“Azərbaycan analoji addımlar ata bilər” MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Azərbaycan uzun illərdir ki, erməni terroru ilə mübarizə aparır. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq ermənilər Azərbaycana qarşı terror aktları keçirməyə başladılar. 1994-cü ilin mart-iyul aylarında Bakı şəhərində metro partlayışlarında da erməni terrorunun izləri aşkar olunmuşdu. Bundan başqa, Vətən müharibəsi zamanı da Ermənistan Ordusu Gəncə, Bərdə, Tərtər şəhərlərini raket atəşinə tutdular, onlarla dinc əhali erməni terrorunun qurbanı oldu. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri terror hadisələri haqqında çox misallar gətirmək olar. Torpaqlarımızın işğalı dövründə Ermənistan hər vəchlə Azərbaycanın Qarabağda yaradılmış separatçı, terrorçu bir qurumu ilə danışıqlara cəlb edilməsi üçün çox fəallıq göstərirdilər. Azərbaycan isə haqlı olaraq heç bir terrorçu, separatçı qurumla danışıq aparmayacağını bildirib.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan hər zaman bütün dünyada terroru, qanunsuz silahlı birləşmələrin fəaliyyətini qınayıb və bununla da mübarizə aparıb.

“Vətən müharibəsi zamanı Azərbaycan Ordusu erməni ordusunu və Qarabağda yerləşən silahlı terror qruplaşmalarını məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində Azərbaycan, Rusiya və Ermənistan dövlətləri tərəfindən üçtərəfli bəyannamə imzalandı. Bəyannamələrin şərtlərinə görə, bölgədə qalan erməni silahlı qüvvələri, hər hansı silahlı qruplaşmalar bölgəni tərk etməli idilər. 10 noyabr 2020-ci il bəyannaməsindən sonra bölgədə Azərbaycan Ordusu və mülki əhaliyə qarşı törədiləcək hər hansı bir silahlı hücum terror aktı kimi qiymətləndiriləcəkdi. Bu barədə cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışında bütün dünyaya müraciət etmişdi. Azərbaycan tərəfi haqlı olaraq bölgədə anti-terror əməliyyatı keçirərək, bütün silahlıları zərərsizləşdirdi və saxladı. Ermənilər hər vəchlə bu hərbçilərin hərbi əsir olduqları barədə bütün dünyaya mesajlar verməyə başladılar, Azərbaycan tərəfi də haqlı olaraq onların terrorçu olduqlarını bəyan etdi və məhkəmə qarşısına çıxardı. Məhkəmə açıq şəkildə keçirildi və dünya mətbuat vasitəsilə bunu izləyə bilər.

Azərbaycan hər zaman bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasının tərəfdarı olduğunu bildirib. Buna sübut olaraq, ermənilərin Ağdam ərazisindəki minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi müqabilində saxlanılan 15 ermənini onlara təhvil verdi. Bununla da Azərbaycan böyük humanistlik göstərmiş oldu. Gələcəkdə də erməni tərəfi xoş niyyətli missiya ilə çıxış edərsə, Azərbaycan dövləti də analoji addımlar ata bilər, bir şərtlə ki, ermənilər revanşist fikir və hərəkətlərindən daşınmış olsunlar”, deyə Kamilə Əliyeva bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...