyan digərlərindən fərqli olaraq, yəni müharibədən sonra müharibənin nəticələri ilə bir az da olsa hesablaşır.

Əlbəttə, Ermənistanın vəziyyəti açınacaqlıdır, amma yenə də digərlərinə nisbətən Paşinyana daha çox ümid edirlər. Bu da ən çox daxili siyasət motivləri ilə əlaqədardır. Xarici siyasətdə isə, o bəlkə də Petrosyandan sonra yeganə siyasətçidir ki, məcburi də olsa konkret vasitəçilər vasitəsi ilə hərhansısa bir məsələdə Azərbaycanla uzlaşa bilir və sonuncu bu mina xəritələrinin əvəzinə 15 diversantın verilməsi də erməni cəmiyyətinə güclü bir mesaj idi ki, digər siyasətçilərlə nisbətdə məcburi də olsa Paşinyanla Azərbaycan hansısa məsələlərdə uzlaşa bildiyini təsdiqləyir. Bu mesaj əlbəttə ki, erməni cəmiyyətində həlledici olmasa da öz rolunu oynadı”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə