"Şuşa türk dünyasının mədəniyyət mərkəzinə çevrilib" - DEPUTAT ŞƏIRH ETDİ

"Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə dünyaya Azərbaycan-Türkiyə birliyi əbədidir mesaj verdi. Bu birliyi və bərabərliyi heç kim sarsıda bilməz". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu bəyannamənin imzalanmasında Ermənistan tərəfinə də ciddi mesajlar verilib: “Çünki Ermənistan tərəfi dəfələrlə Şuşanın qaytarılması və Şuşaya hücumla bağlı müxtəlif revanşist bəyanatlarla çıxış edib. Artıq bu konkret mövqe ilə Azərbaycan Ermənistana ciddi mesajlar verdi. Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə əlaqələri, münasibətləri yeni bir mərhələyə qədəm qoyacaq. Düşünürəm ki, bu bəyannamədən sonra da digər türk respublikaları da həm Azərbaycanla, həm də qardaş Türkiyə ilə əməkdaşlıq barəsində ciddi şəkildə düşünəcəklər. Bu bir çox ölkə xalqlarının, bütövlükdə türk dünyasının yaxınlaşmasına, birləşməsinə də böyük töhfəsini verəcəkdir".

Ceyhun Məmmədov həmçinin qeyd edib ki, Şuşa bəyannaməsi ilə Şuşa türk dünyasının mədəniyyət mərkəzinə çevrilib: “Bütün dünya Şuşadan, Şuşa gerçəkliyindən danışdı. Eyni zamanda bu bəyannamənin Şuşada imzalanması ilə erməni vəhşiliyinin dünyada təbliğinə, dünya ictimaiyyətinin diqqətinə çatdırmasına nail olduq. Bu bəyannamədən sonra ölkələr arasında əlaqələr daha da inkişaf edəcək, daha da möhkəmlənəcək. Bu gün artıq ordu quruculuğu sahəsində, təhsil sahəsində əməkdaşlıq var. Hesab edirəm ki, digər istiqamətlərdə də ölkələr arasında əlaqələr daha da güclənəcək. Şuşa bəyannaməsi türk birliyinin güclənməsinə, Azərbaycanın hərbi qüdrətinin artmasına, siyasi, diplomatik mövqeyinin güclənməsinə, ermənilərin növbəti illərdə hansısa iddialarla çıxış etməsinin qarşısının alınmasına çox ciddi töhfələr verəcək".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə