"Təlim Ermənistan üçün növbəti gözdağı olacaq” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Dünən başlayan “Anadolu-Qartalı 2021” taktiki uçuş təlimləri 4 ölkənin nümayəndələrinin iştirakı və 18 ölkənin müşahidəçi qismində qatılması ilə həyata keçirilir. Türkiyənin Konya şəhərində yerləşən təlim mərkəzi dünyada ən yüksək imkanlara sahib 3 taktiki aviasiya təlim mərkəzindən biridir. Təlimin ilk günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyətləri şərti düşmənin hava məkanına daxil olaraq yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra edirlər". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, təlimlərdə NATO-nun bir ədəd Avaks tipli Y-3A erkən xəbərdarlıq təyyarəsi də iştirak edir: “Təlimlərdə Qətər 4 ədəd “Rafale” döyüş təyyarələri ilə qatılır. Pakistan isə Azərbaycanın da dərindən maraqlandığı “JF Block II” təyyarələri iştirak edir. Azərbaycan bu təlimlərdə həm NATO-ya aid olan "Rafale” qırıcıları ilə, həm ABŞ istehsalı olan "F-16", həm də “JF Block II” təyyarələri ilə daha yaxından tanış olmaq imkanı əldə edir. Bu təlimlər bizim pilotlarımızın döyüş hazırlığının artırılmasına, onların bilik və bacarıq mübadiləsinin reallığa daha yaxın müharibə mühitində həyata keçirilməsinə və qarşılıqlı əlaqədə reallaşdırılan əməliyyatlar üçün təlim səviyyələrini yüksəltməyə imkan verəcək".

Ədalət Verdiyev həmçinin qeyd edib ki, bu təlimlər davamlı olaraq döyüş imkanlarını artırmaq niyyətində olan Azərbaycan Silahlı Qüvvələrinin uçuş heyətləri üçün beynəlxalq praktiki təcrübənin əldə edilməsində də mühüm rol oynayacaq: “Pilotlarımız 21 xarici ölkənin peşəkar mütəxəssisləri qarşısında pilotlarımız üçün tanış olmayan coğrafiyada döyüş imkanlarını nümayiş etdirəcək. Pilotlarımızın döyüş imkanları isə NATO standartlarına uyğun olaraq qiymətləndiriləcək. Bu isə müharibədə məğlubiyyətə məruz qaldıqları halda qırıcılarını havaya qaldırmağa belə cəhd etməyən Ermənistan üçün növbəti gözdağı olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə